QADIN / KİŞİ
Xanımlara qarşı ədalətsiz olmuşam, keçsinlər günahımdan… Tarix : 05 Oktyabr 2022, 15:45
Qadınlarımız möhtəşəmdilər! Allaha and olsun, bunu bütün səmimiyyətimlə deyirəm.

Son vaxtlar fikir verirəm, nə qədər işgüzar, zəhmətkeş, savadlı, mədəni qadınlarımız var. Elə adicə dostluğumda olan xanımlar buna ən gözəl nümunədir.

Baxıram, cavan-cavan qızlardı, hamısı hardasa işləyir, təhsil alır, özünü inkişaf elətdirir. Çox enerjilidilər, heç deyinmirlər, şikayətlənmirlər.

Təəssüf ki, kişilərdə belə deyil. Cavan-cavan oğlanlar işsizlikdən, pulsuzluqdan gileynlənməkdən başqa heç nə etmirlər. Ancaq və ancaq şikayətlənirlər, deyinirlər.

Dostluğumda neçə xanım görürəm, xüsusən də gənc qızlar, öz işlərini qururlar, bizneslərini, ya kiçik nəsə bir iş. Və bütün fikirləri ancaq və ancaq inkişaf etməkdir. 

Günboyu iş başında gördüyüm xanımlara fikir verirəm. Hamısı gülərüz, ümidli, inamlı. Həmçinin avtobusda, metroda, yolda işdən, ya dərsdən qayıdan xanımları görürəm. Yenə eyni gümrahlıqda, yenə eyni əhvalda.

Başa düşürsən ki, bu qadınlar evlərini də həmin enerjidən, həmin təbəssümdən məhrum etmirlər, axşam evə qayıdanda da tonla iş görürlər.

Bu şeylərə niyəsə son vaxtlarda fikir verməyə başlamışam və indiyə kimi xanımlara qarşı ədalətsiz mövqedə olduğumu anlamışam. Keçsin xanımlar günahımdan. 

Şəxsən, mən, qürür duyuram belə qadınları görəndə! 

Və inanıram ki, bu qadınların hesabına çox qısa müddətdə əla bir cəmiyyətə qovuşacağıq.
 
Ulucay Akif
qadinkimi.com