Tolstoyun "İnsan nə ilə yaşayır?” adlı kitabında fermer Pahomun ibrətamiz hekayəsi verilib.
Sadə fermer Pahom özünə daha zəngin həyat arzulayır. Yaşadığı yerdən çox uzaqlarda səxavətli bir mülkədarın təmənnasız torpaq payladığını eşidən kimi daha çox torpaq əldə etmək üçün onun yanına gedir. Həqiqətən də mülkədar hər kəsə istədiyi qədər torpaq verirdi. O, Pahoma deyir: "Səhər günəşin doğuşundan batışına qədər gedə bildiyin bütün yerlər sənindi, amma günəş batmadan gəldiyin yerə qayıtmalısan. Yoxsa bütün haqqını itirərsən”.
Pahom günəş doğan kimi gəzməyə başlayır. Tarlalardan, bağ-bağçalardan keçir. Bu bağ, bu tarla deyə-deyə, bir də baxır ki, günəşin batmasına az qalıb. Qaçır, qaçır, amma taqətdən düşür. Halsız addımlarla yeriməyə davam edəndə burnundan qan axmağa başlayır. Başladığı nöqtəyə çatmağına çox az qalmış bir an yerə yıxılır və bir daha ayağa qalxa bilmir…
Mülkədar bütün bunları kənardan izləyir. Dəfələrlə şahidi olduğu hadisə yenidən təkrarlanırdı. Adamlarına bir məzar qazdırır. Pahom bu məzara qoyulur. Mülkədar Pahomun məzarının başında belə deyir: "Bir insana bu qədər torpaq bəs edər!”
Hər zaman nələrisə yığırıq özümüz üçün. Yeyə bilməyəcəyimiz qədər ərzaq, geyinə bilməyəcəyimiz qədər paltar, istifadə edə bilməyəcəyimiz qədər əşya, yaşaya bilməyəcəyimiz qədər ev…
Gözlərimiz mədələrimizdən, arzularımız ehtiyaclarımızdan daha böyükdü... insan yaşlandıqca arzularını bəsləyir, gəncləşdirir. Yığdıqları çoxaldıqca həyata daha çox bağlanır. Elə bağlanır ki, bir gün buralardan köçüb gedəcəyini unudur.
İsrafçılığa da çox həvəslidi insan. Yığdığı pulun, əşyanın, malın-mülkün yolunda zamanını, sözünü israf edir. Eqosunu artırdıqca, insanlığını israf edir. Süfrəyə qoya bildiyimiz bir stəkan çay və çörəyin qazanmağın özünün zənginlik olduğunu nə zaman anlayacağıq?
Hərisliyimiz bizi xoşbəxt edə bilirmi?
Əslində, görən bir gözü, tutan bir əli, yeriyən bir ayağı satın ala və itirdiyimizdə qaytara bilməyəcək qədər kasıbıq hamımız…
qadinkimi.com