SEVGİ
Xocavənddən Xankəndinə açılan yol Tarix : 02 May 2024, 11:10

Bu vatan toprağın kara bağrında
Sıradağlar gibi duranlarındır,
Bir tarih boyunca onun uğrunda
Kendini tarihe verenlerindir.

Tutuşup kül olan ocaklarından,
Şahlanıp köpüren ırmaklarından,
Hudutlarda gaza bayraklarından
Alnına ışıklar vuranlarındır.

Ardına bakmadan yollara düşen,
Şimşek gibi çakan, sel gibi coşan,
Huduttan hududa yol bulup koşan,
Cepheden cepheyi soranlarındır.

İleri atılıp sellercesine
Göğsünden vurulup tam ercesine,
Bir gül bahçesine girercesine
Şu kara toprağa girenlerindir.

Tarihin dilinden düşmez bu destan,
Nehirler gazidir, dağlar kahraman,
Her taşı yakut olan bu vatan
Can verme sırrına erenlerindir.

Gökyay'ım, ne yazsan ziyade değil,
Bu sevgi bir kuru ifade değil,
Sencileyin hasmı rüyada değil,
Topun namlusundan görenlerindir…

 

Qardaş Türkiyəmizin ünlü yazarı Orxan Şaiq Gökyayın bu şeirini oxudum və gerçəkdən şairin sanki Xocavənddə şəhadətə ucalan və igidlikləri ilə dastan yazan kəşfiyyatçı ərənlərimizi vəsf etdiyini düşündüm...

1997-ci ilin 7-10 aprel tarixində Azərbaycan Ordusunun 16 nəfərdən ibarət 2 kəşfiyyat qrupu o dövrdə işğalda olan Xocavənd, Hadrut-Horadiz istiqamətində düşmən arxasına sızaraq döyüş tapşırığını şərəflə yerinə yetirir. Əməliyyatın 3-cü günü qruplardan birincisi itkisiz geri qayıdır. Digər 8 nəfərdən ibarət qrup isə geri qayıdarkən mühasirəyə düşür. Azərbaycan kəşfiy­yatçıları təslim olmaq haqqında düşünmür, qeyri-bərabər döyüşə atılırlar...Aprelin 7-dən 10-dək ağır döyüşdə qrup üzvləri əsl qəhrəmanlıq nümayiş etdirir, güclü müqavimət göstərirlər.

Yaralanmış çavuş Aqil Əhmədovun artıq öldürüldüyü­nü zənn edən digər 7 nəfər döyüş sursatlarının bitdiyini görüb düşmən əlinə keçməmək üçün bir yerə toplaşır,bir-birini qucaqlayaraqözlərini əl qumbarası ilə partladırlar və ən ali məqama ucalır, şəhid olurlar.

Gərgin döyüşləri və cəsarətli, mərdanə ölümləri ilə hər kəsi, hətta erməni komandirləri belə heyrətə salan o ərənlər - qrupun komandiri leytenant Elxan Ataxan oğlu Ağayev, qrup üzvləri - leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, çavuşlar - Anar Üzeyr oğlu Rzayev, Dinar İbrahim oğlu Mustafayev, Fariz Şəmil oğlu Cavadov, Nizami Səfi oğlu Ələkbərov, Aqşin Əli oğlu Həsənov olub.

Kəşfiyyat dəstəsinin komandiri polkovnik Xətai Baxışovun sözlərinə görə, bu qeyri-adi hadisə ermənilərdə şok effekti yaradıb. Bu qəhrəmanlığı öz hərbiçilərinə də nümayiş etdirmək üçün həmin 7 nəfəri Hadrutda şəhid olduqları yerdə təntənəli dəfn ediblər və gənc erməni əsgərlərinin andiçmə mərasimini onların qəbirləri üstündə təşkil ediblər. Tanıtmaq istəyiblər ki, səngərin o biri tərəfindəki Ordu məhz belədir.

Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı XTQ aslanlarının möcüzəvari döyüş taktikasını, mərdliklərini görüb heyrətləndikləri və yaralı erməni əsgərin "Le Monde” qəzetinin müxbirinə etiraf etdiyi kimi... "Mən Şuşada ancaq kölgə görür­düm. Qaranlıqdan gölgələr çıxır, bıçağı boğazımıza çəkir, sonra qaranlığa batır­dılar. Heç nə edə bilmirdik. Lap yaxından güllə atırdıq, bilirdik ki, hədəfə dəyib. Ancaq nə ölən vardı, nə də yıxılan. Elə bil ruhlarla döyüşürdük...

Yeddi mərdimizin də qutsal amal - düşmənə əsir düşməmək, hərbi sirri, kəşfiyyatın məqsədini gizli saxlamaq uğrunda qeyri-adi ölüm taktikası düşməni şaşırtmış, həm də onlarda "Yurdu bunca sevmək, uğruna ölmək də olarmış...” heyrətini doğurmuşdu...

Ulu Öndər Heydər Əliyev bu qəhrəman Vətən övladlarının nəşlərinin düşməndə qalmaması üçün ardıcıl danışıqlar aparıb və gərgin səyləri nəticəsində onları geri alıb. Bu şəhidlərin hər biri Ali Baş Komandan tərəfindən "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib və Bakıdakı II Fəxri Xiyabanda dəfn olunub.

Ulu Öndər ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşmüş qrup üzvü, Ermənistan məhkəmə­si­nin ölüm hökmü çıxardığı çavuş Aqil Əhmədovu da əsirlikdən xilas edir.

Bəli, Xocavənddə yazılmış bu qəhrəmanlıq dastanı Azərbaycan hərbçilərinin Vətənə olan sonsuz bağlılığının və yüksək sədaqətinin, ölümün gözünə dik baxmağın, "Öncə Vətəndir!” səslənişinin içəriyini dərindən dərk edərək əməldə gerçəkləş­dirməyin əyani nümunəsidir.

2024-cü il aprelin 12-də şəhidlik şərbətini içərək şəhadətə ucalan o yeddi əfsanəni dünyaya bəxş edən anaları, doğmaları, o döyüşün yeganə şahidi, həm də elə "canlı şəhid”i olan Aqil Əhmədov, əməliyyatın komandiri, ehtiyatda olan polkovnik Xətai Baxışov, media mənsubları, araşdırmaçı jurnalist, səkkiz kəşfiyyatçının həyat və fəaliyyətindən bəhs edən "Yeddi şəhid, bir şahid” kitabının müəllifi Jalə xanım Cəfərova və digər şəxslər Xocavənd rayonunun Hadrut qəsəbəsində əfsanəvi kəşfiyyatçı­larımızın şəhadətə ucaldıqları yerdə fotoları əks olunmuş lövhənin qarşısına gül dəstələri düzüb, şəhid qəhrəmanların xatirəsini yad edib, duyğularını sözlərə, kəlmələrə çeviriblər...

Hadruta bizi gətirən yol boyu cəsurlar dünyaya gətirib böyütmüş ana və bacıları seyr edirdim... Öncəki gedişləri zamanı bütün yolu ağlayaraq başa vuran bu fədakarlar 12 aprel səfərində nisbətən sakit, rahat idilər. İçlərində təlatümlər burxulsa da, bu təlatümləri zahirlərində hiss etdirmirdilər... Sanki oğullarının, bütün şəhidlərin, əsir torpaqlarımızın qisasının alınması, qələbəmiz onların daim sızılda­yan yaralarına məlhəm olmuş, yanan ürəklərinə su səpmişdi. 

 

Şəhid Dinar Mustafayevin bacısı düşüncələrini dilə gətirir və hər kəsi duyğu­lan­dırır: "Dinar Xocalı faciəsi baş verəndə 9-cu sinifdə oxuyurdu. Evimizin arxasın­da qəbristanlıq var. Dinar qəbristanlığa baxıb deyirdi ki, ora hamı gedəcək, amma mən başqa cür gedəcəm... Onun dediyi kimi oldu, Dinar son mənzilə qəhrəman kimi üz tutdu. Bir bacı kimi qardaşımın şəhid olmasına üzüntü keçirirəm, amma içimdə bir rahatlıq da tapıram ki, bu gün torpaqlarımız azad olunub və mən də azad Hadrutda, Şuşada, Xankəndidəyəm...”

