QADIN / KİŞİ
Uzunsaç gözəllik və qadınlıq simvolunu geridə qoydum, azadam Tarix : 06 Avqust 2022, 19:40

"Niyə bu saç?”, "yaraşmır!”, "saçların yaşlı göstərir”, "uzun və düz daha gözəl idi” - şərh və mesajları oxuyuram… istədim paylaşam… 


Niyə bu saç? Çünki çox önəmli olan bir kəsi xoşbəxt etməli idim. Mənimlə qürur duysun deyə. O şəxs kiçik mənəm. Həmin o uşaq ki, 1-ci sinifə gedənə qədər keçəl olub. Çünki bu dünyaya saçları buruq gəlib. 


Anam saçlarımla necə davranacağını bilmədiyi üçün (özü də eyni şeyləri yaşayıb öz buruq saçları ilə), ən asan yola əl atırdı: dibindən qırxmaq. Darayarkən çox incidən, dəhşət əsəb keçirən, hövsələsi olmayan anam məni də öz saçlarımdan bezdirmişdi. 


Mən də sevməməyə başladım saçlarımı. Ağrı, nifrət, əsəb qəbul etməkdən yorulmuşdum. Bunu isə tam anlamırdım çünki çox balaca idim, özümü hələ dərk etmirdim. 


Elə bilirdim saçlarımda nəsə bir səhv, problem var…


Mənim saçlarım pis idi…


Beləliklə, böyüyərkən də öz saçlarımı heç cürə qəbul edə və sevə bilmirdim. Dərinlikdə isə buruq saçlara aşiq idim. Sadəcə mənim saçlarımın ən pis buruq olduğuna inanırdım. 


Böyüdükcə saçlarımla sülh yaratmaq üçün elə hey dəyişməyə çalışdım: kəsdim, doğradım, düzləşdirdim, yüz dəfə rənglədim, yandırdım, o qədər əzab verdim ki…lap uşaqlığımdaki kimi. 


Ancaq ağrı, nifrət, məyusluq…


Amma insan özündən nə qədər uzağa qaça bilər ki? Sonra cəmiyyətin diktəsinə gedib inandım ki, buruq saç nə eleqant, nə də ki, professional dünyaya uyğundu. İş yerində "saçlarını dara”, "buruqlar səliqəli görsənmir”, evdə, küçədə-bacada "şir evdən qaçdı”, "fen partlayıb” dedilər. Bu buruq saça olan kütləvi nifrəti görüb həqiqətən də inandım ki, buruqsaç olmaq bir lənətdir. 


Uşaqlıq travmalarımı sağaltmağa başlayanda ilk diqqət saçlarıma yönəldi. Nə qədər yaralanmışamsa artıq… 


Sanki yavaş-yavaş bəyənməyə başladım. Bir il öncə buruq saçlarımı geri qaytarmağa qərar verdim. Mağazaya gedib bir səbət "curly hair” produktlar aldım. Gel, krem, mus, bildim-bilmədim, hamısını istifadə edirdim. 


Tam istədiyim nəticəni ala bilmirdim. Saçlarım çox qurudu. Əslində, lazım olan doğru kəsim idi. Uzun saçlarıma vida edə bilmirdim. O qədər bağlanmışam uzun saç ideyasına ki, arxasında gizlənir, özümü gözəl hiss etmək üçün istifadə edirdim. 


Həmin il Bakıya gedən kimi düzləşdirici keratin elədim. Bəli, səbrim çatmadı öz saçlarımla əlləşməyə, yenə də düşündüm ki, düz saç daha gözəldir. Düzəlşdirici də sadəcə kimyadır, hər tükü bürüyərək saxta parlaqlıq verir, əslində isə nəmi tükə buraxmır. Beləliklə, də daha betər oldu. 


Hələ bir neçə ay sonra "highlights” eləyib (illərlə etdiyim təkrar dövrə) saçlarımı lap yandırdım, süpürgəyə oxşayırdı. Ucuz kremlər, düzləşdirici "ximikat”, açıq rəng üçün boya - bu qədər əziyyət. Eyni enerji, eyni əziyyət, sanki özümə belə əzab verməyə proqramlaşdırılmaşam. 


Bunların hamsına varmaq, özümü qıraqdan izləmək ilə nələr baş verdiyini anlayırdım. Üç ay öncə artıq yetər deyib, buruq saçla məşğul olan salon tapıb yollandım. Dedim dibindən də kəssən okeydir. Zədələnmiş hissələr getsin artıq. Dedilər səbrli olmalısan. Çox qısa kəsməyək, çiyinlərindən olsun. Dörd ay sonra yenə gəl kəsərik. Peşəkarlıqlarına güvənib, heç bir gözlənti qurmadan, kontrolu azad etdikdən sonra razılaşdım. 


Amma zədələnmiş saçlar tam getməmişdi. Mən ruhən artıq azad olmağa, saçlarıma yapışıb qalan o enerjini buraxmağa hazır idim. Hər gün güzgüyə baxarkən qayçını alıb əlimə kəsməmək üçün çox vuruşdum. Bəzən zədələdiyin hissəni nə qədər sağaltmağa çalışsan da, çıxış yolu azad etməkdir. Ona görə də iki həftə öncə peşəkar saç ustası olan dostuma tam kəs dedim. Sən demə, saçlarım çox gözəl burulurmuş. Sən demə, mən indiyə qədər gözəl saça sahib olduğumu həqiqətən də görməmişəm. 


"Uzunsaç gözəllik və qadınlıq simvolu”nu geridə qoydum. Kim necə görürsə görsün, yaraşır, yaraşmır, cavanlaşdırıb, qocaldıb…fərq etmir. Çünki içimdəki o uşaq çox xoşbəxtdir. O xoşbəxtdirsə mən ikiqat xoşbəxtəm. 


Mənim hələ belə qısa saçlarım olmamışdı. Özümü belə qısa saçı daşımağa layiq görməmişdim, "kifayət qədər gözəl deyiləm” deyib elə hey saçlarımı uzatdım. 


Kəsdiyimdə isə hər şeylə üzləşdim: özgüvənsizlik, zəiflik, hamısı ilə bir-bir zaman keçirtdim. Və onlarla sülh yaratdım, əsas olan odur ki, yaşadığım pozitiv hisslər neqativdən daha çoxdur. 


Başağrılarım gedib, saçlarımda dəhşət yüngüllük yaranıb, özümü çox cəsarətli və azad hiss edirəm. Özümü olduğum kimi sevmək və qəbullanmaq üçün gözəl şərait yaratmışam. Və hər gün daha da çox özümü tanıyır, görür və sevirəm. 


Hər kəs ətrafı, dünyanı öz aləminə uyğun olaraq görür. Hər kəsin aləminə uyğunlaşaraq mən özümü itirmişdim. Nəhayət ki, 2 il bundan qabaq bugün mən özümə qayıtdım. Və addım-addım bugünki azadlığıma vardım.


Əgər sən də özündə nəyisə əskik hiss edirsənsə, bir özünə geri dön. Səndədirmi səhv, yoxsa öz dünyası ilə barışa bilməyənlərin acısına və qəzəbinə uğramağındadır problemin?


Özünə gəl, özünü sev ❤️



Yazdı: Aynur 

qadinkimi.com