"Yoluxuculuğu çox sürətli olan virusların öldürücülük qabiliyyəti adətən az olur" .
Bunu həkim-nevroloq Qalib Əsədov koronavirusun yeni ştammının yayılması ilə bağlı deyib.
Onun sözlərinə görə, viruslar orqanizmdə yaşamaq istəyir: "Bundan əvvəlki koronavirus növləri olan SARS və MERS bütün dünyaya yayılmadı, çünki öldürücülük qabiliyyəti yüksək idi. Birində 10, digərində 40 faiz idi. COVID-19-un bütün dünyaya pandemiya şəklində yayılmasının səbəbi öldürücülük qabiliyyətinin aşağı olmasıdır. Bu, 2,5 faiz təşkil edir. Əgər yeni virusun mutasiyası sürətlə yayılırsa, öldürücülük qabiliyyəti azdır”.
Q.Əsədov bildirib ki, koronavirus ailələrinə daxil olan viruslara qarşı dayanıqlı, ömürlük immunitet yaranmır.
"İyulda COVID-ə yoluxan şəxs yenidən infeksiyaya yoluxur. Belə faktlar çoxdur. Beləliklə, 5-6 aydan sonra qanda yaranan antitellər məhv olur. Vaksin tətbiq olunsa belə, gərək 6 aydan bir vurulsun, çünki dayanıqlı immunitet formalaşmır. Koronaviruslar tez-tez mutasiya olunur. Bunun üçün vaksinin genomunda dəyişiklik etmək lazımdır. Koronavirusa təsir edib, antitel yaradan vaksin digərinə təsir etməyə bilər”.
Həkimin sözlərinə görə, vaksinasiyadan daha çox insanların daxilində immunitetin yaranması faydalı və məqsədəuyğundur. "Bunun da bir yolu var ki, sərt karantin rejimi götürülsün. Belarusda və İsveçrədə bundan istifadə etdilər və həmin ölkələrdə artıq kollektiv immunitet yaranıb. Hazırda orada ölüm və xəstələnmə sayı bizdən qat-qat aşağıdır, çünki insanlarda kollektiv immunitet yaranıb. Çində qapanma rejimi 1-2 ay davam etdi, hazırda orada normal həyat davam edir. Sərt karantin rejimi virusla mübarizədə o qədər də effektiv deyil”.
Q.Əsədov, həmçinin qeyd edib ki, virusla mübarizədə həyəcan keçirmək lazım deyil. "Əgər yoluxuculuq çoxdursa, hər yanda virus yayılacaq. Təbiəti öz axarına buraxmaq və ölkəni müvafiq dərmanlarla təmin etmək lazımdır. Əgər insanların dərmanlara əl çatanlığı olarsa, koronavirusla bağlı ölkədə vəziyyət yaxşı olar. Azərbaycanda koronavirusdan ölüm faizi 1-dir. Amma ölkədə xərçəng, infarkt və digər ağır xəstəliklərdən ölüm faizi qat-qat çoxdur. İnsanları panikaya salan xəstələnərsə dərmanları haradan, necə almaqlarıdır. Xəstəxanalara müraciətlərin sayının çox olması bununla bağlıdır”.
Aytən Zəhra
qadinkimi.com