Vətəndaş şikayəti: Cənab prezident, evimizi dağıdırlar, təhdid edirlər, əl çəkmirlər! Tarix : 27 İyul 2020, 14:42
Bir qadının redaksiyamıza daxil olan, ölkə başçısına müraciət olaraq ünvanlanmış şikayətini olduğu kimi təqdim edirik. İsmayılova Zülfiyyə xanımın ailəsinin başına gələnlər...


Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Gördüyünüz işlərə kölgə salan icra başçılarının korrupsiyaya görə tutulduğu bir dövrdə ailəmizin başına gətirilən faciədə günahı olan şəxslərin də barəsində tədbir görməyinizi Sizdən xahiş edirik.
 
2007-ci ildə azyaşlı övladlarım Abdulla və Fatimə ilə birgə yaşamaq üçün Bakı şəhərinə gəlmişik. Bir müddət kirayələrdə yaşadıqdan sonra Sulutəpə qəsəbəsində 2700 manat ödəniş edərək Rəşad adlı şəxsdən 5 sot torpaq sahəsini almışıq. Orada 5.40*3.60 ölçüdə "finski” ev deyilən bir otaqlı vaqon tipli evi qurmuşuq.

2015-ci ilədək orada yaşadıq. Daha sonra bir otaqlı ev tikmək üçün işlər apardığımız zaman özünü icra nümayəndəsi kimi təqdim edən Mirpaşa adlı şəxs gələrək ev tikməyimizə icazə olmadığını dedi. Bunu qanunsuz olması ilə izah etdi. Amma əlavə ödəniş etsək, fundamentin tökülməsinə və evin tikilməsinə razılıq verildi. İmkanımız olmadığı üçün qırıq mişar daşları ilə bir otaqlı evi tikə bildik. Oğlum üzv olduğu Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının idmançısı kimi nailiyyətlər qazanırdı. Fərdi məşqlər keçirdi. Onun qazancı ilə yaşayırdıq.
Evimizin qanunsuz olması və tikintinin sökülməsinə dair 27 may 2020-ci il tarixinədək yaşadığımız yerə (yaşamaq demək olarsa) heç bir sənəd və ya xəbərdarlıq gəlməyib.

Günlərin biri ailə üzvlərimin evdə olmalarına baxmayaraq xəbərdarlıq edilmədən, eyni zamanda, məhkəmənin qərarı olmadan qəfildən evimi sökməyə başladılar. Evdə ailəlikcə oturmuşduq. Güclü səs gəldi, ev silkələndi. Əvvəlcə hasar uçdu. 2016-cı ildən otağın birində yaşayırıq, qaz, işıq su pulu ödəyirəm, evim hasarın içində, güclə ikinci otağı tikdirmişəm, üstünü hələ bağlaya bilməmişdik. Maddi vəziyyətim buna imkan verməyib. 

Möhtərəm cənab Prezidentimiz! Sizin göstərişiniz bu deyildir, axı.
Siz göstəriş vermişdiniz ki, sənədsiz evlər rəsmiləşdirilsin. Bunun üçün müvafiq komissiyalar yaradılsın. Belə olan halda evimi başıma uçurdan bu adamlar hansı qanunvericilik aktları ilə iş görürlər? Sizin verdiyiniz Fərmandan üstün sayılır bu aktlar?

Qeyd edim ki, evimizin sökülməsi ilə bağlı hədələrə məruz qalmağımız yanvar ayından bu vaxta qədər davam edir.
2019 iyun-iyul aylarında Gənclər və İdman Nazirliyinin işçisi  və Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasının kuratoru olan Oruc Məmmədli və Vəfa adlı xanım "Gənclik”də yerləşən ofisdə oğlum Abdulla ilə görüşüb. Oğlum ”Alov” İdman Klubunu yaratmaq üçün onlara 210 manat verib. Daha sonra 6 nəfər tələbəsinin sənədlərini və hər biri üçün ayrılıqda ödəniş edib. Bunun əvəzində onlar oğlumun məşq keçdiyi tələbələrinə idmançı kartı verməli, ona isə möhür və əsasnaməni təqdim etməli idilər. Lakin Vəfa xanım və Oruc Məmmədli ona yalnız əsasnamə veriblər. Sonra məlum olub ki, həmin əsasnamənin hüquqi qüvvəsi yoxdur. Möhürü isə ümumiyyətlə vermədilər. Rəsmi sənədlər üzərində qanunsuz fəaliyyət göstərən bu şəxslər öz günahlarını dərk edərək onu düzəltməkdənsə, sonrakı dönəmdə də oğluma və ailəmizə qarşı təzyiq kampaniyasında iştirak etdilər.

