UŞAQ / BÖYÜK
Valideynlər azacıq anlayışlı olsaydı - Ah Laçın, can Laçın… Tarix : 29 İyul 2022, 22:30
Yazar : Günel Dəniz
17 yaşlı Laçın adlı məsum bir qızın imtahanlardan aşağı bal topladığına görə ailəsinin, xüsusən də atasının təzyiqi üzündən intihar xəbərini oxuduğumdan bəri özümə yer tapa bilmirəm. Bu ilk hadisə deyil düzdü, sırf imtahanda zəif nəticə göstərdiyi üçün ailəsinin basqısına dözə bilməyib canına qıyan neçə-neçə fidanlarımız var. Və bu durum məni hədsiz üzür. Səbəbi nə olursa olsun, intihara "acizlik” damğası vurub məsələni kiçiltməməliyik. Aciz olan hazırda bizik ki, gənclərimizin bu qəfil ölüm xəbərləri qarşısında heç nə edə bilmirik, onları yaşada bilmirik, onların bu həyatı yox, ölümü seçmələrinin qarşısını ala bilmirik. O kiçik çiyinlərin daşıya bilmədiyi yükü indi biz daşımağa məhkumuq. O sözün altında əzilməyin, o qərarı verməyin necə ağır olduğunu heç təsəvvür edirsiz? 

Nə böyük dərddi, səsini ölümünlə çatdırmaq…
 

Bəzən düşünürəm, nə çox karıq, nə çox koruq və nə çox lalıq. O həssas qəlbləri intihara sürükləyən milyonlarca səbəbdən bəlkə də ən acısı, ən bağışlanmayanı valideyn tənəsi, valideyn qınağı, valideyn anlayışsızlığıdır. Onsuz da gəncliyin böyük bir qismi layiq olduqları həyatı yaşamır bu məmləkətdə. Son 15 ildir çox ciddi sayda "beyin köçü” (ölkədən güclü beyin sahiblərinin köç etməsi) baş verir. Müxtəlif səbəblərdən xaricə oxumağa və ya işləməyə gedən olduqca potensiallı gənclərimizi onsuz da günbəgün itiririk. Geridə qalan gizli istedadlarımızı da "camaat nə deyər” düşüncəsiylə övladını yükləyən, "filankəs”lərlə müqayisə edən, "beş-on manat pul xərcləyib” deyə hamısını fürsət tapan kimi uşağının gözündən tökən, öz arzu və istəklərini övladına "məcburi” yeridən ata-analar ucbatından torpağa qurban veririk.


Heç bir inkişaf etmiş ölkədə ata övladına "imtahandan keçməsən get özünü as” demir. Hər kəs ilk cəhddən universitetə qəbul olmalıdır və ya yüksək bal toplamalıdır deyə bir qayda-qanun yoxdur. Hər kəs oxuyub alim də ola bilməz. Bəlkə hansısa başqa bir sahədə istedadı var və o sahə üzrə bacarığını inkişaf etdirib uğur qazanacaq nə bilirsiz axı?!


Laçın qızımızın özünün də yazdığı kimi - bəlkə də gözəl olardı… Əgər valideynlər azacıq anlayışlı olsaydı, hər şeydən öncə övladı ilə dost olsaydı, çətin günündə arxasında olsaydı. Bəlkə də gözəl olardı, diplom eşqindən, qonşudan geri qalma prinsipindən əl çəkib, övladlarının dərinliyinə ensələrdi, bəlkə o dərinlikdə daha böyük gözəlliklər vardı...


Bu intihar məktubunda diqqətimi çəkən bir məqam daha var idi. Məktubda qızcığaz valideynlərinin onu hansısa uğurunda sevib, uğursuzluğunda sevməməsinin, ona dəstək olmamasının normal bir şey olmadığını qeyd edir. Görün, necə incə qəlbə malik olub. Hələ bu az yaşında necə aydın düşünürmüş. Belə duyğusal ruhlu yeniyetmələrlə gərək valideynlər ehtiyatlı davransınlar. Tək valideynlər yox, ətrafdakı hər kəs, qohum-əqrəba, müəllimlər, bütün toplum, hamılıqla bu cür həssas qəlbə malik uşaqla münasibətdə diqqətli olmalı idi. Hansı ki, gələcəkdə gözəl pedaqoq, psixoloq və yaxud hansısa mədəniyyət işçisi, incəsənət nümayəndəsi, rəssam, dizayner və.s ola bilərdi.

Şəxsən mənə bir rəssam, bir müəllim kimi bu yazı çox pis təsir etdi. Dəhşətdir. Atanın qızına dediyi o sözləri düşündükcə dəli oluram.


