YAZI / DÜŞÜNCƏ
Təranə Məmməd - Daha bir may Tarix : 06 May 2020, 21:59
Yazar : Qadinkimi.com

(xatirə)

Mən qaça-qaça Şuşanın mərkəz küçələrinin daşlı pilləkənlərilə bir neçə dalan keçib Xavər xalanın qapısını döydüm. Xavər xalanı Şuşada hamı tanıyırdı. Ona dəli Xavər də deyirdilər.
Qadın qapını açıb mənə təəccüblə baxdı, sonra yavaşca:
- Gəl. Xoş gəlmisən!- deyib əllərimdən tutdu və məni qapıdan içəri saldı.
- Xavər xala, necəsən?- deyə soruşdum.
- Mən yaxşıyam, həmişə yaxşıyam. Mənə nə var ki ?.. Odur ee, Voroşilov məni qoruyur - deyə qadın divardakı şəkilə işarə etdi.
Şəkildəki şəxs həqiqətən Rusiyanın ilk marşallarından olan Kliment Voroşilov idi. Bu şəkilin onun evində çoxdan olduğunu bilirdim.
- Xavər xala, şəhərdə heç kim yoxdur. Nə baş verib burda?
Xavər xala kövrəldi və gözlərini silə-silə :
- Hamı getdi. Hara getdiklərini bilmirəm ki. Getdilər. Gəl bura sənə bir söz deyim, ancaq heç kimə demə haa!