Belə ki, Oruc Məmmədli oğlum Abdulla Abdullazadəni Məqami Bayramov, Çevik Polis Alayının işçisi Emil Əliyev, Əkbər Şəmilli və sonuncunun atası Teymur Əhmədov ilə birlikdə özlərinin oturduqları ofisə dəvət edib. Ona deyiblər ki, Abbas Hümbətovun (federasiyanın rəhbəri və oğlumun məşqçi müəllimi) zamanı bitib, ona qarşı aparılan işlərin içərisində iştirakçı olub bizimlə əməkdaşlıq et. Ona qara yax, dövlət orqanlarına onun saxta sənədlər hazırlamasına dair müraciətlər elə, yoxsa əlimiz hər yerə çatır. Səni məhv edərik. Fəaliyyət göstərməyə qoymarıq. Yaşadığın evdən çıxa bilməzsən. Evini yandırarıq, başa düşərsən ki, biz kimik. Bu hədələr ölümlə təhdidə qədər edilib. Həmin şəxslər cinayət törətdiklərini belə düşünmürlər. İnsanları ailə üzvlərinin həyatı ilə hədələyir, açıq şəkildə öldürməklə qorxutmaqdan belə çəkinmirlər.

Xüsusi qeyd etmək istədiyim şəxs Emil Əliyev AR DİN-in Əlahiddə Çevik Polis Alayında çalışan polis əməkdaşıdır.
Bu polis əməkdaşı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi vəzifəsini bir yana qoyub "lotuluq” vəzifəsini icra etməkdədir.
Alay Rəhbərliyinə müraciət etsək də, onun barəsində tədbir görülməyib. Sadəcə intizam qaydasında barəsində tədbir görüləməsi qeyd edilib.

Möhtərəm cənab Prezident!
Polis adından sui-istifadə edən bu şəxs bizə hədə-qorxu gəlir. Tanıdığı polislər vasitəsilə bizə problemlər yaradacağını deyir. Bu şəxslərə nə pislik etdiyimizi anlaya bilmirik.

Həmin görüşdə  Məqami Bayramov oğluma deyib ki, Azərbaycan Sindo-Ryu və Pençak Silat Federasiyasına baş məşqçi gəlir. Kömək elə, Abbas Hümbətovu federasiyadan uzaqlaşdıraq. Bunun üçün məhkəmədə şahidlik eləməlisən. Həmin vaxt özünü federasiyanın prezidenti sayan Ceyhun Əşrəfovun arxalarında olduğunu bildirərək, onun da "yuxarılara” bağlı olduğunu, buna görə də nazirliyin nümayəndəsinin ona baş əydiyini deyiblər.

Bundan başqa həmin şəxslər evimizi sökdürməklə də hədələyiblər. Emil Əliyev barəsində ÇPA-ya şikayət etdik. Orada bizi qəbul edən şəxslərə də dedik ki, bizim evimizi sökməklə hədələyirlər. Bildirdilər ki, evinizi sökməyiblər, söksələr, şikayət edərsiz. Hazırda evim sökülüb. Amma tədbir görən yoxdur.
 
Mən özlərini icra hakimiyyətinin nümayəndələri kimi təqdim edən Səbuhi, Rövşən və Azərbaycan tarixinin şanlı parçası olan Aprel döyüşlərinin iştirakçısı kimi qələmə verilən Qartal Budaqlı adlı şəxsin qanunsuz hərəkətlərindən şikayətçiyəm.

Hazırda övladlarımın taleyinə qənim kəsilən bu şəxslərin barəsində tədbir görməyinizi xahiş edirəm. Azərişıq, Azərsu və Azəriqaz kimi dövlət qurumları bizim evə işıq, su, qaz çəkib, illərlə kommunal xərcləri ödəmişik. Biz həmin torpağa ödəniş etmişik, illərlə orada yaşamışıq. Heç yeri zəbt etməmişik. Siz də göstəriş vermisiz ki, insanları incitməyin, aldıqları torpaqları sənədləşdirin. Bəs bu adamlar bizdən nə istəyirlər, bizə niyə zülm edirlər?

Məqami Bayramov, Emil Əliyev, Əkbər Şəmilli və sonuncunun atası Teymur Əhmədov, Ceyhun Əşrəfov qabaqcadan əlbir olan cinayətkar qrup şəklində cinayət törədib. Xahiş edirəm, həmin şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.

İmza: Azərbaycan Respublikasının vətəndaşı İsmayılova Zülfiyyə İsmayıl qızı
 
Qeyd: Redaksiya olaraq müraciətdə adı keçən şəxslərin mövqeyini də yayınlamağa hazırıq
qadinkimi.com