SƏNƏT
Türk teatrının 91 yaşlı ustad sənətkarı Yıldız Kenter vəfat etdi Tarix : 18 Noyabr 2019, 13:25
Yazar : Qadinkimi.com
Türk teatrının usta ismi aydın Cümhuriyyət qadını olan Yıldız Kenter 91 yaşında həyata gözlərini yumdu. Allah rəhmət etsin! Bütün türk sənət camiəsini dərin hüznə boğan bu əsil qadının keçdiyi həyat yoluna nəzər salaq. 

Kim idi Yıdız Kenter?

Əsl adı Ayşe Yıldız olan Yıldız Kenter 11 oktyabr 1928-ci ildə İstanbulda anadan olub. Anası ingilis əsilli Olga Chyntia sonradan Türkiyə vətəndaşlığını alaraq adını Nadide Kenter olaraq dəyişir. Atası isə türk diplomat Ahmet Naci Kenter idi. Ana babasının İngiltərədə Şekspirin oyunlarını səhnələşdirən teatr qrupu  var idi. Və düz 11 yaşında Yıldız Kenter aktrisa olmağa qərar verir. Anasından gizli atasının dəstəyi ilə Ankara Dövlət Konservatoriyasının yüksək bölümünə  daxil olur.  O dövrün ən  məşhur şair, yazıçı və teatr aktyorlarından olan Carl Ebert, Nurettin Sevin, Mahir Canova, Cahit Külebi, Sabahattin Ali kimi isimlərdən dərs alır və konservatoriyanı yaşından tez bitirir. 
 


11 il Ankara Dövlət Teatrında çalışır. "Rockefeller" təqaüdü qazanaraq (American Theatre Wing, Neighbourhood Play House ve Actor’s Studio-ing) Amerika Teatr Qanadı, Qonşuluq Oyun Evi və Aktyor Studiyasında aktyorluq və aktyorluq tədrisində yeni üsullar üzərində çalışmalar aparır. Sonra isə Ankara Dövlət Konservatoriyasına müəllim təyin edilir.

1959-cu ildə Dövlət Teatrından ayrılır və Muhsin Ertuğrul ilə bir il çalışır. Qardaşı Müşfik Kenter və həyat yoldaşı Şükran Güngör ilə "Paytaxt Aktyorları Topluluğu”nu qurdu. Sonrakı illərdə ABŞ-da və İngiltərədə "Dəyişən təhsil metodları" və "aktyorluq metodları" üzərində davamlı çalışır.
 


1962-ci ildə teatr xidmətlərinə görə "İlin Qadını” seçilir. 1968-ci ildə İstanbuldakı Kenter Teatrının inşasını başa çatdırır. Film aktyoru kimi üç dəfə "Altın Portakal" mükafatına layiq görülür. Sovet İttifaqı, ABŞ, İngiltərə, Almaniya, Hollandiya, Danimarka, Kanada, Yuqoslaviya və Kiprdə ingilis və türk dillərində tamaşalar göstərir.

Rejissor olaraq 100-dən çox tamaşa hazırlayır, bir o qədər də tamaşada  rol alır. Şekspir, Çexov, Brext, Inoesco, Pinter, Albee, Tennessi Williams, Alan Ayckbourn, Artur Miller, Brian Freil, Neil Simon, Athol Fugard, Sergey Kokovkin, Melih Cevdet Anday, Necati Cumali, Güner Sumer, Adalet Agaog kimi bir çox yazıçı ilə yanaşı , Zeki Özturanlı, Güngör Dilmen, Muzaffer İzgu, eləcə də bir çox türk yazıçısının səhnəyə qoyulan pyeslərini oynayır.

1984-cü ildə Romadakı İtalyan Mədəniyyət Dərnəyi tərəfindən "Adalaide Ristori ”mükafatına layiq görülür. Professor Yıldız Kenter 37 il səhnə müəllimi olaraq fəaliyyət göstərir. Eyni zamanda Koç universitetində teatr dərsləri verir. 
 


1989-cu ildə Korsika Bastia Film Festivalında "Hanım" filmindəki roluna görə "Ən yaxşı qadın aktrisa”  mükafatını alır.

1991-ci ildə Teatrdakı xidmətlərinə görə Beynəlxalq Aslanlar Klubunun "The Melvin Jones" mükafatına layiq görülmüşdür. İki dəfə Ülvi Uraz "Ən yaxşı qadın aktrisa” üç dəfə də eyni kateqoriyada Avni Dilligil mükafatını qazandı.

1994-cü ildə "Konken Partisi" pyesindəki Fonsla roluna görə "Möhtəşəm ifa” mükafatını aldı. Finlandiya, Dünya Qadınlar Təşkilatı tərəfindən "Əsrin ən uğurlu yüz qadınından biri” olaraq mükafatlandırıldı. 1995-ci ildə teatr sənətinə verdiyi töhfələrə görə Mədəniyyət Nazirliyinin "Şərəf" mükafatını aldı. Eyni ildə professor Kenter teatr sənətinə verdiyi töhfələrə görə Mövlana Qardaşlıq və Barış Mükafatına layiq görüldü.

1996-cı ildə "Ramiz və Jülidə” oyunundakı Jülide roluna görə Jurnalistlər Birliyi tərəfindən verilmiş "Ən yaxşı aktrisa" mükafatına layiq görülür. 19 May 1997-ci ildə Beynəlxalq İstanbul Festivalı tərəfindən teatr sənətinə ömrü boyu verdiyi töhfələrə görə verilən fəxri mükafat Yıldız Kentere Dame Diana Rigg tərəfindən təqdim edildi.

1998-ci ildə Ankara Sənət Təşkilatı tərəfindən "İlin Qadın Sənətçisi” mükafatını, Muhsin Ertuğrul yaşam boyu teatr sənətinə töhfələrinə görə”Şərəf” ordenini alır. 

2013 cü ildə "Sevgi həmişə varıydı..” adlı xatirə kitabını yayımlayır. Karyerasına saysız hesabsız gözəl işlər sığdıran xanım  eyni zamanda UNİCEF-in xoşməramlı elçisi olub.
 
 
qadinkimi.com