Sehirli gül butasıdı,
Daş üstə də açasıdı,
Sevginin ən ucasıdı,
Vətən sevgisi!
(Gəray Göyyurd)
Universitetin İkinci kursunu bitirirdim. Ərəb dilindən imtahan verirdim o gün. Tələbə yoldaşlarımdan ayrılıb boş bir otaqda biletlərin suallarını təkrar edirdim. Oturduğum otağa bir cavan oğlan daxil oldu.
- Burda otursam sizə mane olmaram?
-Yox. Buyurun, - dedim.
O, arxada oturdu, başını aşağı salıb dəftərindən nəsə oxuyurdu. İmtahan ərəfəsində o qədər həyacanlı idim ki, onun mənə verdiyi sualı eşitmədim və çönüb ondan:
- Nəsə dediniz? - soruşdum.
- Dedim ki, bakılısınız?
- Xeyr.
Mən yenə gözlərimi kitaba zillədim.
- Bəs haralısınız?
Mən arxaya çönüb gülümsündüm və:
-Yenə nəsə dediniz? - deyə soruşdum.
- Dedim ki, bəs haralısınız?- deyə o da gülümsündü.
- Anam şuşalıdır. Atam ağdamlı.
- Ola bilməz!
- Niyə?
- Çünki mən də şuşalıyam.
- Doğrudan?
Beləliklə, biz tanış olduq. Mən o qədər sevinirdim ki, elə bil qohumlarımdan kiməsə rast gəlmişdim.
- Mən 4 - cü kursda oxuyuram, Hüquq fakültəsində. Adım Ümiddir,- deyə oğlan mənə tanışlıq verdi.
- Mənim adım Gülərdir. Şərqşünas olacam əgər bu gün imtahanı verə bilsəm,- deyə mən də tanışlığı qəbul etdim.
Bir qədər sonra yenicə tanış olduğum həmyerlimlə sağollaşıb imtahana getdim.
Sonralar onu bir daha görmədim.
O, məndən yaşca böyük və ilk baxışdan çox ciddi bir oğlan kimi qaldı yadımda.
Həmin yay biz Şuşaya istirahətə getdik.
Atamın dostları bizi həmişə Şuşada o qədər gözəl qarşılayırdılar ki, günlərin necə gəlib necə getdiyini hiss etmirdik.
Bu dəfə ecazkar Şuşada bizi həm də qohumlar gözləyirdi.
İlk getdiyimiz və qalacağımız yer qohumlardan birinin evi idi.
Biz təzəcə yerləşmişdik ki, ev telefonuna zəng gəldi.
- Ev sahibəsi mənə baxaraq:
- Gülər, qızım, səni telefona çağırırlar.
Hamı mənə baxdı. Bir qədər özümü itirib:
- Siz səhv edirsiz. Mənə kim zəng edə bilər?
- Deyir tələbə yoldaşıdı.
Mən telefona yaxınlaşdım.
- Vətənə xoş gəldiniz, Gülər xanım.
- Bağışlayın...
- Ümiddir.
- Aaaa! Ümid. Necəsiniz? Biz indicə yerləşmişik hələ.
- Bilirəm. Gördüm sizi gələndə. Sonra arxanızca gəldim. O evi tanıyıram. Ona görə zəng etdim. Bir gün bizə də dəvətlisiniz.
- Çox sağ olun.
Mən dəstəyi yerinə asanda, nədənsə rəngim qıpqırmızı idi.
Evdəkilərin baxışları mənə zillənmişdi. Özümü bu yaranmış vəziyyətdən xilas etmək üçün dərindən nəfəs alıb:
-Tələbə yoldaşımdır. Şuşalıdır, - dedim.
Evdəkilərin bir saniyə sükutunu bizimlə gedən xalaqızı pozdu.
- Gəlin sabah Çıdır düzünə gedək!
Hamı elə bunu gözləyirmiş kimi sabahkı günün planını qurmağa başladı.
Anam məni mətbəxə çəkib:
- Kim idi zəng edən? - deyə soruşdu.
- Mən onu cəmi bir dəfə görmüşəm, tanımıram. Dedi ki, şuşalıdır.
- Qəribədir. Biabır olduq camaatın içində.
Mən pərt olmuşdum, amma dəqiq bilirdim ki, heç bir günahım yoxdur.
Hamı günorta yeməyinə hazırlaşırdı. Qarabağ aşının və gecədən qızların, gəlinlərin bükdüyü yarpaq dolmasının ətri aləmi götürmüşdü. Böyük şüşəbənd dolu idi qohum-əqraba ilə.
