Uşaqların, yeniyetmə və gənclərin cinsi tərbiyəsi ailə pedaqogikasının vəzifələri sırasında özünəməxsus yer tutur.
Bəzilərində belə fikir formalaşıb ki, gigiyenik və cinsi tərbiyəylə bağlı uşaqlar arasında mədsədyönlü şəkildə iş aparmağa ehtiyac yoxdur. Bu, ata-babalarımızın ailənin nəsilartırma funksiyasını diqqət mərkəzində saxlayaraq, ailə həyatından kənarda olan cinsi əlaqəni günah bilməsi, uşağın yanında bu mövzuda danışmağı lüzumsuz, hətta tərbiyəsizlik hesab etməsindən də qaynaqlanır.
Bəzi valideynlər nəinki övladlarının cinsi tərbiyəsi ilə məşğul olmur, hətta müəllimlərin də bu mövzuda – uşaqların gigiyenası, cinsi xüsusiyyətləri, münasibətləri, sevənlərin davranış mədəniyyəti və s. problemlər barədə söhbət aparmalarını yaxşı qarşılamırlar. Belə yanaşmada cinsi tərbiyə istiqamətində maariflənmə işi başlı-başına buraxılmış olur. Halbuki cinsi tərbiyə şəxsiyyətin hərtərəfli və ahəngdar formalaşdırılmasının tərkib hissələrindən birirdir, uşaqların psixoloji, mənəvi, fiziki və gigiyenik cəhətdən sağlam böyümələrinə təsir edir.
A.S. Makarenko təsadüfi demirdi ki: "Hər bir valideyn, hər bir ata və ana qarşısına belə bir məqsəd qoymalıdır: onların tərbiyə etdikləri gələcək vətəndaş, oğlan və qız özünü yalnız ailədə xoşbəxt hiss etməlidir və cinsi həyatın sevincini də yalnız bu formada axtarmalıdır. Valideynlər qarşılarına belə məqsəd qoymasalar və buna nail olmasalar, onların uşaqları qayda - qanunsuz cinsi həyat sürəcəklər”.
Ailə insanın cinsi əlaqə ehtiyacını ödəmək üçün deyil, nəsli davam etdirmək, əxlaqi və maddi tələblərini təmin etmək, dünyaya gətirdikləri övladlarını sevgiylə böyütmək üçün qurulur. Nikah ittifaqı iki şəxs - kişi və qadın arasında bərqərar olan ictimai münasibətin inkişaf etmiş forması kimi özünü göstərir.
Ailədə və məktəbdə cinsi tərbiyənin arxa plana keçirilməsi, cinslərin fiziki xüsusiyyətlərinin söhbət mövzusu kimi nəzərdə tutulmaması yeniyetmə və gəncləri çıxılmaz vəziyyətə salır. Onlar maraqlandıqları məsələlərə kənarda cavab axtarırlar. Nəticədə həmyaşıdları və daha kimlərsə onların məsləhətçisinə çevrilir. bununsa səmərəsi olmur.
Cinsi tərbiyə dedikdə bəziləri övladlarına pornoqrafiyadan, erotikadan söz açılacağını düşünür. Cinsi tərbiyə deyərkən çox vaxt cinslərarası münasibətlər yada düşür və bəzilərinə elə gəlir ki, intim münasibətlərdən danışılacaq. Belə təsəvvür var ki, yeniyetməlik dövründə cinslərin qarşılıqlı münasibətləri ilə bağlı məlumatların verilməsi, bu məsələlərin müzakirə olunması uşaqlarda vaxtından əvvəl cinsi oyanmaya səbəb ola bilər.
Bəzən ata-analar "uşaqlarımıza tərbiyəsiz şeylər öyrədirlər" deyə narahat olur, hətta məktəbdən şikayətlənirlər. Unudurlar ki, "cinsi maarifləndirmə" pornoqrafiya deyil, böyüyən nəslin sağlamlığını qorumaq, onları nikah - ailə münasibətlərinə uğurla hazırlamaqdır. Başa düşmək lazımdır ki, söhbət seksual maariflənmədən deyil, cinsi maarifləndirmədən gedir.
Yeniyetmə və gənclərin şüuruna və psixologiyasına mənfi təsir göstərən filmlər, kompüter oyunları durmadan çoxalır. Maarifləndirici və tərbiyəvi, eləcə də cinsi maarifləndirmə ilə bağlı verilişlər lazımi səviyyədə deyildir.
