YAZI / DÜŞÜNCƏ
Xatirə Rəhimbəyli - MƏN ALLAH DEYİLƏM ADAM Tarix : 02 May 2020, 17:36
Yazar : Qadinkimi.com

Danışmağa ehtiyacın olanda, kimsən olmaz ürək qızdırmağa. Göz yaşına düşər ay, ulduzlar tökülər göylərdən... Hər tikən bir dərəyə düşər, toplaya bilməzsən özünü. Bildiyinin hansı tikəndə getdiyini, bilməzsən... Yazıq-yazıq baxarsan yazıq görkəminə. Dünyanın ən böyük dinlərinə belə sığışmaz paralanmış duaların. Sevgisini ayağı altına qoyub "ucalanlarla” eşqini başının altına qoyub rahatlananlar anışdıra bilməz səhralarda təntiyən ömrün uzunluğunu... Sonsuzluğun ən ali vəzifəsi olan öldurməyi öz öhdəsində saxlayanın yaşatmaq mərhəmətinə gözün böyüyər.

 


Mən ALLAH deyiləm, adam, mən ALLAH deyiləm...

 


Hamı özünü haqlı bilir. "Əgər hamı haqlıdırsa, aradakı divarları kim hördü bəs?", - deyəcəksən. Mən də soruşmuşdum ALLAHdan... "Bəndəm",- dedi... Ardını deyə bilmərəm... Mən də verdiyim sözə bəndəm, içdiyim anda bəndəm... Mən peyğəmbər deyiləm, adam, mənə gələn vəyhlərə kimsə inanmaz... Vurnuxur bəşəriyyət qabırğa yalanından bu yana bu suallar arasındakı səhralıqda; Bəlkə Leylilərdi günahkar, bəlkə Məcnunlar? Bəlkə nə Leylilərdi suçlu, nə də Məcnunlar? Bəlkə hər iki tərəf saflığının qurbanıdı?.. Bəlkə elə saf olmaqdı ən böyük günah?.. Bəlkə elə ən böyük səadət ayrılıqlardı?.. Kim bilir? Kim bilir ki düzünü hökmü sirli Tanrıdan özgə? Bəlkə elə ən böyük sevinc ən böyük kədərin içində saxlıdır?

 


Dünyanın ən tərs şapalağıdır "Sən kimsən ki?" sualı, yəni "Get, ey Leyli, get, sən o Leyli deyilsən". Cismi görər gözlər, göz görmə aparatıdı, tovuşu getdimi, mahiyyətini itirər. Ruhun tanıdıqlarıdır əbədi görünən, tanınan... Əslində gözün hər hansı cismi obyekt seçməsi bəhanədi böyük ilahi eşqlərə. Cılızlar hərlənib çıxar bu möhtəşəmliyin içindən, ruhu böyüklər ilişib qalar burada bir ömür boyu... Sevməyi heç vaxt tərgitməmək lazım, sevgisiz nəfəs almamaq lazım...

Bax, sənə məndən danışım; qurumuş bir çiçəyin yaz ömrünə, çirkli bir gölməçənin ağappaq bulud vaxtlarına, kin və qəzəb dolu bir qəlbin körpə gülüşlərinə qədər yüyürür ürəyim. Sevgim unutdurur bütün ittihamları. Eh, mən xatirələrin yazındayam, xəyalların baharında hər zaman. Əlibaltalı zaman cismimi nə qədər budasa da, gözümü qorxuda, ürəyimi əsdirə, sevgimi çaşdıra bilməz. Uşaq ruhum hələ də yelləncəklərə mindirə bilirsə bu qoca təmkinimi, hər dənəsi bir qanun yazan ox kirpiklərin altından boylanan tənələrə pəhsinməz məsum duyğularım... SaplağıTanrının əlində olan bu ürəyi qorumaq üçün icad olunan bu cismim nə qədər köhnəlir köhnəlsin, UCA YARADAN öz sevimli oyuncağının kirlənməsinə, əskilməsinə izn verməz. Tanrının nəfəsiylə dolmuş şardı ürəyim, iynəgözlülərın əlində nə qədər patrlasa da, yenidən dirildi, yenidən havalandı. Amma çıxmadı çevrəsindən, əl götürmədi inadından.

 


Mən ALLAH deyiləm, adam, mən ALLAH deyiləm, poza bilmərəm yazılanı.... Sən ya ALLAHını unutmusan, ya özünü...

 

Olsun, mən sənin yaddaşlı vaxtlarını bilirəm, adam... Bu da bir yazıdı - sənin unutqanlığın... Unutqanlığımı? Bəlkə peşimanlığın, bəlkə məsuliyyət duyğusu altında gizlənməyin? Bunlar təzə fəndlərdi, adam, mən sənin ilkinliyini bilirəm, təzəliyini, saflığını bilirəm . Taleyinin işçi arısı, çiçəklərə "sevirəm" deyə dil tökmə, sən ana arıya bal daşıyansan... Mən sənin kəpənəkliyini bilirəm. Sən bu nağıl baxçaya girə bilməzsən, adam, bu artıq təkadamlıq nağıldı, sən çoxluğun məhkumusan. Mən sənin tənhalığının yazdığı təkadamlıq dastanı bilirəm, adam... Hərdən kəlamlarının üzərinə limon sıxarsan, sevdiklərin çox şirini sevməzlər, mən sənin ən şirinini bilirəm, adam... Hərdən ürəyimə düşürsən,Tanrının bu bu sevimli oyuncağı düşür söz bağçana. İndi bildinmi səni aləmə sevdirən çiçəklərinin nədən bu qədər ətirli olmasının sirrini? Mən o sehirli güllərin kökünü bilirəm, adam. kökünü...

 


Hərdən qulağına xoş gəlməz "yalançının şahidi" inadımın cır arıları... Mən onların vızıltısınin məqsədini bilirəm, adam, bu da onların sevgi nəğmələridir, haqlarıdı, poza bilməzsən bu haqqı... Hər şey gözəldi sonunda. Amma hərdən qol-qanadımı qırır kobudluğun, yüngülləşirəm, içimdəki Tanrının nəfəsiylə dolmuş bu şar ənginliklərə qaldirir məni. Bilirsən, sən oradan çox balaca, amma aydın görünürsən bütün malikanənlə,varidatınla.Yağar duyğularına qırğınlığımın buludu, ətirlənər söz çiçəklərinin ləçəkləri isti damlalarla, ətrafında dolaşar arılar tükənməz iştahlarıyla... Mən bir bulud qədər ağıram, adam, bir lələk qədər yüngül...

 


Səndə daha nə qaldı, adam, nədən baxmadım sənə, haralardən boylanmadım? Həə, unutmuşdum az qala...Bir sorğu apar,gör payladığın ürəyinin hansı parçasında gedib şəklim. Mən uzaqgörənəm, adam, bircə mənim gənclik şəklimi gözlərindən hara saldığını bilmirəm...Doğrudan,sən onu necə çəkmişdin .... ürəyimin cibindən?!
 

Xatirə Rəhimbəyli
qadinkimi.com