Üzümü tuturam valideynlərə. O valideynlərə ki, uşağı yalnız öz qocalığını qarant altına almaq məqsədi ilə dünyaya gətirirlər, hər dəfə övladına çəkdiyi əziyyəti, ona xərclədiyi pulları baş qaxıncı edirlər, bir dəfə də olsun uşağın ruh aləmiylə, daxilində baş verənlərlə maraqlanmırlar, sürəkli qonum-qonşunun fikriylə yaşayırlar, öz istədikləri olsun deyə övladlarına təzyiq göstərirlər.


Rahat buraxın övladlarınızı. Onlar sizin övladınızdır, qulunuz-köləniz deyil, bir nəfəs aldırın onlara. Uşağı dünyaya gətirəndə ondan soruşmursuz, öz istəyinizlə dünyaya gətirirsiz, deyilmi? Elə isə bu kimi davranışlarla onlara əziyyət verməyə, həyatlarını zindana çevirməyə haqqınız yoxdur! Sizin o yerə girəsi eqonuz, keçmişdən gələn travmalarınız, uğursuzluğunuz, pessimist yanaşmanız üzündən sabahın gözəl peşə sahibləri rəssamları, musiqiçiləri, yazıçıları, ədəbiyyatçıları və s. məhv olur...


Övladınıza düzgün yanaşın, sağlam münasibət göstərin! Siz onların valideynisiz deyə hər ağzınıza/ağlınıza gələni deyə bilməzsiz, danışanda bu söz nələrə səbəb olar, bir düşünün.


Övladınızla danışın, söhbət edin düşüncələrini, arzularını, onları nəyin narahat etdiyini soruşun. Onlarla sözün əsl mənasında maraqlanın, uğurlu, uğursuz fərq qoymadan hər zaman dəstək çıxın, yanlarında olun. Və birdəfəlik bunu başa düşün! Valideyn-övlad arasında olan sevgi, dəyər şərtsiz sevgi olmalıdır. Valideyn övladını ağıllı, sözəbaxan olduğu üçün, universitetə girdiyi üçün və ya digər nəyəsə görə (şərt qarşılığında) yox, olduğu kimi, onu o olduğu üçün sevməlidir.


Övlad dünyaya gətirən ata-ananın ən əsas vəzifəsi uşağını maddi-mənəvi təmin etməkdən savayı həm də ona bütün çətinliklərin öhdəsindən birgə gəlməyi, səbrli olmağı, səhv edərkən üzülməməyi, məğlubiyyəti qəbul etməyi, hər durumda mətanətli olmağı öyrətmək olmalıdır. Təhsil sistemindəki gərgin qəbul qaydaları, çətin hazırlıq prosesləri təəssüf ki, tələbələrin həddindən artıq stress, həyəcan, qorxu və s. kimi gözlənilən və ya gözlənilməyən hallar yaşamasına səbəbiyyət verir.


Bu durumda istənilən nəticəni əldə edə bilməməkləri çox normal haldır. Bunu ilk başda imtahan verən yeniyetmələr, sonra isə bütün valideynlər bilməlidir. Bundan əlavə məktəblərdə müəllimlər şagirdlərin həyata, gələcəyə baxışlarını ölçmək məqsədilə tez-tez müzakirələr aparmalıdırlar. Psixoloqlar imtahan öncəsi abiturientləri bu gərgin prosesə hazırlamalıdırlar. Sistemli şəkildə bu məsələ ilə bağlı işlər görülməlidir, regionlarda maarifləndirici seminarlar aparılmalı, layihələr həyata keçirilməlidir. Sözdə qalmasın əməldə edək bunu. Bu məsuliyyət hər birimizin üzərinə düşür. Məhv olmasın gənclərimizin həyatı! Başqa Laçınlar da ölməsin…


Və sonda bizdən sonra gələn siz gənclərə, Z nəsli nümayəndələrinədi sözüm: Əgər hansısa bir işdə uğursuz bir nəticə əldə etsəniz, bunun dünyanın sonu olmadığını başa düşərək, heç kimə qulaq asmadan yalnız öz məqsədləriniz, xəyallarınız üçün yola davam edin, heç kimdən dəstək gözləməyin. Özünüz öz əlinizdən yapışın və unutmayın, qarşınızı kəsən əngəl nə qədər böyükdürsə, sondakı mükafat da bir o qədər böyük olacaq. Ümidinizi heç zaman itirməyin, hər zaman yaşamaq üçün bir səbəb var, yetər ki, görmək istəyin, yetər ki, vaz keçməyin.

Bütün çətinliklərə rəğmən yaşamaq gözəldir, buna inanın!
 
 

Günel Dəniz
qadinkimi.com