Yanardı Xocalıyla qucağında əl boyda cocuğu olmasaydı. Ona baxıb düşünürdü: - Kaş doğulmayaydın.
Yanırdı şəhər. Zarıltı, inilti, nərilti, bağırtı içində tək bircə cocuq susurdu. Ağlamasına əngəl olan səsə təəccüb edib bərəlmiş xırda gözlərini anasına zilləmişdi. Arada mızıldanır, səsini batıran gurultuya qulaq verib, susurdu balaca. Həmişə sakitlik içində ağlayıb min adam yığardı başına. Onlara naz atar, ərköyünlük edib əllərdə yırğalanardı. İndi adamlar onun qucaq beşiyinin yanından dəli kimi ora-bura qaçır, ona heç məhəl qoymurlar. Anası da bir az kobudlaşıb. Onu sinəsinə həmişəkindən daha möhkəm sıxır. Körpə cınqırını çıxarmadı daha. Arabir albalıya oxşar bəbəklərini yan-yörəsinə zilləyib, böyür-başında dəli kimi qaynaşan böyükləri izləyir, mat qalırdı. Böyükləri gözünü açandan güclü bilirdi. Böyüklər güclü və bacarıqlı idilər. İndi niyə belə aciz görünürlər ?!
Yanğının sonu görünmürdü. Alov hər yerdə idi. Yan-yörədə evlər partlayır, adamlar qəfildən göyə sıçrayıb yerə çırpılırdı. Tüstüdən yıxılıb öskürə-öskürə yerdə boğulanların, ürəyi partlayıb yerində qalanların, bir-birini köməyə çağıranların səsi tük ürpədirdi. Bütün səslər birləşib tək haraya çevrilirdi. Səslər birləşib bütöv bir hayqırtı, çığırtı , uğultu yaradırdı. Bu səs şimşək kimi çaxırdı, ildırım kimi nərildəyirdi. Hamının qulağına dolurdu. Ana qulağının pərdəsini deşib beyninə soxulan bu dəqiqə mərmi kimi başını partaladacaq, beynini darmadağın edəcək bu səsə var-gücüylə dözürdü. Tonqal kimi yanan şəhərinin ağrılı səsini eşitmək bütün dərdlərin əslində heç dərd olmadığını bir gecədə öyrətdi ona . Qucağında əl boyda cocuğu olmasaydı bəlkə o da bu səsə qoşulacaq, göyə sıçrayıb yerə çırpılacaq və sonra şəhərlə birgə sakitləşib yox olacaqdı...Ancaq ciyərparasını burdan çıxarmalı idi. Ana dünyanı sevdirmək istədiyi cocuğundan utanırdı..Onun hələ yeni açılan gözlərinə bu dəhşəti yaşatmağa heç kimin haqqı yox idi dünyada. Ana düşünürdü ki, yaşamaq haqqı alan bu yeni canı almağa, həyatına elə bələkdən son qoymağa dünyanın haqqı yoxdur. Ana, dünyaya nifrət eləyirdi...
Şəhərin hər küncündən həyasız kişi gülüşləri eşidilirdi. Düşmən kişilərin gülüşü havaya qarışıb göyə ucalırdı. Küləyə qoşulub yayılırdı. Bu düşmən kişilər qucağında əl boyda cocuğunu qorumağa çalışan gənc anaya, bu ananın tonqal kimi yanan şəhərinə, kağız parçası kimi yanıb külə dönən yaxınlarına-doğmalarına hardansa məzhəkə kimi baxıb gülürdülər.
Sağ qalanlar alovun içi ilə meşəyə sarı qaçmağa başladı. Can itələyirdi onları meşəyə. Bir tərəfdə diri-diri yanan torpaq, o biri tərəfdə diri-diri yanmağa məhkum can. İkisindən birini qorumaq lazım idi. Torpaqdan keşmişdi. Yağış da yağmadı...Təbiət də susdu...
