Müsahibimiz Xaçmazda yaşayan velo-bərbər Leyla xanımdı
"Qadın şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər” - M.D. Servantes
Müsahibim Leyla isə sınmayıb, əksinə çox güclüdür. Öz ayaqları üstündə dayanır, heç kimdən asılı deyil. Heç o barədə düşünmür də. Düşündüyü yalnız işində uğur qazanmaq, övladlarına təhsil, tərbiyə verməkdir.
Leyla xanım, zəhmət olmasa özünüz haqqında oxucularımıza məlumat verin.
32 yaşım var Xaçmaz rayonunda yaşayıram. Üç öğul övladım var, gözəllik salonunda çalışmışam. Ayrılmışam (gülür).
Daha sonra gülüş Leylanın üzündə sönub qalır, gözlərini boşluğa zilləyir, danışmaq istəmir. Heç nə soruşmuram, yalnız parkdakı insanların səsləri gəlir. Leyla köks ötürərək davam edir:
Hər şeyi danışım ki, oxucular səhv anlamasın. Həyat yoldaşım nitq və eşitmə əngəllidi. Bir neçə ay hər şey yolunda getdi. Sonra içkiyə qurşandı. İçib məni döyürdü. Əlinə nə keçirdisə, evin divarlarına, pəncərələrinə vururdu. Mən ata evimizə getdim. Qardaşım və anam məni yenidən yoldaşımın yanına göndərirdilər. "Hər ailədə belə söz-söhbətlər olur” deyirdilər. Amma mənim yaşadıqlarım hər ailədə olmur. Bir neçə il belə davam elədim. Bir dəfə uşaqların gözü qarşısında əlindəki stəkanı mənə atdı, stəkan burnumu sındırdı. Bu artıq səbrimin son damlası oldu. Uşaqlarım şiddət, qorxu içində yaşa bilməzdilər. Bu dəfə nə anam, nə qardaşım məni saxlaya bildi. Boşanmağa qərar verdim.
Leyla və həyat yoldaşı rəsmən ayrılasalar da, məhkəmə qərarına əsasən tərəflərin eyni evdə ayrı otaqlarda yaşamaq hüququ var.
Eyni evdə yaşayırsız, keçmiş həyat yoldaşınızı hər gün görürsüz. Onun reaksiyası, davranışı necədir sizə qarşı?
Qadın üçün bundan ağır hiss ola bilməz. Mənimlə işi yoxdur, şikayət edəcəyimi bilir. Mən hüquqlarımı bilirəm. Amma evdə olmayanda uşaqlarımın üstünə qışqırır. Görürdüm ki, işləməsəm, evdə otursam xoşagəlməz hadisələr baş verər. Uşaqlarım demək olar ki, həmyaşıddırlar. Onları uşaq baxçasına aparırdım, daha sonra müxtəlif gözəllik salonlarında çalışan xanımların yanına peşə öyrənməyə gedirdim. Bir müddətdən sonra Xaçmaz rayonunda gözəllik salonlarından birində işə başladım, amma işdən tez-tez icazə aldığıma görə mənimlə işləmək istəmədilər. İşdən ayrılandan sonra velosiped aldım. O velosipeddən sonra şans üzümə güldü. Dedim yox, mən tənbəl deyiləm, aciz deyiləm. Velosipedimlə uşaqları məktəbə, baxçaya aparırdım. Daha sonra isə gözəllik salonunda işlədiyim zamanlar müştərim olan xanımlara bir-bir zəng edib onları evdə gözəlləşdirə biləcəyimi bildirdim. Rayonun müxtəlif yerlərinə, kəndbəkənd gedib xanımlara kosmetik qulluq edirəm. Beləliklə də velo-bərbər oldum.
Leyla xanım Xaçmaz rayonunda yeganə xanım velosiped sürən sizsiz. Əks cinsin nümayəndləri necə reaksiya verir?
Ən yaralı yerimə toxunduz. Əsasən qulaqcıqdan istifadə edirəm ki, dediklərini eşitməyim. Həm də artıq gözləri öyrəşib (gülür). Bəzən avtomobillə keçən "kişi” sürücü siqnal verir, məni yolda çaşdırır, arsız kimi hırıldayıb "qorxdun?” soruşur. Heç yadımdan çıxmaz. Bir dəfə yolda velosipedlə yıxıldım, bu hadisə kişilərin gözü qarşısında baş verdi, heç kim mənə kömək eləmədi.
Niyə?
Qorxdular. Düşündülər ki, kömək eləsələr, kimsə görüb yaxınlarına və ya yoldaşına "sənin yoldaşın bir xanıma kömək edirdi” və ya "həyat yoldaşını filan xanımın yanında gördüm” deyər. Söz-söhbətə görə kömək eləmədilər. O hadisədən sonra bir daha özümə dedim ki, sınmağa, yıxılmağa, ağlamağa haqqın yoxdur.
Son olaraq fikirlərinizi oxucularımızla paylaşardız.
Xanımlara üzümü tutub demək istəyirəm ki, heç nədən qorxmayın, çətinməyin. Siz güclüsüz, mübarizə aparın, inanın, qalib siz olacaqsız. Kişilərə isə demək istəyirəm ki, xanımlara, insanlara kömək etməkdən utanmayın!
Hazırladı: Əvəz Qubatov
Foto: Murad Nurəliyev
Qadinkimi.com