Xocavənddə gedən qeyri-bərabər döyüşün, gücün, iradənin, Vətən sevgisinin oxa dönərək düşmənin bağrını sancılmasına bənzəyən savaşın yeganə şahidi Aqil Həsənov peşəkar hərbçi təmkini ilə dedi:"8 nəfərin güclü düşmənlə bacarması qeyri-mümkün idi və döyüş sursatımız da qurtarırdı... Şəhid olmaqdan başqa yolumuz yox idi. Əgər yaralanıb əsir düşməsəydim, mən də öz döyüşçü qardaş­larımla birlikdə o dairədə şəhid olardım... Qəhrəman döyüşçülərimiz cənab Ali Baş Komandanın rəhbərliyi altında birləşərək qisasımızı aldılar. Doğma yerlər bu gün azaddır və bizlər rahatlıqla doğma torpaqlarımızda gəzə bilir, havasını udur, suyunu içir, könüldolusu rahat nəfəs alırıq... Zəfərimiz əbədi olsun!..”

Şəhid ailələri işləyən bir sıra QHT rəhbərləri də Xocavənd qəhrəmanlarının anım mərasimində ailə üzvlərinin yanında idilər. İki bacısının doğuluşundan 10 il sonra dünyaya gələn və ailəyə oğul övladı sevincini yaşadan 44 günlük Vətən müharibəsinin şəhidi Miqdad Abduləlimovun anası, "Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın söylədik­ləri həm qürur, həm də heyrət doğurucu bir örnək idi. Tünzalə xanım oğlunu məhz Vətən üçün, onu əsir Qarabağ torpaqlarının erməni işğalından azad edənlərin sıra­sında görmək üçün böyütdüyünü və bu işin namus, şərəf işi olduğunu sakit, ləngərli səsi ilə diqqətimizə çatdırdı: "Tanrının əmanəti idi mənə oğlum. Tanrı dərgahına da qovuşdu... Mən o igid oğullarımızla fəxr edirəm! Arzu edirdim ki, bir gün Xankəndiyə gəlim və ermənilərə ucadan səslənim ki, mən buradayam, doğma Xankəndidəyəm!” - sözlərini elə içdən, ürəkdən söylədi ki, içimdən: "Allahım, Azərbaycan qadını, Türk anası tarixi qüruru­nu necə şərəflə qoruyub saxlayıbmış! Tünzalə xanım kimi anaları olan oğullar, əlbəttə, şəhidlik şərbətini içməyi məğlub damğası ilə yaşamaqdan üstün tutacaqdılar və məhz yeni tarix yazacaqdılar!”.

Kiçikyaşlı məktəbli balaların söylə­diyi Vətən, qəhrəmanlıq motivli şeir parçaları hər kəsin qəlbində qürur, iftixar hissləri, eyni zamanda kövrək duyğular yaratdı...

Çox maraqlı, həm də düşündürücü bir məqam isə budur ki, Aprel ayı mistik aydır Azərbaycanımız, xalqımız, ordumuz üçün... Böyük Zəfərimi­zin başlanğıcı, qələbəmizin soraqçısıdır, 2016-cı ilin Aprel döyüşləri...

2023-cü ilin 23 aprel günü 8 noyabr 2020-ci il Zəfəriniməzmunca tamamlayan real tarixə çevrildi... 2023-cü il aprelin 23-də Azərbaycan cəmi bir neçə saat ərzində Laçın rayonunda-Ermənistanla şərti sərhədində öz postunu-sərhəd-buraxılış məntəqəsini qurdu... Bu, ərazi bötövlüyümüzün təmin olunmasının təntənəsi idi.

7-10 Aprel tarixində isə haqqında bəhs etdiyimiz Xocavənd əməliyyatı baş vermişdi...

