Ötən günlərdə xəbər yayıldı ki, DİN rayonlara torpaq yolla getmək istəyənlərin qarşısını almaq üçün xəndək qazıb, karantin qaydasını pozanlara qarşı sərt tədbirlər alıb.
Ardınca xəbər yayıldı ki, bir qrup vətəndaş rayonlara getmək üçün qazılan xəndəkləri gecə ikən doldurmağa çalışıblar.
Vətəndaşla polis arasındakı bu xəndək "savaşı” xalqımızın koronavirusa olan münasibətinin ən bariz göstəricisi idi.
Karantinin ilk günlərində xəndəyin o üzündə olan xalqımız damların başında, meşədə kabab çəkdi, kafelərdə gizli şəkildə xaş yedi, sərt karantin günlərində ağacın başına çıxdı, uzun karantin günlərində 50 nəfəri bir araya yığıb toy da elədi. Sintezatoru ilə birlikdə saxlanılan musiqiçi, toy yiyəsi fotoşəkilləri səhifələri bəzədi.
Eləcə də çənəsində, qolunda, qulağında maska gəzdirənlər, virusa inanmayanlar hər gün sosial şəbəkələrdə gündəm oldu.
Xəndəyin o biri tərəfində olan dövlət rəsmilərinin də çox səhvi oldu. Vətəndaşlar operativ qərargahda təmsil olunanlara əvvəlki fəaliyyətlərinə görə inanmırdılar. ÜST-ün Azərbaycan təmsilçisinin sosial məsafə gözləmədən, maska taxmadan səfalı bölgəmizdən fotoşəkil paylaşması bu inamsızlığı birə yüz artırdı. Vətəndaşa "evdən çıxma” deyən qurumun nümayəndəsi istirahət edirdisə, bu virusa olan "şübhə”ləri onsuz da çoxaldacaqdı.
Təəssüf ki, operativ qərargah bu inamsızlığı aradan qaldırmağın yolunu vətəndaşları danlamaqda gördü. Virusun az yayıldığı günlərdə vətəndaşa təbrik ünvanlamayan qurumun virusun çox yayıldığı vaxtda insanları danlaması ən yanlış addım idi.
Ortada qəribə bir vəziyyət yaranıb. Operativ qərargah vətəndaşı danlayır, DİN danlayır, TƏBİB danlayır. Amma qurumlardan biri də fikirləşmir ki, harada səhv edildi ki, vətəndaş polisin qazdığı xəndəyi doldurub rayona getmək istəyir. Vətəndaş görür ki, maska taxmadığına görə yaxınına polis 50 manat cəza yazır, amma bir qrup vətəndaş karantin dönəmində klip çəkilişi edir. Maşınların, vətəndaşların tək-tək yoxlanıldığı bu günlərdə bir qrup şəxsə klip çəkilişinə icazə verilirsə, başqa vətəndaşlar, əlbəttə ki, virusa inanmayacaqlar.
***
Sosial şəbəkələrdə, demək olar ki, artıq hər kəsin virusa yoluxan bir tanışı var. Həkimlərin reportajlarını oxuduğumuz zaman vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu görürük. Ortada dolaşan səs yazıları, ünvana gəlməyən ambulanslar, test götürməyən xəstəxanalar və s. məsələlər gündəmi zəbt edib. Sanki elə təsəvvür yaranır ki, virusla artıq mübarizə aparılmır, hər kəsin evində özünü qorumaqdan başqa çarəsi yoxdur. Bir neçə gün öncə iki jurnalistin fəryadını hamımız oxuduq.
Dövlət başçısı dəfələrlə məmurların xalqın xidmətçisi olduğunu vurğulasa da, bəzi məmurlar özünü xalqın danlaqçısı kimi aparırlar. Qəribədir ki, prezident və I Vitse-prezident çıxışlarında maarifləndirmə ilə bağlı daha ciddi mesajlar verirlər, amma idarəçilərə baxdığımızda sanki vətəndaşı suçlamaqdan başqa bir iş görməyən bir qurumla qarşı-qarşıyayıq.
Vətəndaş virusa inanmaya bilər. Çünki bu "inanmamaq” məsələsi təkcə bizdə deyil, dünyanın bir çox ölkəsində problemdir, "5 G”, "Bill Qeyts” ilə bağlı internetdə yüzlərlə xəbər var. Bu konspiroloji "məlumatlar”a inanacaq yüzlərlə, minlərlə insanın olması təbiidir. Təbii olmayan idarəçilərin bu bilgiləri çürütməklə bağlı addım atmamasıdır.
Vətəndaş maska taxmaya bilər. Çünki başlanğıcda maska ilə bağlı həkimlər arasında o qədər fərqli fikirlər səsləndi ki, insanlar maskanın vacibliyini biznes məqsdəli olduğuna inandılar.
Vətəndaş savadsız, cahil, məlumatsız və s. ola bilər. Amma idarəçilərin belə bir şansı olmamalıdır. Onlar ona görə vəzifədədirlər ki, əhalinin aqilinə də, cahilinə də kömək etsinlər. Edə bilmirlərsə, xidmətçi ola bilmirlərsə, sadə vətəndaş olmağı seçsinlər, layiqli, bacarıqlı insanlar da həmin vəzifələrə gəlsinlər.
Vətəndaşı suçlamaq, ona qaragüruh demək, o qədər asandır ki. Amma əlini daşın altına qoyub insanlara xidmət etmək olduqca çətindir. Amma şərəflidir.
Dilqəm Əhməd
qadinkimi.com