KİŞİ KİMİ
Vəzifənin də, ölümün də gözəlini seçən mayor Kamran Fərəcov Tarix : 03 İyun 2021, 13:57

Kamran gözəlliyi sevib. Gözəllik axtarıb, olduğu hər yerdə gözəllik yaradıb.

Fərəcov Kamran Qılman oğlu 1978-ci il yanvarın 14-də Astaranın Səncərədə kəndində dünyaya gəlib. 1984-1995 - ci illərdə Astaradakı 2 nömrəli məktəbdə təhsil alıb. Savadı, məsuliyyəti, davranışı ilə fərqlənib.

1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktiki Tank Qoşunları komandiri fakültəsinə daxil olur. 1999-cu ildə leytenant kimi məzun olan Fərəcov Bakıda taqım komandiri kimi xidmətə başlayır. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində xidmət edir. Hərbçi həyatıdı bu.

Peşənin də, vəzifənin də gözəlini seçmişdi...

 

No description available.

 

 


"Onu tələbəlik illərindən tanıyıram. Mən 1998-ci ildə, Kamran 1999-cu ildə təhsilini başa vurub. Eyni hissədə Pereküşküldə leytenant kimi hərbi xidmət etmişik. Hərbçiyik, əmrə tabeyik. Sonra başqa-başqa hissələrdə qulluq etmişik. Amma ailəvi dostluğumuz olub. Çox doğmaydı Kamran. Çox savadlı, peşəkar idi, çox. Cəsur idi. Əsgərlərinə dost, qardaş, ata kimi davranırdı.Səhhətiylə bağlı ehtiyata buraxılmışdı. Döyüşə könüllü qatıldı. Kamran kimi vətənpərvər oğul, zabit üçün, hər namuslu vətəndaş üçün vətən yolunda şəhid olmaq şərəfdi”- polkovnik Kazımov Rəşad tələbəlik dostundan fəxrlə danışdı.

İkinci Vətən savaşının şəhididir mayor Kamran Fərəcov. Bacarıqlı hərbçilərimizdəndi. Bütün döyüşçülər, tanıyan hərbçilər onun ən savadlı hərbçilərdən olduğunu xüsusi vurğulayır. Bütün silahların bilicisi idi.

Şəhidlər haqqında məlumatları oxuyanda bir cümlə diqqətimi çəkir həmişə ”Vəzifə borcunu yerinə yetirərkən”...
Hər birimiz üçün vətən azadlığı borc olsa da, hərbçilər bir başqadır.

Ömrünü hərbiyə bağlayanlar təkcə hərbçi adını daşımır, onlar həm də Vətən uğrunda "Şəhid” olmaq vəzifəsini daşıyırlar.

 No description available.

 

O da belə idi: Azərbaycan Ordusunun mayoru Kamran Qılman oğlu Fərəcov.

2018-ci ildə aldığı "Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalına qürurla baxardı: Hələ nələr edəcəyik - deyərdi. Etdi də. "Vətən uğrunda” ”Cəbrayılın azad olunmasına görə ”, ” Qubadlının azad olunmasına görə” medallarına layiq görüldü. Kapitan kimi savaşa qatıldı, igidliyinə görə mayor rütbəsi aldı, qərargah rəisi təyin edildi.

Şəhidlərlə bağlı yazılar yazanda qazilərlə, şəhidlərin döyüş yoldaşları ilə söhbətləşməli oluram. Bəziləri sakit danışa bilmir, bəziləri o günlərin ağırlığından qurtula bilmir, bəziləri susur hələ də. Bir şey aydındı: döyüşlər ağır olub. 44 gün əslində böyük zaman deyil müharibəyə alışmaq, onun ağrılarını yaşaya bilmək üçün. Xüsusən də həqiqi xidmətdə olan gənclər üçün. Və komandir məsuliyyəti, bacarığı qələbəyə aparan başlıca amildi.

Mayor Fərəcov bunu bacarırdı.

Əskərləri deyir ki, qorxmazlığı heyranediciydi. Özü canavar kimi idi, amma hər an döyüşlərdə bizə: "Canavarlarım, bütün torpaqlarımızı azad edəcəyik. Qarabağı azad edəcəyik”!-deyirdi.

Sentyabrın 20-dən könüllü təlimlərə qatılır, gəncləri döyüşə hazırlayıb.
Onu dayaq bilir, inanır, ondan güc alır, güvənirdilər.

