QADIN / KİŞİ, SƏNƏT
Vaqif Mustafazadənin anım günündə gördüm ki, qadın musiqiçimiz yoxdur… Tarix : 19 Dekabr 2022, 09:09

Vaqif Mustafazadənin anım gününə həsr olunmuş konsertə getmişdim. Möhtəşəm gecə oldu. İfaçılar o qədər möhtəşəm idi ki, favorit belə seçə bilmədim. Lakin mən yazıçıyam. Xoşbəxtlikdən, ya bədbəxtlikdən düşünmədən dura bilmirəm, özümü təkcə musiqiyə verib mediativ hala girməyim nadirən baş verən şeydi. Beləliklə, özümü analiz etməkdən saxlaya bilmədim. Anladım ki, Yer üzünün dörd tərəfindən vətənə gələn, hazırda dünyada parlamağa başlayan musiqiçilərimiz arasında qadın yoxdur. Əslində, bu sahədə bir neçə qadın imza tanıyıram, amma onlar hər halda, İsfar Sarabski, Etibar Əsədli qədər tanınmır.


Hansısa alətdə peşəkarlığa və seçilmişliyə çatmaq üçün saatlarla məşq önəmlidir. FİDE-nin reytinqi kimi bir şeydi, nə qədər tez başlasan, nə qədər çox məşq etsən, hesabında bir o qədər xal olur, beynin bir o qədər barmaqlarına imkan yaradır. Qadının belə lüksü həmişə olmur. Qadın səhərdən-axşama kimi yemək bişirir, amma "ən yaxşı aşpazlar kişilərdi” deyə ironiya edirlər. Olduqca bəsit yanaşmadı. 


Qadının yemək bişirməsi məişətin öhdəliyidirsə, kişinin yemək bişirməsi baş qatmaqdan, həvəsdən, peşəkarlaşıb pul qazanmaq vədindən əsas götürür. Qadın dolma yaxşıca yağa düşməmiş evi süpürməyə, körpəsini sakitləşdirməyə qaçır, kişi isə o yeməyi arxayın-arxayın bişirir, yaxşı servis etmək üzərində düşünür, "harasına bir nanə yarpağı qoyum”, "yanında bu sousu da versəm, pis olmaz ki?” fikirlərinə həm vaxtı, həm enerjisi qalır. Peşəkar olmaq üçün vaxtın, bir işin üzərində işləmək üçün fürsətin olmalıdır. Qadının zamanı və fürsəti qısıtlıdı və çox vaxt heç yoxdu.


Konsertdə bir millət kimi fəxrimiz olan ifaçıları təqdim edəndə də beynim dinc durmadı. "Atası məşhur rəssam idi, atası da musiqiçi idi...” Uğurlu  ifaçılarımızın familiyaları da yad deyil, o soyadlar ataları, babaları vasitəsilə bizə çoxdan tanışdı. Sarabski, Əfrasiyab... Əzizə Mustafazadəni də Vaqif Mustafazadə yetişdirib, Azərbaycanda hansısa musiqi məktəbi yox. Bu cür inkişafa "ocaq başı”inkişaf deyirlər. Keçmişdə də peşələr beləcə atadan oğula keçirdi. Burda pis şey varmı? Qətiyyən. Mənim anam da yazıçıdır. Mən də peşəmi ocaq başından götürmüşəm. Amma işin "əmması” yox deyil. 


Bu yaxında oxuduğum araşdırmada 17-ci əsrdən 1980-cı ilə qədər türkiyəli bəstəkar qadınların ailələri analiz edilmişdi. Ötən əsrlərin 157 qadın bəstəçisi məhz Osmanlı sarayının mənsubu idi, daha müasir dövrdə uğur qazanan qadın bəstəkarların isə valideynləri də sənətlə məşğul olub. 


Sarayların mövcud olduğu dönəmlərin ən məşhur 31 qadın bəstəçisindən 8-i sultan qızları və nəvələri, digərləri isə cariyə, kalfa və nədimələr olub. 1890-cı ildən sonra isə durum bir az dəyişib, amma köklü deyil, yenə də yüksək zümrələrə mənsub ailələrin qızları bəstəkar olaraq ad qazana bilib. Çünki onların incəsənətlə məşğul olmaq lüksları var idi. Sarayı silib-süpürmürdülər, istedadlarını itiləmək üçün erkən yaşlardan onlara müəllimlər tutulur, əsərlərini xanədan məclislərində oxuyub, adlarını məşhur edirdilər.


Nəticə -  tarixən fürsətlər bərabər paylanmayıb və tendensiya davam edir. Cəmiyyətimizin fəxr edə biləcəyimiz insanlarını məktəblər, ayrı-ayrı institutlar deyil, ailələr özləri yetişdirir. Qərbin inkişafı çoxdandır ki, kövrək qrupların inkişafı üzərində qurulub. İmkanları və fürsətləri az olanlar üçün imkanlar və fürsətlər yaratmaq mütləqdir. 


Rəsmi qurumlarımız hələ də bu mexanizmlə işləmir. Ona görə gücsüz daha dibə enir, güclü yuxarı addımlamaqda davam edir. Cəmiyyətdə ədalət və bərabərlik mühiti ölüvay sürətlə formalaşır. 


Çalışdığım Avropa səhmdarlarının idarə etdiyi şirkətdə sosial məsuliyyət öhdəliyində bir punkt var idi, çox sevirdim o bəndi – inkişaf etməyən icmaları inkişaf etdirmək. Qərb məhz bu prinsiplə yenilənir, inkişaf edir – görünməyəni görünən etməklə cəmiyyət yeni nəfəs, ömür qazanır.


Biz Azərbaycan mədəniyyətini, incəsənətini inkişaf etdirmək istəyiriksə, sistemimiz yeni insanları tapmaq, görünmək üçün resursları məhdud olan istedadları dəstəkləmək üzərində qurulmalıdır. Bu, konkret bir qurumun işi olmamalıdır. 


Ölkə olaraq iş prinsipimiz bunun üzərində qurulmalıdır. Amma yenə də yükün böyüyü təhsil nazirliyinin üzərinə düşür. Mən erkən yaş dövründə, hətta bətndəki inkişafa inananlardanam. Məktəblər istedadları kəşf və inkişaf etdirməlidi. Əksər müəllimlər hələ də hazırda dünyada çox pis sayılan "liderboard-liderlik lövhəsi” modelindən istifadə edirlər. 


Guya təhsilə müasirlik gətirirlər. Əslində isə bu, müəyyən mərhələdə liderliyə yüksələ bilməyib, aşağı balla qiymətləndirilən uşaqların daha da həvəsdən düşməsinə və mənəvi deqradasiyasına səbəb olur. Artıq liderlik qazananlar öz aralarında rəqabət aparır, aşağıdakılar yuxarı çata bilməyəcəklərini düşünüb ümumiyyətlə oyundan çıxırlar. Bunları düşünəndə təhsildə buraxılan səhvlər nəticəsində nə qədər uşağın, nə qədər uğur qazana biləcək insanın məhv olmasına çox üzülürəm.


Övladlarımın-övladlarımızın bərabər imkanlarla inkişaf edən ədalətli cəmiyyətdə yaşayacağına ümid edirəm.


Sahilə İbrahimova

Qadinkimi.com