Yoldaşları onda müşahidə etdikləri qəribəliyi, onların diliylə desək, sərsəmliyi ruhi yorğunluqla əlaqələndirirdilər. Son vaxtlar döyüşlərdən çəkinməsini, hətta güllələrini boşuna atmasını hiss etmişdilər."Bu bir əsgər üçün utanc vericidir, onlar sənin nə qədər əsgər yoldaşlarını öldürüblər”.
Bunu ən yaxın dostu pıçıldamışdı onun qulağına."Axı sənə nə olub, bura cəbhədir, öldürməsən, öləcəksən...Ölməkmi istəyirsən?".
"Hə!"- deyə kəskin cavab vermişdi. Dostu onun vəziyyətinin doğrudan da çətin olduğunu hiss edib, səsini yumşaltmış, onu da yumşaltmaq istəmişdi:
- Bəs oğlun? Axı sən ona söz vermisən...Söz vermisən ki, ölməyəcəksən.
Onda o,vəhşicəsinə bir hayqırtı vurmuşdu, hönkürüb ağlamışdı. Dostu onda bir daha əmin olmuşdu ki, onun vəziyyəti, doğrudan da, ağırdır. Ağlasa, bəlkə, bir az boşalar, sakitləşər. Amma onun sakitləşməyi uzun çəkdi. Çünki danışmamışdı, ürəyini parçalayan acıları açıb deyə bilməmişdi. Axı, o, hərbçi andı içmişdi, ürəyini parçalayan həqiqətlər isə oğlunun qarşısında içdiyi hərbi andla daban-dabana zidd idi. O, düşmənlərə həddini bildirməli, oğlunun da vətəndaşı olduğu ölkənin bayrağını ən yüksəyə ucaltmalı, dövlətinin maraqlarına zidd olan bütün maneələri əzib keçməli idi. Amma indi o, öldürməkdən qorxurdu, çəkinirdi. Dostu təklif etdi:
- Danışsan, sakitləşərsən...
- O, mənə "əmi" dedi...təsəvvür edirsən, təmiz ingilis dilində "əmi" dedi...Amma mən onu dinləmədən atəş açdım. Onun cümlələri çilik-çilik olub ətrafa səpələndi, üz-gözümə, qulaqlarıma çırpıldı, ürəyimə sancıldı.
- Bilirdim ki, məni öldürəcəksiniz. Çünki siz bura öldürməyə gəlmisiniz. O qədər öldürülmüş uşaq görmüşəm ki...Mən yaxşı oxuyurdum, əmi. Düz yazmışam. Bunu oğluna ver.. Yıxılarkən əlindəki zərfi mənə uzatmaq istədi, amma qolu açılmadı. Cəsədi zərfin üstünə düşdü.
Mən onun cəsədi üstündən atlayıb getdim. Amma "oğluna" sözü qapqara düyməyə bənzəyən gözlərindəki qətiyyətli baxışlarla ürəyimə sancıldı, qulaqlarımda cingildədi. Susmaq bilməyən o söz döyüş bitən kimi məni onun cəsədinin yanına çəkib apardı. Bilirsən, beynimdə qəribə fikirlər oynadı:
- Birdən bu mənfurlar zərflərdə bizim uşaqlara nəsə qorxulu şeylər göndərərlər...
Həyəcandan boğazım qurumuşdu. Ona çatmaq üçün dəli kimi qaçırdım."O murdar leşi tapmalıyam"- deyirdim,-"tapmalıyam!"
Tapdım...Hələ tam soyumamışdı. Ayağımla çevirdim. Həmin o qapqara düymə gözlər hələ açıq idi. Sifətində qəribə bir ifadə vardı, gülürdü sanki. Zərfi götürüb cəsədi çevirdim. Amma elə bildim ki, o danışır; "Əmi, əmi, mən ingilis dilini bilirəm". Zərfin içində məktubdan başqa heç nə yox idi.
İngiliscə çox səliqəli xətlə yazılıb. "Salam" sözü ürək şəklinin içindədir. "Dostum, bəlkə də sən mən yaşdasan, bəlkə də yox. Bunun fərqi yoxdur, biz hər ikimiz uşağıq.Hər ikimizin hüquqlarımız eynidir. Məsələn, hər ikimizin yaşamaq hüququmuz var. Baxmayaraq ki, sən orda, mən burda doğulmuşam. Sən də bilirsən ki, ailə və vətən seçilmir, onu bizə ALLAH bəxş edir. Və mən vətəni sevdiyim üçün günahkar deyiləm. Axı bütün dünyada uşaqlara vətəni sevməyi öyrədirlər. Sənə də, mənə də, başqasına da. Bax, mən vətənimi sevirəm deyə öldürüldüm. Səncə, bu, ədalətlidir? Məni sənin atan öldürdü. Öldürdü ki, pul qazansın və o pulla sənin ehtiyacını qarşılasın, səni yaşatsın. Belə çıxır ki, sən mənim qanım hesabına yaşayacaqsan, dostum.. İncimə, dostum, sən mənim qanımı içərək böyüyəcəksən.Yəqin ki, sən atanın hərbçi olması ilə fəxr edirsən. Amma nahaq. Sənin atan qatildir, o, mənim kimi minlərlə uşaq öldürüb.Və o, bunu sənin vətənini qorumaq üçün etmir, mənim vətənimi ələ keçirmək üçün edir.
Yəqin anan sənə hər gün atanın qoçaqlığı ilə bağlı nağıllar danışır.Yəqin ki, gözəldi anan...Axı bütün analar gözəl olur. Bax, sənin atan burada bütün gözəl anaları öldürdü, mənim anamı da. Bacımı da, qardaşımı da. Bilirsən, dostum, adamın əzizləri öləndən sonra ölüm qorxulu olmur. Atandan soruş, mən ölümdən qorxmadım.Ola bilər ki, bu məktub heç sənə çatmasın. Amma mən onsuz da hər şeyi ALLAHa danışacağam. Buna inan, çünki mən uşağam, uşaqlar öləndə, hələ şəhid olanda mütləq cənnətə düşürlər. Mən cənnətdə ALLAHı görəcəyəm və ona hər şeyi deyəcəyəm. Bilirsən, dostum, ALLAH birdi və O hamının ALLAHıdır. Sadəcə peyğəmbərləri fərqlidirlər. Amma fərqli olsalar da, onlar da bir-birləri ilə dostdurlar. Mən ALLAHdan soruşacağam ki, bütün peyğəmbərlər Sənin elçilərindirsə, bəs niyə onların ardıcılları bir-birini öldürür?
Sən bu məktubu oxuyanda, mən cənnətdə olacağam. Sən də cənnətə gələcəksənmi? Məncə, atanın ardınca gedəcəksənsə, çətin. Bax, bu, çox pisdir, atanı sevirsən, amma onu getdiyi yolu yox. Sən bu məktubu oxusan, elə yaşadığın dünya da cəhənnəmə dönəcək. Gərək sən atanı buralara gəlməyə qoymayaydın..."
Məktubu ondan almaq istəyən dostunun əli havadan asılı qaldı. O, məktubu qatlayıb cibinə qoydu və cəhənnəm odunda yanırmış kimi iniltili bir səslə: "O, hər şeyi ALLAHa danışıb. Mən oğluma çatmamış o dəhşət oğluma çatacaq. Çünki mən hər gecə eyni yuxunu görürəm. Qəribə bir səs bütün dünyanı başına götürür:
"HÜCRƏLƏRİNİZƏ ÇƏKİLİB DÜŞÜNÜN!"- dedi.
Xatirə Rəhimbəyli
qadnkimi.com