Vampir haqqında nə bilirik?
Biz onunla hər gün rastlaşırıq
Hal-hazırda "vampir” deyəndə hər birimizin gözləri önünə sifəti qırmızı, dişləri iri, gözləri sarı, əlləri tüklü, dırnaqları uzun, bəzən də quyruqlu bir məxluq gəlir. Bu qorxunc varlığın olmasına şübhə etsək də, onlardan bəhs edən filmlərə maraqla tamaşa edirik. Buna misal olaraq vampirlərdən bəhs edən dünyaca məşhur "Alatoranlıq” filmini deyə bilərik. Filmin kinoteatr nümayişləri 2008-ci ildə başlamış və dünya üzrə 393 milyon dollardan çox gəlir gətirmişdir. Filmin DVD satışı 2009-cu ildə ən çox satılan DVD-lər sırasında olmuşdur. 2011-ci ildə isə film ABŞ-da "Sevimli kinofilmlər” nominasiyasında birinci yer tutub.
Bunun kimi bir çox filmin adını çəkmək olar. Qəribə də olsa son vaxtlar sanki hamıda vampirlərə qarşı xüsusi bir maraq, bəlkə də rəğbət oyanıb. Bu isə XXI yüzillikdə vampirizmin cəmiyyətə, insanların təfəkkürünə yol açması ilə əlaqədardır.
Yaşadığımız məmləkətdə nə vaxtsa vampir gördüyünü deyən adam olub? Çox güman ki olmayıb. Bu xüsusda cin, şeytan, ifrit "gördüm” deyən olsa belə, vampirlər haqqında gerçək fikir eşidilmir. Elə isə gəlin görək, bu vampir nə olan şeydi?
Doğrudanmı o, filmlərdə gördüyümüz kimi bədheybətdi? Doğrudanmı onlar uzun və iti dişlərini insanın boğazına sancıb onun qanını sorurlar? Yoxsa bunlar hamısı rejissorların cəfəng uydurması, fantaziyasıdır?
Bu
kimi suallara cavab tapmaq üçün əvvəlcə ibtidai anlayışlardan başlamaq daha
doğru olar.
Əsatirdən
reallığa doğru
Vampirizmin yaranmasını orta əsrlərə şamil edən tədqiqatçılar onun ilk rüşeyminin Fransaya gedib çıxdığını bildirirlər. Onların qənaətinə görə, bu ölkənin Leon şəhəri yaxınlığında yerləşən böyük bir qəsrdə Vam adlı bir qaniçən yaşayırmış. Guya o, hər gün ziyafət təşkil edir, süfrəyə yalnız çiy insan əti və badələrə süzülmüş qan qoyurmuş. Onun bu əməlləri bütün Fransada vahiməylə qarşılanırmış. Deyilənə görə, bir müddət keçəndən sonra Vamın saysız tərəfdarları qəsrə ayaq açıb, insan ətinə hərislik edirlər. Belə məclisləri "pir” adlandıran tədqiqatçılar "vampir” sözünün mənasını "qaniçmə ziyafəti” və ya sadəcə olaraq "qaniçənlər” adlandırırdılar.
Bu əlbəttə ki, yalnız əsatirdir. Amma yuxarıdakı məlumatı təkzib etmək heç də doğru olmaz. Ən azından ona görə ki, vampir deyilən varlıq doğrudan da var və biz belələrini hər gün görürük. Sadəcə olaraq, onlar kinolarda gördüyümüz kimi bədheybət deyil, adi insan qiyafəsindədir. Belə ki, bəzən vampirlik gözəl bir qadında da, körpə bir uşaqda da, yaşlı bir qocada da təzahür edə bilər. Onun əlamətlərini bilməksə heç də mürəkkəb deyil. Məsələn, yaxın bildiyiniz adamlarla şirin söhbət etdiyiniz zaman kimsə gəlib salam verib ötür. Elə həmin andaca söhbətin ahəngi pozulur və mübahisə yaranır. Yaxud da, metroda, avtobusda yol gedərkən tanımadığımız bir adamı görürük. O, nə bizə baxır, nə də kiminləsə söhbət edir. Sadəcə olaraq oturacaqda sakitcə əyləşib mənzil başına çatmağı gözləyir. Amma onun sifətinə baxan kimi bizdə xoşagəlməz hallar baş qaldırır: təngnəfəs olur, darıxır, əksər hallarda isə əsəbiləşirik. Necə deyərlər qanımız qaralır. Əlbəttə ki, bu da vampirizmin meyarlarındandır. Bəs belə vəziyyətə niyə düşürük? Nəyə görə bizimlə "işi” olmayan adam hər birimizdə əsəb yaradır, ovqatımızı təlx edir? Bu sualların cavabı çox asandır. Belələri "energetik vampir” adlandırılırlar.
Hər birimiz vampir ola bilərik
İnsanlardan bəziləri heç özləri də bilmədən və ya bilərəkdən başqasının enerjisi hesabına yaşayırlar. Belə insanlar "energetik qaniçənlər” – vampirlər adlanırlar. Vampirizm mərhələsindən demək olar ki, insanların hər biri keçir. Bəziləri ondan asanlıqla çıxır, bəziləri isə ömürlərinin axırına qədər vampir qalırlar. Əgər onlar ətrafdakılardan təcrid edilsələr, enerji mənimsəməkdən məhrum olsalar, özlərini öldürə bilərlər.
Energetik vampirlərlə ünsiyyətdə olmaq başqalarında baş ağrısı, başgicəllənməsi, yorğunluq, qan təzyiqinin kəskin dəyişməsinə və ürək-damar xəstəliklərinə səbəb olur. Ümumiyyətlə, vampirlər onları əhatə edən hər şeyə mənfi təsir göstərir. Onların mənzillərinə daxil olduqda qəribə neqativ duyğular yaranır, itlər, pişiklər onlar olan yerdə aqressivləşir və onlara hücum edir. Energetik vampirlər iki qrupa günəş və ay qrupuna bölünürlər. Onlar hədəfləri ilə çox vaxt keçirməyə çalışırlar. Energetik vampirlər enerjinin onlara ötürülməsini qarşı tərəfin bikef olmasından, zəifləməsindən, özlərinin isə əksinə güclü olmasından anlayırlar.
ardı var...
qadinkimi.com