Cinsi tərbiyə geniş anlayışdır, qızın qadın, oğlanın isə kişi haqqında düzgün təsəvvürlərə yiyələnməsini nəzərdə tutur. Burada bir sıra sosioloji və psixoloji məqamlar öz ifadəsini tapır. Maarifləndirmə prosesində oğlan və qızlara ər və arvad, onların ailədəki rolu, ailənin valideyn - övlad münasibətləri, ər və arvadın hüquq və vəzifələri, nikah, nikah yaşı, psixoloji məsafə və s. barədə gərəkli məlumatlar verilir.
A.S. Makarenkonun fikrincə, "İctimai əxlaq tələb edir ki, insanın cinsi həyatı - hər bir kişinin və qadının cinsi həyatı ailə və məhəbbətlə həmişə ahəngdarlıq təşkil etsin. Yalnız qarşılıqlı məhəbbətə əsaslanan ailədə, yəni qadın və kişinin açıq vətəndaşlıq ittifaqında təzahür edən cinsi həyatı normal və özünü doğruldan hesab olunur”.
Yaş dövrlərinə uyğun olaraq uşaq, yeniyetmə və gənclərin cinsi tərbiyəsi üzrə, adətən 4 mərhələdə iş aparılır:
1. Məktəbəqədər yaşlı uşaqlarla ailə şəraitində aparılan cinsi tərbiyə işləri. Bu sahədə ata-ananın üzərinə mühüm vəzifələr düşür.
Dil açan uşaqların cinsiyyətə aid ilk sualları cinsi orqanlarla əlaqədardır. Mütəxəssislərin qənaətincə, suallardan qaçmaq, yaxud uydurma cavablar vermək, "ayıbdır” demək lazım deyil. Bu suallar onların maraqlarından irəli gəlir. Həmin sualları valideynlər adi suallar kimi cavablandırmalıdır.
2. Kiçik məktəb yaşı dövründə aparılan cinsi tərbiyə işləri:
Uşaqlarda kiçik yaşlarından etibarən başqa cinsə instinktiv maraq oyanır. Bu, qarşısıalınmazdır. Mütəxəssislərin göstərdiyi kimi, 10-11 yaşlarına kimi uşaqlar cinsi məsələlərlə maraqlanmırlar. Həmin dövrdə cinsiyyət orqanları az inkişaf edir. Uşaqlar get-gedə bir sıra bioloji problemləri öz aralarında aydınlaşdırmağa, cinslər arasındakı fərqə diqqət yetirməyə başlayırlar.
Bu dövrdə uşaqların cinsi tərbiyəsi ilə həm valideynlər, həm də müəllimlər məşğul olmalıdırlar. Qızlar və oğlanlar öz bədənlərinə yaxşı bələd olduqlarından onlarla aparılacaq cinsi tərbiyə işləri diqqət mərkəzində dayanmalıdır.
3. Yeniyetməlik yaşı dövründə aparılan cinsi tərbiyə işləri:
Yeniyetmələrdə cinsə qarşı münasibət yeni xarakter alır. Bu, cinsi yetişkənlik dövrünə təsadüf edir. Fiziki inkişaf sürətlənir, bədən çəkisi ilə müqayisədə uşaqların boy-buxunlarında qeyri-mütənasiblik yaranır.
Yeniyetməlik dövründən ilk gənclik yaşına keçid dövründə valideyn və müəllimin izahatı, verilən məlumatlar bir-birinə zidd olmamalıdır. Ümumtəhsil məktəblərində bu və ya digər fənlərin tədrisində cinsi birləşmə, törəmə, AIDS, zöhrəvi xəstəliklər və s. bu kimi məsələlər nəzərdən keçirilir. Yeri gəldikcə, hamiləliyin qarşısının alınması üsulları barədə məlumatın verilməsi də məqsədəuyğundur.
4. İlk gənclik və gənclik yaşı dövrlərində aparılan cinsi tərbiyə işləri:
Oğlanların və qızların bədən quruluşu gənclik dövründə normal hala düşür. Qızların süd vəziləri formalaşır, çanaq genişlənir. Qızlarla müqayisədə oğlanların inkişafı ləngiyir. Sümüklər böyüyür, əzələlər inkişaf edir, səs dəyişir, bığ yeri tərləyir.