Kəşfiyyatçı zabit kapitan Məmmədov Camaləddin həm də Birinci Qarabağ savaşının iştirakçısıdır. 1992-ci ildən 2001-ci ilə qədər hərbi xidmətdə olub. Döyüş təcrübəsi olan zabitlərdəndir: Onunla birlikdə olmuşam bütün təlim hazırlıqlarında. Şəxsi heyəti hazırlamalıydıq döyüşlərə. Çox peşəkar zabit idi. Döyüşlərə birlikdə başladıq. Səhhətində problem olduğunu da gizlədirdi. O şəraitdə əziyyət çəkirdi, amma heç əsgərləri bilmədi. İlk günlər cavan əsgərlər üçün bir az çətin olur. "Canavarlarım, igidlərim”-deyə önlərində gedirdi. O qədər inam yaradırdı. Bu vacibdi, çünki əsgərlər bizə baxır. Səsimizdə azca həyəcan hiss etsələr, onlar lap çox həyəcanlanar, qorxarlar. Mərd idi. O günlərdə onu qərərgah rəisi vəzifəsinə dəvət etdilər. Başqa tabora keçdi. Əlaqə saxlayırdıq. Qarış-qarış azad edirdik torpaqları. Qubadlı uğruna savaşımız da asan olmadı. Kamran da şəhid oldu. Hədsiz sarsıldım. Amma hər birimiz buna hazır idik. Qələbə qazandıq. Torpaqlarımızı azad etdik. Xalq, Ordu Baş Komandanın ətrafında elə birləşmişdi ki! – hal-hazırda Masallı şəhər 6 nömrəli tam orta məktəbdə "Çağırışaqədərki hazırlıq” fənnini tədris edən kəşfiyyatçı zabitimizin səsində əzmkarlıq vardı.

"Övladı haqqında keçmiş zamanda danışmaq ana üçün çox çətindi. General olmaq arzusundaydı Kamranım. Babası Əshab Fərəcov Böyük Vətən müharibəsinin iştirakçısı idi. Ömrü boyu ürəyində güllə gəzdirdi. Onun əsgər yoldaşlarıyla bağlı xatirələrlə dolu nağıllarıyla böyüdü Kamranım. Vətənsevdalı böyüdü. Uşaqlıqdan hərbini seçdi. Mərd idi, hamının hörmətini qazanmışdı - həzin-həzin danışdı oğlu haqda anası Rəviyyə xanım...

Ruslan Əliyev onunla bir sinifdə oxuyub, dost olublar.Yoxluğuna alışa bilmir. Arada onunla söhbətləşir: "Deyirdin yığışaq, alınmırdı. Neçə gündü yığışırıq, sən bizi yığırsan bir yerə. Hamı xoşbəxtlik axtarır ömrü boyu. Bilirsən nə oldu? Anladıq. Səninlə bir yerdə oxumağıımız, nə vaxtsa yan-yana dayanmağımızdı xoşbəxtlik-bunu anladıq Şəhidim”.

21 oktyabr Qubadlı uğrunda gedən döyüşlərdə şəhid oldu.

Düşmən snayperləri zabitləri nişan alırdı. Bütün döyüşlərdə əsgərlərin önündə gedən zabitlərdən idi Kamran.

Mayor 2011-ci ildə ehtiyata buraxılanda səhhətində problemlər vardı.

"2004-cü ildə ailə qurduq. Bütün hərbi həyatını günəgün yaşamışam. Ağdamda, Gəncədə, Goranboyda... Elə bil mən də hərbçi idim. Qızlarımız olanda evliliyimizdən 10 ildən çox keçmişdi. O qədər gözəl ata idi ki. Ataların da ən gözəli idi Kamran. Hərbçi dostları ilə əlaqəsi vardı həmişə. Müharibə gözlənilirdi. Kamran da "Gedəcəyəm" dedi. İki qızın var, bronxların xəstədi, ikinci qrup əlilliyin var, getməyə bilərsən.” – dedim. Çox həyacanlandı: Bunu bir də demə. Məni sındırarsan. Hərbçi dostlarım orda, gənclər...İşğalda torpaqlarımız var. Vətən müharibəsidi bu. Özümü bağışlamaram heç vaxt, bu yüklə yaşaya bilmərəm. Heç nə deyə bilmədim daha. İndi deyirəm sizə. "Şəhid olsam da eybi yox, Şəhidlik də gözəldi” – dedi sonda. Ləyaqətlə, kişi kimi yaşadı. Gözəl yaşadı, gözəl öldü... Vətən üçün - özü istədiyi kimi... Ölümün də gözəlini seçdi...- Mayorun xanımı Nuranə müəlliməyə qulaq asdıqca "necə qadınlarımız var” düşünürəm: sadiq, sevgi dolu, mərd, vətəni sevən. Arada kövrəlib ağlasa da, qırıq-qırıq danışsa da Kamran kimi bir igidin, şəxsiyyətin xanımı olduğu üçün qürur duyduğunu anlayıram.
Ağlamaq əlində deyil, bilirəm. Ağlayıb-sızlayan qadın deyil, əminəm. Əkiz qızları Dəniz və Şəmsi şəxsiyyət kimi, Kamranın adına layiq böyüdəcək anadır, inanıram. Özü də Vətən yolunda canından keçməyə hazır olan xanımın-vətəndaşın məğrurca duruşunu görürəm.

Hər birimiz qürur duyuruq Kamranla, Nail, Sədi, Elçin, Sadiqlə..Vətən olanlarla. Bizə məğrur duruşu qaytaranlarla.

Tez-tez yuxularına gəlir Nuranə xanımın: Ağlamayın. Mən ölməmişəm. Mən sağam axı – deyir.

Şəhidlər ölməz ki...

 

 

No description available.

 


 


 

Kamalə Abiyeva

qadinkimi.az