
" 59 rəqəminin Hüseyn Cavidin həyatı ilə bir bağlılığı var elə bil. Sürgündə kamerasının nömrəsi 59 olub. 59 yaşında dünyasını dəyişib. İrkutsk vilayətinin Şevçenko kəndində dəfn olunduğu qəbir də 59 nömrəli idi. Hüseyn Cavidin qəbri Azərbaycana gətiriləndə Turan Cavidin 59 yaşı vardı. Mistikadı elə bil. Mən də bu tədbiri ötən il, yəni 59 yaşında keçirmək istəyirdim ”... Təxminən belə başladı Hüseyn Cavidin xatirəsinə həsr olunan "Yalnız mədəniyyət” adlı musiqili-bədii proqramı Opera studiyasında.
Bir-neçə il öncə Hüseyn Cavid xatirəsinə bir tədbir keçirmək istədiyini eşitmişdim özündən. "Belə bir arzum var idi, amma nəsə arzu olaraq qalırdı. Bu musiqili tamaşanın ideyası isə Cavid əfəndi nəslinin nümayəndəsi Gülsüm xanım Eldarovadan gəldi. Gülsüm xanım Cavid əfəndinin "Sevinmə, gülmə, quzum, kimsənin fəlakətinə, Bu hal, əvət, eyi bir şey deyil, sevinmə saqın” misraları ilə başlayan "Sevinmə, gülmə, quzum”şeirinə yazdığı mahnını ifa etmək mənə təqdim edərkən belə bir tədbir keçirmək və mahnının da ilk dəfə orda səslənmə istəyini bildirdi. Bu ideya arzumla üst-üstə düşdü. Nəhayət ki, bu musiqili tamaşa baş tutdu”. Bunları "Yalnız mədəniyyət” adlı musiqili tamaşadan sonra söhbətimizdə dedi Eyyub Yaqubov. Özü də tamaşada Hüseyn Cavid rolunda idi. Müşkinaz xanım, Turan Cavid, ümumiyyətlə tamaşanın əsas aparıcısı sevimlimiz Mehriban Zəki və istedadı ilə, səs tembri ilə diqqətçəkən Elşən Əsgərov idi.
Gözəl bir musiqili bədii tamaşaydı. Vaqif Əsədovun ifaları da xüsusi rəng qatmışdı musiqili tamaşaya. Təranə Yusifovanın rəhbərlik etdiyi BMM C, Cahangirov adına xor kollektivinin çıxışları da heyranediciydi. Hər bir iştirakçı istedadlıydı. Repressiya qurbanları, "Cavidin əleyhinə sağ əlim nəsə yazsa, sol əlimlə, sol əlim yazsa, sağ əlimlə baltalaram” deyən Müşfiqin güllələnməsi kimi tarixi hadisələr kiçik vaxt kəsimində tamaşaçıya ustalıqla çatdırıldı. Tamaşanın bədii yükdaşıyıcısı Lalə xanım Əliyeva, rejissoru fərqli işləri ilə seçilən Əbdülqəni idi. Məqsədim təkcə tamaşa konserti tərifləmək deyil. İki günlük (29 və 30 aprel) göstəriyə baxmaq istəyənlər çox idi. Yəni işin gözəlliyi gözqabağındadır.
Məqsədim başqadı. Eyyub Yaqubovu səmimi, dost münasibətimiz var. Sözlərimə
yazılan 3 mahnı ifa edib. "Bakı haqqında nağıl”ı misra-misra təhlil edir.
"Yağış” ən çox sevilən mahnılarındandır. Elçin İmanovun "Mehriban Bakım”mahnısı
da dinləyicilərin rəğbətini qazanıb. Şeirlərimə xüsusi münasibəti var. Poeziyanı sevir, həssaslıqla yanaşır, oxuyur,
mütaliəlidir.
Eyyub Yaqubov
Xalq artistidir. Konsertləri anşlaqla keçir. Toylara dəvəti də az deyil. Çox ölkələrdə
tanınır, dəvətlər alır. Bu haqda danışmaz heç vaxt. Qazancı da yetərincədir.
Sirr deyil bu da. Cavanlar onu "məktəb” adlandırır. Və s. və ilaxır. Heç vaxt
öyünməz, geyim-filan haqda danışmaz, sadə davranışı, geyim tərzi var. Çox təbiidir.
Reklama ehtiyacı yoxdu. TV-lərə çox xahişdən sonra gedər. Mənasız çıxışları ilə zəhlə tökməz, çox zaman
şeir oxuyar, gündəmdə qalmaq üçün yersiz müsahibələr verməz, danışmaz. Adam zatən
gündəmdi. Müsahibələri, haqqında yazılar-filan da yox kimidir.
Onu fərqləndirən çox xüsusiyyətləri var. Məqsədim onu tərifləmək deyilmi? Odur.Amma bütün bu sadaladıqlarıma görə yox, ədəbiyyata
olan münasibətinə görə. Hansı xalq artisi olan müğənnimiz Hüseyn Cavidin, ya
Mikayıl Müşfiqin, ya bir başqasının şeirlərini oxuyub görən? Bəziləri nə
oxuduğunun fərqində deyil, sözün dəyərini bilmir xalq artisti olsa belə.
Bir də görürsən, Xalq artisti Hüseyn Cavidin xatirəsinə tamaşa-konsert düzənləyir.
Xalq artisti sözə dəyər verir. Xalq artisti ədəbiyyatı təbliğ edir, qoruyur.
Repressiya qurbanlarını yada salır, Turan ideyasını yaşadır. Xalq artisti vətəndaş
olmağı nümayiş elətdirir. Bahalı qol saatını, boynundakı zənciri yox. Mən
tamaşaya baxa-baxa bunları düşünürdüm. Sənət
adamı öz sənətinə arxayın olanda, yəni istedadlıdırsa, onun əlavə düşük geyimə,
hərəkətə ehtiyacı olmur gündəmdə olmaq üçün. Və bir ifaçı, həm də xalq
artistidirsə, musiqimizi qoruyar, ədəbiyyata xidmət edə bilər. Sözün qüdrətini
çatdırar xalqa. Təhqirlərə, tənqidlərə səbəb olan şit-şit hərəkətləri, geyimi, verilişlərdə
yersiz, əttökən gülüşləri, nəsihətverici çıxışları ilə bezdirməz. Xalqın musiqi
zövqünü, əslində beynini mənasız mahnılarla doldurmaz. Sadəcə sənətlə məşğul
olar. Tamaşaçının, onu sevənlərin düşüncəsinə təsir edən sənətlə gündəmdə
qalmağa can atar.
Məncə, ifaçı, həm də Xalq artistidirsə, adın məsuliyyətini daşımalıdır-xalqın mənəvi
sağlamlığını düşünməlidir. Axı bu, fəxri addır, xalq da fəxr etməli, söyməməlidir.
Kamalə Abiyeva
Qadinkimi.com