EV / ÇÖL
Evimiz olsaydı, boşanmazdıq - Kəramət Böyükçöl Tarix : 19 May 2019, 21:22
Yazar : Qadinkimi.com
Yaxınlarda məni bir verilişə dəvət etmişdilər. Mövzu ailə ilə bağlı idi. Ailə cəmiyyətin özəyidirmi? Müasir ailə modeli necə olmalıdır? Bizdə boşanmaların sayı niyə get-gedə çoxalır və s.

Məndə həmişə belə olur, veriliş qurtarandan sonra düşünürəm ki, yenə fikirlərimi çatdıra bilmədim, sanki, nəsə yenə yarımçıq qaldı, sanki, yenə nə demək istədiyimi izah eləyə bilmədim. Niyə? Çünki ailə həm çox qəliz, həm də bir qədər şəxsi məsələdir deyə, cəmiyyətə istədiyin kimi məsləhət verə bilmirsən. Bilirəm, bu yazını da yazıb qurtaracağam, fikirlərim yenə yarımçıq qalacaq, düşüncələrimi axıra kimi izah eləyə bilməyəcəyəm. 

Təəssüf ki, Azərbaycanın hüquqi bir cəmiyyət olma prosesi çox ləng gedir, biz hələ də adət-ənənə ölkəsi olaraq qalırıq. Mentalitet, köhnəlmiş dəyərlər, sosial problemlər, maddi ehtiyaclar... Belə bir mühitdə quruca sevgi hissinin iki insanı bir yerdə xoşbəxt eləməyə sonacan gücü çatmır, tükənir, yorulur, bezir. İnsanlar yalnız özü, ailəsi üçün yaşaya bilmir. Zamanla o sevgi hissələrə bölünür, o sevgi ataya, anaya, bacı-qardaşa, bank kreditinə, məişət qayğılarına, uşağa, gəlin-qayınana davasına vurulur, toplanır, çıxılır, yerdə isə bir uşaqdan başqa heç nə qalmır. Görürsən ki, evlənməyinin üstündən heç bir il keçməyib, sən artıq özünü qıçı qırılmış at kimi hiss edirsən. Qadın da bezib, kişi də. Axı sən hər şeyi tamam başqa cür təsəvvür edirdin, elə bilirdin ilk gündəki kimi evə həvəslə gəlib-gedəcəksən, elə bilirdin hər axşam işdən gələndə qapının ağzında qucaqlaşacaq, öpüşəcəksiniz, tez əlini-üzünü yuyub isti yemək yeyəcək, sonra uzanıb rahatca filmə baxacaq, dəniz kənarına çıxacaqsınız və s. Bu hisslərin hamısı yavaş-yavaş yoxa çıxır, əriyib gedir, saçlar da mənasını itirir, əllər də, gözlər də... Çünki məişət divarları arasında ölməyən sevgi yoxdur. 

Bu cür şeylər çox ailədə olur; əvvəli xoşbəxt, sonrası isə dava-dalaş, hirs, əsəb, nervi, lap sonda isə ayrılıq, ölüm. Bəs nə baş verdi? Görüşünə tələsə-tələsə getdiyin, hər gün onun üçün yuyunduğun, saçını onun üçün daradığın, onun üçün ətirləndiyin qadın, yaxud kişi necə oldu ki, evlənəndən bir müddət sonra əziyyətə, işgəncəyə çevrildi?

Məncə, sevgi yalanla qidalanan bir hissdir, ailə isə həqiqətdir. Məsələn, sevdiyin qadına əvvəl maaşını çox deyirsən, çünki 250 manat maaşdan utanırsan. Özünü hər sahədə ona qəhrəman kimi təqdim edirsən. Elə qarşı tərəf də bu cür edir, o da özünü sənə yalanlarla sevdirir. Düzdür, bunlar pis, iyrənc yalan deyil, gözəl hisslərdir. Amma ailə həqiqətdir, sən burada heç nəyi yalan danışa bilmirsən, hər şey qısa zaman içərisəndə üzə çıxır, aydın olur. Qadın, az qala, ideallaşdırdığı kişinin acizliyinin, çarəsizliyinin şahidi olur. Görür ki, o, kirayə pulu ödəyə bilmir. Görür ki, o, ev-eşiyin maddi ehtiyaclarını qarşılamağa çətinlik çəkir. Beləcə aradakı sevgi çürüməyə başlayır. Heç ehtiras hissi də qalmır. Artıq hər iki tərəf bir-birləri üçün adiləşiblər. Əvvəl hər gün sevişirdilərsə, indi ayda bir dəfə ola, ya olmaya. Yavaş-yavaş kişi evə gec gəlməyə başlayır. Bir müddət sonra isə ümumiyyətlə, evə gəlmək istəmir. 

