8 iyun 2018-ci il tarixində Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Tağı Tağıyevin 95 illik yubileyinə həsr edilmiş fərdi sərgisi keçiriləcək. Sərgidə görkəmli fırça ustasının Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından "İmtahandan qabaq", “Çıxışdan öncə", "Pəncərə", "Qarlı yollar", "Əsmər qız", "Bakı kontrastları" , "Şəhər kənarı" , "Dəniz kənarı park", “Günorta”, “Nağıl” kimi 60-a yaxın rəngkarlıq və qrafika əsərləri nümayiş olunacaq. Tağı Tağıyev 1931-1935-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1940-1941-ci illərdə Moskva Rəssamlıq İnstitutunda təhsil alıb. Portret ustası kimi tanınan rəssam “Qara Qarayev”, “Səttar Bəhlulzadə”, “Bəhruz Kəngərli”, “Kamil Xanlarov” və “Soltan Məhəmməd” kimi tabloların müəllifidir. T.Tağıyevin əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Gürcüstanın və bir çox ölkələrin muzey və qalereyalarında, o cümlədən şəxsi kolleksiyalarda saxlanılır. Hər birinizi saat 17:00- da Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən sərgini izləməyə dəvət edirik. Sərgi 12 iyun 2018-ci il tarixinə qədər davam edəcək.