Meşəylə gedib qonşu kəndə çıxıb harasa, kiməsə xəbər verməliydilər. Xəbər vermək. Məmləkətin bir tərəfi yanır, o biri tərəfində sakitlikdi. Həmin o sakitliyə xəbər vermək gərək idi. Ayaq yanırdı, başın xəbəri yox idi.
Yolda itən itdi, haldan düşən yıxıldı, kimi bacardılar yaxasından yapışıb apardılar, kimə gücləri çatmadı yerində qaldı. Haldan düşəni qucağa götürdülər, ölənin gözlərini yumub alnından öpdülər. Birtəhər meşəni başa vurub yola çıxdılar. Fevralın şaxtası didirdi bədənlərini. Ayağı yalın, əyni boş idilər. Meşəni mümkün qədər arxada qoymaq, irəliləmək lazım idi. Dəstədən bir qadın qarşıya baxıb kəkələdi: taa..taa...
Qarşıda düşmən tankı dayanmışdı. Əhatəsində hərbi və adi geyimli yekəpər kişilər vardı. Ana dəhşət içində hələ də bərəlmiş gözlərini ona dikən balasına baxdı. Əli silahlı pəzəvəng yanındakılardan ayrılıb bir-iki addım onlara doğru atdı. Silahı tuşlayıb barmağını tətiyə tutdu. Nə yalvarış, nə qışqırıq, nə hay-küy eşidilmədi. Hamı yerə sərildi. Yerə uzanan ana qollarını yumrulayıb kürəyini azca qabardaraq sinəsində balası üçün daldanacaq düzəltmişdi. Güllə qatarının səsi kəsildi. İnsanlar qan içində hərəkətsiz uzanmışdılar. Pəzəvəng diqqətlə baxıb hamının öldüyünə əmin oldu. Tanka çəkilməyə başladılar. Ölüm sakitliyi çökdü. Tankçıların səsini də batırmışdılar elə bil. Çəkmə tappıltısından başqa heç nə eşıdılmirdi. Sonuncu yekəpər ayağını yerdən götürmək istəyirdi ki, körpə çığırtısı eşidildi. Dərhal yerindən sıçrayıb meyidlərin arasından balasından bərk-bərk yapışan ananı tapıb yuxarı dartdı. Yekəpərin qarşısında dizin qalan qadın körpəsindən var-gücüylə yapışmışdı. Qadının hürkmüş sifətinə dəhşət çökmüşdü. Yekəpər ona bir az baxdı. Sonra laqeyd ifadəylə əlindəki silahı düz körpənin qarnına tutdu. Ananın gözləri hədəqəsindən çıxırdı. Həmən arxaya atıldı. Özünü üzüqoylu yerə yıxdı. Balasını bağrında gizlətdi. Yekəpər silahın lüləyi ilə qadının bədənini tumarlamağa başladı. O biri əlini şalvarına atıb kəmərini dartışdırdı. Tank əhli əylənirdi. Çağırış gəldi. Təcili getmək lazım idi. Yekəpər bu dəfə lüləyi qadının kürəyinə sıxdı. Tank yoldaşları onu tələsdirdilər. Kobud bir dildə bağıra-bağıra nəsə dedilər. O, silahı yana çəkib qadını arxasınca sürüdü. Qadını tanka soxub apardılar.
Əsirlikdən qurtulanı uzun zaman oldu. Ancaq əllərindən yeniyetmə qızları alınıb zorlanan anaların əlacsız çırpınmalarını, yalvarışlarını, dişi canavar kimi ulamalarını eşidir hələ də bu qadın. Qovrularaq zarıldamalarını eşidir. Hələ də qarşısına həmin o tank çıxır. Yenə yekəpər silahın lüləyini onun körpəsinə sıxır. İllərdi Xocalı yanır. Xocalını söndürən yoxdur.
Aysel Əlizadə
qadinkimi.com