Bir tərəfdən də ana, ata öz oğluna xüsusi mülkiyyət kimi baxır. Oğulu gələcəyinin təminatı kimi böyüdür, neçə illərdir özünü bu hisslə tərbiyyələndirib. Ana düşünür ki, əziyyət çəkib oğul böyütmüşəm, institut oxutmuşam, ona arvad almışam. İndi də oğlum məni saxlamalıdır, gəlinim paltarları yumalıdır, hər gün ev yığışdırmalıdır, döşəməni silməlidir və s. Bir sözlə, gəlin evdə fəhlə işləməlidir. Çünki ana özü də bu mərhələni keçib, bu əzab-əziyyəti çəkib. Gənc ailə isə qaynananın, qaynatanın bu arzularına, uzaq başı, bir müddət dözür, sonra üsyan başlayır. Oğul iki azərbaycan qadının arasında seçim etmək məcburiyyətində qalır. Dava-dalaşlar, cinayətlər, həbslər, göz yaşları bundan sonra baş verir. 

Təbii, Azərbaycanda normal, mədəni, sivil boşanma mədəniyyəti də yoxdur. Adam evlənər də, ayrılar da. Guya ayrılıb xoşbəxt olacaqsan ki? Yenə eyni problemlər hər tində, hər bucaqda qarşına çıxacaq. Hərdən də düşünürsən ki, necə oldu o sevgi, o cür gözəl hisslər düşmənçiliyə, qisasa çevrildi? Fikirləşirsən ki, günah kimdədir? Ramiz Rövşənin məşhur misraları yada düşür: 

Hamı günahkardır dünyada, amma, 
Dünyada heç kimin günahı yoxdur. 

Valla, doğrudan da, heç kimin günahı yoxdur. Sadəcə, bu ağrılara, problemlərə sonacan dözmək olmur. Ailənin yaşaması üçün süni stimul mənbələri də yoxdur. Çünki sən 250-300 manatlıq iş yerində də rahat deyilsən. Həyata keçməyən arzuların hamısı get-gedə içində nifrətə çevrilir. Hər şey səni əsəbiləşdirir; ata da, ana da, bacı-qardaş da, iş yeri də, xozeyka da, məhlədəki borclu olduğun dükanlar da... Alınmayan arzular içində bıçağa, baltaya, dəhrəyə, yumruğa çevrilir. Alkaş olursan, əyyaş olursan, narkoman olursan...

Qayınatanın gözündən düşürsən, qayınananın xəyallarındakı kürəkən obrazı darmadağın olur. Niyə belə oldu? Məncə, normal maaşlı iş yerimiz olsaydı, belə olmazdı. Sevginin, ailənin ömrü bir az da uzanardı. Ayrıca evimiz olsaydı, heç olmasa, həftədə bir dəfə ailəlikcə rahat istirahət imkanımız olsaydı, belə olmazdı, aramızda mənasız düşmənçilik toxumları cücərməzdi, birtəhər xoşbəxt olmaq olardı. 

Bu yaxınlarda Nizami rayon məhkəməsinin divarına yapışdırılmış elanlara baxdım ki, görüm, cəmiyyətin problemləri nədir? İnsanların yolu ən çox nəyə görə məhkəmədən keçir? Təxminən, yüz elan oxudum, düz 95% insan ya boşanır, ya da krediti ödəyə bilmədiyinə görə banklar onları məhkəməyə vermişdi. Allah bilir, hansısa ailədən iki dəfə məhkəməyə müraciət olunub, onlar həm krediti ödəyə bilmir, həm də boşanırlar. Məncə, əksər cinayətlər, boşanmalar, ayrılıqlar da sosial problemlərdən, işsizlikdən, evsizlikdən stimullaşır, Azərbaycanda sevgi belə ölür, belə məhv olur, belə yoxa çıxır, valideynlər belə dalaşır, belə döyüşür, sonda isə övladlar məğlub olur. 
 


Kəramət Böyükçöl
 
Mənbə: Oxu.az