Xavər xala mənə yaxınlaşıb sakit səslə davam etdi:
- Camaatı qırdılar. Çox qan axdı. Xocalıda toy var idi. Hə, mən də gedəcəydim o toya. Amma, indi orda heç nə yoxdur. Xocalı da yoxdur. Ermənilər elədi hamısını. Voroşilova yalvardım. Dedim, ay kişi, qoyma cavanlar qırılsın.Dedi ki, mənlik deyil,hakimiyyət dəyişib indi mənim sözüm keçmir. Ermənilər öldürdü. Mən həmişə deyirdim ki, xaini bağışlamaq olmaz o ikinci dəfə də xainlik edəcək. Ermənilər xaindir. Mənim atamı da o vaxtlar ermənilər öldürüb. Amma sonralar mən öz əllərimlə onlara çörək vermişəm . Allah onların kökünü kəssin! Stepanakertdən bir qonağım var idi Artuş adında. Əclaf! Üstümüzə əli silahlı gəldi. Özüm gördüm onu əsgər paltarında.
- Xavər xala,gəl gedək . Gəlmişəm səni aparmağa.Tək niyə qalmısan burda?- deyə mən qadının qolundan tutdum. O, üzümə baxa-baxa gülümsədi və:
- Tək niyə? Voroşilovlayam mən. O deyir ki, heç yerə getmə. Voroşilov ağıllı kişidir, - dedi.
Mən Xavər xalanın ağappaq saçlarına, çuxura düşmüş gözlərinə, dərisi sallanmış və qara damarları çıxmış əllərinə baxdıqca bu sərsəm tənha qadına yazığım gəlirdi.
- Hazırlaş, Xavər xala. Səni burda qoya bilmərəm . Gəl gedək burdan!
- Hara?
- Nə bilim, hamı hara gedib, biz də ora.
- Şuşanı qoyub gedə bilmərəm. Şuşasız mən nəyə lazımam? Heç yerdə yaşaya bilmərəm.
- Xavər xala , Şuşada heç kim yoxdur. Qala boşdur.
- Hiii!! Elə demə, başına dönüm. Bəs ölülər?
Hamısı burdadı. Sən nə danışırsan?
- Xavər xala,gəl, gəl gedək burdan!
- Sən get. Sən qonaqsan. Sən Şuşadan çıxıb gedə bilərsən, amma mən getmərəm. Mən burda qalmalıyam. O uşaqlara,əsgərlərə qulluq etməliyəm. Bax , gəl bura.
Xavər xala məni çəkə-çəkə öz otağına apardı. Otaq bomboş idi.
- Bax. Bunlar hamısı Şuşanı müdafiə edərkən ölüblər. Hamısı burdadı. Mən onları qoruyuram. Onları qoyub heç yerə gedə bilmərəm.
- Xavər xala, gəl gedək, gəl! - deyə mən onu otaqdan dəhlizə çıxartdım sonra:
- Xavər xala, gedək mənimlə Bakıya! - dedim.
Xavər xala cəld əlini məndən çəkib:
- Dedim ki, getməyəcəm!
Elə bu sözü demişdi ki, evin ortasına iri bir qumbara düşdü. Xavər xalanın başından axan qan süzülüb düz mənim ayaqlarımın yanına qədər gəldi. Mən tərpənə bilmirdim.
Xavər xala bir qədər ayaq üstə durub qəfildən yerə sərildi. Mən yaxınlaşıb qulağımı onun ürəyinə söykədim. O nəfəs almırdı.
Başımı qaldıranda hər yer yanırdı. Boğazım qurumuşdu. Nəfəs ala bilmirdim. Xavər xalanın evinin uçmuş divarı arxasından bütün Şuşa görünürdü.
Şəhər od içində yanırdı. Ara-sıra erməni dilində sözlər gəlirdi qulağıma. Çıdır düzündə hər çiçəyin üstündə alov parıldayır, xarıbülbüllər alışıb yanırdı. Atlar od alov içində oyan bu yana qaçırdılar. Topxanadan qalxan alov ətrafı bürümüşdü.
Şəhərin mərkəzində alov bir evdən o biri evə keçir, tədricən şəhər qırmızı və sarı rənglərə boyanırdı.
Mən bu mənzərəni seyr etdikcə dəhşətə gəlirdim.
Qışqırmaq, köməyə çağırmaq istəsəm də səsim çıxmırdı.
Elə bu vaxt gözüm Voroşilovun portretinə sataşdı. Mənə elə gəldi ki, o mənə baxıb istezayla gülürdü.
- Ayıb olsun sizə! Siz istəsəydiniz bu zülmü dayandıra bilərdiniz! Axı, bu qadın həmişə sizə hörmətlə yanaşıb! - dedim və yerdən bir ovuc qanlı torpaq götürüb onun üzünə çırpdım.
Artıq alov mənim lap yaxınlığımda idi. Əllərim yanırdı. Mən alovlu əllərimi yuxarı qaldırıb:
- Allahım, sən bu şəhəri xilas et! -deyə qışqırdım.
Bu zaman arxadan Xavər xala qanlı əlləriylə məni qucaqlayıb odumu söndürdü. Onun soyuq qanı üstümə süzüldükcə bədənim buz kimi olurdu.
Əllərimlə başımı, alnımı sildim. Buz kimi tər idi bütün bədənim. Mən bu odun, alovun içində donurdum...

Gözlərimi açıb dəhşətli yuxu gördüyümü anladım. Çox həyacanlı idim.
Mətbəxə keçib bir fincan soyuq su içdim. Sonra eyvana çıxdım.
Uzun illərdir ki, hər dəfə may ayının əvvəllərində bu dəhşətli yuxunu görürəm. Yenə hər il olduğu kimi Şuşasızlığı dərk etdim. Ağrıdan az qala partlayan başımı sürahıya söykəyib çarəsizlikdən hönkür- hönkür "acizəm,Şuşam!" - deyə ağladım.

P.S.
Bir necə il dalbadal Şuşaya istirahətə gələndə Xavər xalanın evində qalırdıq. Qadın bir qədər qeyri-adi olsa da çox təmizkar və mehriban idi. Həqiqətən evində Voroşilovun portretini saxlayır və inanırdı ki, o onu hər bəladan qoruya biləcək qədər güclüdür...

 

 


qadinkimi.com