Xocavənddə şəhadətə ucalan şəhid kəşfiyyatçılarımızı ziyarət etdikdən sonra isə möcüzə şəhər Şuşaya yollandıq, şəninə şeirlər yazılan, mahnılar qoşulan İsa bulağından su içdik... Və... Xankəndiyə üz tutduq... Xankəndidə yaşadığım anların sözlə ifadəsi mümkünsüz... Ürəyim quş tək çırpınır, fərəhdən yuvasına sığmırdı... Zəfərimiz, Qarabağ torpaqlarımız bütünləşdi. Həmişə qəlbimin dərinliklərin­də möhtəşəm qələbəmizi Xocalısız, Ağdərə­siz, Əsgəransız, Qarabağımızı bütöv sana bilmirdim. Bir qanadımın qırıq olduğunu, o gözəlim yerlərin çat verib göynədiyini, öz əzəli-əbədi sahiblərinin intizarını çəkdiyini düşünürdüm. Ancaq nə xoş ki, o qutsal yerlərimizi də 23 saatlıq unikal Antiterror əməliyyatı ilə azğın düşməndən geri aldıq... 28-30 il boyunca erməni qəsbkarlığının alnımıza vurduğu məğlubiyyət damğasını, qara ləkəni o qədər möhtəşəm döyüşlərlə sildi ki! Bu yolda ali məqama ucalan şəhidlərimizin ruhu şad olsun!

İndi Qarabağ Universiteti!!!nin qarşısından keçib mərkəzi meydanda dalğala­nan üçrəngli bayrağımızın altında dayanıb "Qarabağ Azərbaycandır!” şüarı və "Xankəndi” yazılmış, Ali Baş Komandanımızın da izlədiyi Ağdamın "Qarabağ” və Bakının MOİK koman­da­larının qarşılaşdığı futbol meydançasını qürurla seyr edirəm...

 

No description available.

İçimdən elə nidalar boy verirdi ki! Uca Tanrım, kərəminə şükür! Var ol, Xankəndini, Xocalını da öz əzəli sahibinə qovuşduran Cənab Ali Baş Komandan! Min yaşa, öz unikal Şuşa zəfəri ilə dünya hərb sənətində yeni səhifə açan, mümkünsüzü mümkün edən şanlı, şövkətli, müzəffər Ordumuz! Yaşa, əbədi var ol, Qarabağ savaşında yeni tarix yazan mərd Azərbaycan Xalqı!

Yol boyu bahar günəşinin ilıq şüaları altında yaşıllaşan, ağacları çiçək açan, torpağının bağrına erməni cəlladlarının vurduğu yaraları yavaş-yavaş sağalan azad Xocalıdan, Ağdərədən, Əsgərandan, Ağdamdan keçib möhtəşəm qələbəmizin bütün xalqımıza və sakinlərinə yaşatdığı sevinc duyğuları ilə cilvələnən baş şəhərimizə-Bakıya gəlirik.

 

Nə xoş bizlərin halına ki, artıq Şuşadan birbaş Xankəndiyə gələ bilirik... Qarabağdan Rusiyanın sülhməramlı qüvvələrinin təyin olunmuş vaxtdan - beş ildən bir il tez çıxarıldığının şahidi oluruq... Axı, Vətən oğlu, Vətən qızı üçün torpaqlarını azad görməkdən böyük mutluluq ola bilməz...

Bu qutsal səfərdə iştirakım üçün şərait yaradan, azad və bütöv Qarabağı, özəlliklə azadlığına yenicə qovuşan Xankəndini, Xocalı və Əsgəranı görməyimə vəsilə olan Azərbaycan Respublika­sınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və əməyi keçənlərin hər birinə ürəkdən təşəkkür edir, şükranlığımı bildirirəm...

 

Fotonu aç

Və bütün səfər boyu şəhid analarını, hərbiçilərimizin qəhrəmanlıqlarını dinləyərkən o igid oğulların şəhidolma anını təsəvvür edirdim... Həqiqətən də onlar

bir gül baxçasına girərcəsinə bu qara torpağı qucaqladılar. Vətən torpağını əziz­ləyə-əzizləyə üzərində addımladılar, son damla qanlarınadək vuruşdular, uğrunda göz qırpmadan ölümün ağuşuna atıldılar. Ancaq ölümə belə qalib gəldilər, əbədi yaşamaq haqqını qazandılar. Namərd gülləsi ilə vurulan yerdə ucaldılar. Nəsillər bir-birini əvəz edəcək, amma bu qəhrəmanlar sıra dağlar kimi xoşbəxt Qarabağda daim var olacaqlar. Çünki... "Bu Vətən, toprağın qara bağrında sıra dağlar kimi duranlarındır...”

 

 No description available.

 

 

 


 Prof.Dok. Esmira Fuad