YAZI / DÜŞÜNCƏ
Uşaq pişiyi döyür, valideyn tum çırtlayır - Şəhriyar yazır Tarix : 06 Avqust 2022, 18:58

Bakıda 7 yaşlı uşaq balaca pişiyi boğaraq işgəncə verib, sonra da yandıraraq öldürüb. 


Mənim yaxşı yadımdadır, uşaq vaxtı biz də tisbağa, qurbağa yandırırdıq. Çünki bizə düzgün tərbiyə verməmişdilər.


Mən bu mövzuda çox yazmışam. Hətta bir dəfə yazdım ki, heyvanları sevməyən insanlar yabanı olur. Bəli, bu səbəbdən biz yabanı böyüdük, amma sonralar kimisi özü-özünü tərbiyə, inkişaf etdirə bildi, kimisi də (əksəriyyəti) elə yabanı olaraq qaldı.


Azərbaycanda, xüsusilə Bakıda heyvanlara qarşı sevgini mən yalnız rus dilli ailələrdə görürəm. Bunu illərdir müşahidə edirəm. 


Bakının elə bir yeri yoxdu ki, orda kirayə qalmayım, ona görə hər yerin sakinlərini gözəl tanıyıram. 


Hər yerdə eynidi. 


"Rusdilli" ailələr(yalnız ruslar deyil) həyətdə, blokda, küçədə heyvanlar üçün su, yemək və.s qoyurlar. Rusdilli valideynlər, ana, nənələr hər zaman parkda, məhlədə, həyətdə gəzərkən uşaq ilə ancaq dialoqdadırlar. 


Pişiyin, itin yanında dayanıb onunla söhbət edirlər. Uşaq dayanmadan sual verir. Onu gəzdirən isə çox səbrlə başa salır. 


Azərbaycandilli valideynlər tam fərqlidir. 

Məhlədə it, pişik, quş görən kimi uşaqlar onu daşlayıb qovurlar. Valideynlər də kənarda oturub tum çırtlayır.


Heyvanlara sevgi birbaşa cəmiyyəti, insanları mədəni edir. Bunun səbəbi nədir bilmirəm açığı. Amma bu həqiqətən belədir.


Heyvan sevən insanlar nədənsə mədəni, intellektual, cinayətə az meylli, alicənab bizim loru dildə desək, səviyyəli olurlar. 


Bir dəfə xarici saytların birində online mağaza açmışdım. Əsasən ABŞ, Kanada, Britaniya, Avstriya kimi ingilisdili ölkələrə satışlar edilirdi.


Mən "hansı kontent üzərində mal satım" deyə axtarış edəndə qabağıma qəribə bir trend çıxdı. Milyonlarla məhsul olan saytda ən çox satılan məhsulların TOP-unda birisiniz nə vardı?


"Uşaq otaqlarının divarına vurulan heyvan şəkilləri".


Bu şəkillər istər əl ilə çəkilən, istər printer ilə və. s. idi. Ən çox satılanlar sırasında "bestseller" olmuşdular.


Yəni ailədə uşaq doğulursa, mütləq onun yatdığı, oynadığı otağın divarları heyvan şəkilləri ilə dolu olur.


İnsanlara uşaqlıqdan heyvanları sevməyi öyrədirlər.


Bu çox önəmli psixoloji bir tərbiyə üsuludur.


Hər halda bizdən çox bilirlər ki, bizdən qat-qat gözəl cəmiyyət formalaşdıra biliblər.


Şəhriyar Məhərrəmov

qadinkimi.com