Əslində insan həyat uğruna, xoşbəxtlik uğruna savaşmalı, yaşamalıdır. Xoşbəxt günləri qeyd etməliyik biz. Təntənə ilə qeyd etməliyik; Uşaqların Beynəlxalq Müdafiə gününü də.
Uşaqları qorumaq kimi ehtiyacımız varsa – insanlığı qorumağa ehtiyacımız var, deməli sevgi ölür. Yəni tarix boyu çəkişmələrin, müharibələrin baş verməsini heç cür ağlım almır. Hamı həyata bir dəfə gəldiyini, necə yaşasa da öləcəyini bilir, özü də dəqiq bilir, güman yeri olmadan bilir. Nəinki ayrı-ayrı insanların, dövlətlərin də "mənəmlik iddiası”nı başa düşmürəm. Niyə döyüşürlər, niyə müxtəlif bəhanələrlə həyatı cəhənnəmə döndərirlər?
Sevgini ölməyə qoymayaq. Sevgini yaşadaq ki, uşaqların kimsədən qorunmaq ehtiyacı olmasın.
İnsan nə desən edər. Yaşadığı ortamı cəhənnəmə də döndərər, cənnətə də.
Bunun üçün sevgiyə sadiq olmalıyıq. Uşaqların Beynəlxalq Müdafiə Gününə əsil sevinc - sevgi arzulayıram. Özümüzü özümüzə xəyanətdən xilas edək. Adi rəngli şarlara yer kürəsi boyda sevinən uşaqlarımızı – həyatımızı bizdən asılı olmayan səbəblərdən qoruyaq. Uşaqlar üçün YER kürəsi elə sevindikləri, sevdikləri rəngli şardı. Onlar bu şarlar partlayanda qorxurlar, niyə partladığının elmi izahını bilməsələr də , çox dolanda partladığının şahidi olurlar. Yer kürəmizi - həyatımızı şərdən, şeytandan, haqsızlıqdan, nifrətdən – şeytanlardan qoruyaq. Qoruyaq ki, partlamasın, parçalanmasın. Bütövlüyü qoruyaq. Sevgini ölməyə qoymayaq. SEVGİYLƏ böyüyək, yaşayaq. Sevgi həmişə QALİB olsun.
Kamalə Abiyeva