Uşaqların hüquqlarının pozulması, ilk növbədə, ailədən və onu əhatə edən mühitdən başlanır. Ailədə, bağçada, məktəbdə uşaqların etdiyi uşaqlıq səhvlərinə görə cəza vermək onların hüquqlarının istismar edilməsidir. Uşaq etdiyi səhvə görə fiziki şiddətə məruz qalaraq cəzalandırılmamalıdır. Cəza növü seçilərkən fiziki şiddət yolu seçilməməli, uşağa etdiyi səhvin doğru olmadığı müxtəlif yollarla izah edilməlidir. Uşaqları fiziki cəzalandırmaq onların hüquqlarının kobudcasına pozmaq deməkdir. Lakin bizim kimi cəmiyyətlərdə uşağa şəxsi əmlak kimi yanaşılır, bəzi hallarda onun hüquq və psixologiyası, hissləri nəzərə alınmır. Fikirləşirlər ki, uşaqla necə davranmaq valideynlərin şəxsi işi və hüququdur. Bu baxımdan cəmiyyətdə artan ümumi aqressiya fonunda uşaqların taleyi xüsusi narahatlıq doğurur.
Biz uşaqlarımızı cəmiyyətdəki digər təhlükə və bəlalardan qorumalı olduğumuz halda, çox təəssüf ki, son vaxtlar onlar məhz öz valideynləri və ya onların yaxınları tərəfindən işgəncəyə məruz qalır, qətlə yetirilir. Uşaqlar zərbəni daha çox evlərinin içində alır. Bu zərbə əvvəl söyülmək, döyülmək, təhsil hüququndan məhrum edilmək, dilənməyə məcbur edilmək, məcburi əməyə cəlb edilmək idisə, indi zorlanmaq, öldürülməkdi. Bu, məni, bizi çox qorxudur və narahat edir.
Bu həssas və ciddi duruma gətirib çıxaran səbəblərdən biri də həmin ailələrdə narkotik maddələrdən istifadə, şüursuz olaraq atılan addımlardır. Buna görə də, ətrafımızda bu kimi həyati təhlükəsi olan uşaqlar barədə zamanında aidiyyəti qurumlara məlumat verilməli, xilas edilməlidir. Uşaqlara qarşı edilən zorakılığa qarşı hər bir vətəndaş mübarizə aparmalıdır. Uşaq üçün yaşadığı evdə işgəncə, təhlükə varsa, vaxtında o evdən uzaqlaşdırılmalıdır, zorakılıq edən şəxslər valideyn hüququndan məhrum edilməlidir.
Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin əsaslarında "Uşaqla amansız davrandıqda" yazılır. "Amansız” dedikdə fiziki təzyiqlər nəzərdə tutulur. Ancaq faciələrə yol açan valideyn etinasızlığı da ən böyük zorakılıq sayıla bilər. Elə bu yaxınlarda ölkəmizdə 11 yaşlı uşağın ölümündə də valideyn etinasızlığı, hətta onu himayə etməməsi ən böyük səbəbdir.
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanununa görə, hər bir uşağın həyat və sağlamlığının mühafizə edilməsi hüququ var. Dövlət uşaqların həyatının mühafizəsi, təhlükəsizliyi üçün müvafiq tədbirlər görməlidir. Fikrimcə, uşaqların valideynləri və ya onların yaxınları tərəfindən işgəncəyə məruz qalmasının, öldürürlməsinin qarşısını almaq üçün qanunvericilikdəki boşluqlar aradan qaldırılmalı, cəza tədbirləri gücləndirilməlidir. Onlar üçün heç bir yüngüllüşdərici maddə olmamalıdır. Hər kəs bu addımı atarkən daha böyük məsuliyyət, qorxu hissi keçirməlidir.
Uşaqların bu şəkildə ölümü çox qorxulu tendensiyadır və cəmiyyət üçün siqnaldır. Bu durumun qarşısını almaq üçün hər kəs çalışmalıdır. Valideynlərin psixoloji durumu, həyat tərzi monitorinq edilməlidir, cəza tədbirləri barədə məlumatlandırılmalıdırlar. Həmçinin, uşaqlar arasında da hüquqları, xüsusi "Qaynar xətt”lər barədə maarifləndirmə işləri aparılmalıdır ki, onlar valideynləri və ya yaxınları tərəfindən təhdidlə üzləşəndə müraciət etməli olduqları ünvanları bilsinlər və sonradan belə faciələr yaşanmasın. Polis üçün sonradan işi yönəldəyə biləcəyi, uşaq və valideynlərin psixoloji dəstək ala, reabilitasiya görə biləcəyi mərkəzlər olmalıdır. Xüsusi olaraq, biz uşaqlara qarşı hər hansı hüquq pozuntusu, zorakılıq gördükdə, bunu xəbər verməliyik. Ağır cinayətlər barədə bilib xəbər verməmək, özü də hüquqi məsuliyyət yaradır.
Gəlin valideyn olaraq övladımızın, müəllim olaraq şagirdimizin hüquqlarına sayğıyla yanaşaq, dövlət, cəmiyyət olaraq balaca vətəndaşlarımızın haqlarını qoruyaq və onların sağlam düşüncəli, hüquqlarını qoruya bilən bir şəxsiyyət kimi yetişməsi üçün çalışaq. Bu, bizim borcumuz və vəzifəmizdir.