Yetkinlik yaşına çatanda qızların və oğlanların orqanizmində baş verən dəyişiklik nəticəsində onların boyu surətlə artır. V. A. Suxomlinskinin göstərdiyi kimi, "Son illərdə alimlər akselerasiya adlanan hadisədən çox narahat olmuşlar. Bu hadisənin mahiyyəti insanın fiziki (bununla bir vaxtda cinsi) inkişafının sürətlənməsindən ibarətdir. ... Qızlarda cinsi yetişkənlik dövrü oğlanlardan xeyli əvvəl başlanır. Qızda qadın, oğlanda kişinin meydana çıxmasından iki, bəzən isə üç il tez meydana çıxır... Tərbiyə işi düzgün qurulduqda, cinsi yetişkənlik onların psixikasında əlverişli şəkildə əks olunur – onları xeyli tez və daha dərindən ağıllandırır, gələcək haqqında ciddi fikirlər oyadır. Cinci instinkt, nəslin davamı instinktiv çox güclü təbii istəkdir”.
Yeniyetmələrin böyük qismi məlumatsız olduğundan və utandığından sual verməkdən çəkinir, çox zaman baş verənləri qorxu hissi ilə qarşılayırlar.
Müasir həyat tərzi (kino, televiziya, yazılı ədəbiyyat, informasiya və s.) gənclərin əvvəlki nəsillərə nisbətən daha tez (1-2 il) cinsi yetkinləşməsi ilə nəticələnir.
Cinsi yetişkənliyin tez başlaması o, demək deyildir cinsi əlaqəyə də tez başlamaq olar.
A.S. Makarenkoya müraciət edək: "Hər bir insan müəyyən yaşa çatdıqdan sonra cinsi həyat sürməlidir... İnsanın cinsi həyatı heyvanın cinsi həyatından fərqlənməlidir. Cinsi tərbiyənin məqsədləri də bu fərqlərdən nəşət edir. Heyvan ancaq nəsil yetirməyə can atdığı dərəcədə cinsi həyat sürür, heyvanlarda, demək olar pozğunluq olmur. İnsan bir çox hallarda uşaq istəyib-istəməməsindən asılı olmayaraq cinsi zövq almağa çalışır. Bu bəzən mənəvi cəhətdən özünü doğrultmayan elə qaydasız formalara düşür ki, insanın özünü də, başqalarını da bədbəxt edir. İnsan uzun bir tarixi inkişaf yolu keçmişdir və o, yalnız zooloji növ kimi deyil, həm də ictimai məxluq kimi inkişaf etmişdir. Bu inkişaf tarixində əxlaqın bir çox cəhətləri haqqında, o cümlədən də cinsi həyat haqqında insan çoxdan bəri ideal təsəvvürlər yaratmışdır”.
Oğlanlara nisbətən qızlarda məhəbbət hissi daha dərin və poetik şəkildə olur. Әgәr oğlanların bir çoxu qızlarla dostluğu cinsi əlaqədən ötrü başlanğıc hesab edirsə, qızlar oğlanla yoldaşlıq və dostluğu gələcək ailənin özülü kimi təsəvvürlərinə gətirir və onun möhkəmlənməsinə səy göstərirlər.
Cinslərin qarşılıqlı münasibətləri zamanı məsələnin əxlaq və vicdan tərəfini qiymətləndirməyən oğlanlar qızların inamından, təcrübəsizliyindən istifadə edərək onları aldadır, sonra isə "məhəbbət” oyununu başqa bir təcrübəsiz qızla oynayır. Nəticədə qızlarda kişilərə və "insanın ən böyük kəşfi” olan məhəbbətə inamsızlıq yaranır.
Cinsi tərbiyəylə bağlı aparılan məqsədyönlü, sistemli və planauyğun işlər gələcəkdə vaxtından əvvəl cinsi yaxınlığın, seksual motivli cinayətlərin, zorlama faktlarının qarşısını alır.
Oğlanlarda kişi keyfiyyətlərinin tərbiyə olunması vacibdir. Bəzi ailələrdə oğlanları həddən ziyadə infantil (uşaqlıq dövrünün xüsusiyyətlərini saxlayan) böyüdürlər. Yadda saxlamaq lazımdır ki, cinsi tərbiyə işləri elə aparılmalıdır ki, oğlan özünü kişi, qız xanım kimi hiss etsin.
Seksual tərbiyə dərslərinə 1889-cu ildə ilk dəfə İngiltərə məktəblərində başlayıblar. Sonralar Almaniya həmin təcrübədən faydalanıb. Fəqət həm İngiltərədə, həm də Almaniyada bu kimi dərslər etirazlara səbəb olub.
ABŞ - da seksual tərbiyə fənni ötən əsrin 40-cı illərindən tətbiq edilib və 60-cı illərin sonlarında bütün məktəbləri əhatə edib.
Cinsi və ya seksual tərbiyə dərsi intim həyatın necəliyindən ibarət deyil. Düşünürəm ki, məktəblərimizdə cinsi maarifləndirmə işlərinə geniş yer verilməlidir.
İstər ailədə, istərsə də məktəbdə cinsi tərbiyə kor - təbii, sistemsiz və pərakəndə şəkildə aparıla bilməz. Bu istiqamətdə qarşıya konkret məqsəd qoyulmalı, sistemlilik, planauyğunluq, fasiləsizlik gözlənməlidir. Ayrı - ayrı fənlər üzrə dərslər cinsi tərbiyəyə müəyyən qədər imkan versə də, "Reproduktiv sağlamlığın əsasları” fənninin imkanları daha genişdir.
Vaxtilə orta məktəbin IX siniflərində "Ailə həyatının etika və psixologiyası” fənni keçilirdi. Həmin fənnin, yaxud "Milli əxlaq və ailə etikası” fənninin yenidən ümumtəhsil məktəblərinin tədris planlarına salınması məqsədəuyğun olardı.
Bəzi ölkələrdə (İsveçdə və bir sıra digər Avropa ölkələrində) altıncı sinifdən etibarən şagirdlərlə insanın bədən üzvlərinin funksiyası və seks barədə söhbətlər aparılır.
Bizdə qızlar və oğlanlar yetkinlik yaşına çatana qədər, yəni 14 yaşına qədər mələk, toxunulmaz hesab olunur. Başqa sözlə, 18 yaşına kimi uşaqlar ata-analarının və müəllimlərin təlim-tərbiyəsi əhatəsində olur, bu mövzudan kənar böyüyürlər.
Valideynlər övladlarına şəxsi gigiyena qaydaları ilə bağlı məsləhətlər verməklə öz işlərini məhdudlaşdırmamalı, yeniyetmə və gənclərə orqanizmin biofizioloji xüsusiyyətləri, əks cinsə münasibət barəsində sadə, anlaşılan şəkildə məlumatlar çatdırmalıdırlar.
Valideynlər cinsi tərbiyənin vəzifələrini aydın təsəvvür etməlidirlər ki, bu istiqamətdəki fəaliyyətlərində səmərəli göstəricilər əldə etsinlər. Cinsi tərbiyəyə təxminən aşağıdakı vəzifələri daxil etmək mümkündür:
1. Gənc nəsildə hisslər mədəniyyəti tərbiyə etmək.
2. Oğlan və qızlar arasında mənəvi münasibətləri formalaşdırmaq.
3. Cinsi, bioloji və sosial problemlər haqqında sadə elmi təsəvvürlər yaratmaq.
4. İntim münasibətlərə görə sosial cavabdehlik hissi tərbiyələndirmək.
5. Şagirdlərə qadın və kişinin inkişaf qanunauyğunluqları haqda zəruri məlumatlar vermək.
6. Davranış xüsusiyyətlərinə dair elmi anlayışlar formalaşdırmaq.
7. Qızlarda qadınlıq, analıq; oğlanlarda kişilik, atalıq keyfiyyətlərini inkişaf etdirmək.
8. Oğlan və qızları nikaha, sağlam və xoşbəxt ailə həyatına hazırlamaq.
Deyilənlərə əsasən cinsi tərbiyəyə belə tərif vermək mümkündür: Cinsi tərbiyə oğlan və qızların mənəvi mədəniyyətə yiyələnmə prosesi olub, cinslərin qarşılıqlı münasibətləri ilə bağlı onlarda əxlaq normalarını formalaşdırır.
Akif Abbasov
pedaqogika üzrə elmlər doktoru, professor