Bakıdan gələcək daha bir adamı gözləyirdilər. Tezliklə həyətdə hay-küy eşidildi. Özünəməxsus səslə və sırf Qarabağ ləhcəsində danışan cavan bir oğlan həyət qapısından içəri girdi. İlk baxışdan kinoaktyor Nodar Şaşıqoğluya bənzəyən bu şən oğlan hər kəslə öz dilində danışırdı. O, diqqəti cəlb etdikcə özündən razı şəkildə pilləkənləri qalxıb bizə yaxınlaşdı.
Hamı bu cavan oğlanı öpüb bağrına basırdı. Düzü özüm də anlamadığım qısqanclıq hissi yarandı məndə. Bu oğlan, mənim tanımadığım uzaq qohumum, gələcəyin jurnalısti Vüqar idi.
Məclisimizin ağbirçəyi isə onun nənəsi idi. Nənə o qədər gözəl,mötəbər, təmkinli və yumorlu qadın idi ki, hamının sevimlisinə çevrilmişdi.
- Nənəəə? Nətəərsən?- deyə o birinci nənəsini öpdü.
- Yaxşıyam, ay bala, sən nətərsən?
- Ay nənə, bu "firmenni" paltarı hardan almısan?
- Nə paltarı?-deyə nənə sual verdi.
Hamı gülüşdü. Beləliklə, bu yeni gələn cavan oğlan məclisi tam əlinə aldı. Sonra mən onun diqqətini cəlb etmək məqsədiylə:
- Sabah Cıdır düzünə gedəcəyik. Siz də gedirsiniz?
O, məni ilk dəfə görürmüş kimi düz gözümün içinə baxdı və:
- Kim gedir?- deyə soruşdu.
- Hamı.
- Gedirəm! Cıdır düzünə getməmək olarmı?
Gözüm kənardan bizə baxan nənəyə sataşdı. O altdan-altdan nəvəsinə baxıb fərəhlə gülümsəyirdi.
- Get, nənə qurban, sən də get!- deyə nənə nəvəsinə göz vurdu.
- Alınmır! Mənim sabah dostumla görüşüm var.Gözləyəcək məni. Atlara baxmağa gedəcəyik. Mən Şuşaya gəlib, Qarabağ atını çapmasam qayıda bilmərəm Bakıya. Atları çox sevirəm. Yəqin bu irsidir. Onda belə edərik, hamılıqla əvvəl dostumla görüşüb gedərik. İndi zəng edib deyərəm.
- Kimdi, bala, o dostun? Denən gəlsin burda görüşün dayna,- deyə nənə müdaxilə etdi.
- Yox, ay nənə, Ümid evinə qonaq çağırıb ey məni.
Mən o qədər özümü itirdim ki,
- Ümid?- deyə təəccübləndim.
- Hə, Ümid mənim dostumdur. Qızıl kimi oğlandır. Hüquqşünasdır. Bu gün - sabah prokurordur,- deyə qohumum yenə gülümsədi.
Mən Ümidin kim olduğunu dərhal anladım, amma heç nə demədim. Ertəsi gün hamımız Cıdır düzünə getməyə hazırlaşırdıq. Səsimiz ətrafı götürmüşdü. Şuşanın füsunkar gözəlliyinə heyranlıqla onun unudulmaz küçələriylə addımladıqca içimizdə bir fərəh hissi çoşurdu sanki.
Vüqar dostuyla görüşü Şuşa İncəsənət muzeyinin qarşısında təyin etmişdi.
Onlar çox mehriban görüşdülər. Biz onlara kənardan baxırdıq. Birdən onlar bizə tərəf addımladılar.
- Tanış ol! Qohumlarımdı hamısı. Bu qız isə şərqşünasdır. Bizim Univesitetdə oxuyur, - deyə Vüqar bizi tanış etməyə çalışdı.
- Biz tanışıq, - deyə Ümid irəli addımlayıb əlini mənə uzatdı və:
- Vətənə xoş gəlmisiniz, Gülər xanım! - dedi.
Mən sakit səslə: - Çox sağ olun,- deyib geri çəkildim.
Hiss etdim ki, qohumumun bu tanışlıq xoşuna gəlmədi. Düşündüm ki, gərək Ümidi tanıdığımı ona deyəydim dünən.Vüqar özünü ələ alıb dostuna bizimlə getməyi təklif etdi. Ümid çaşqın, lakin cox ciddi idi. O, bizimlə getmədi.
Bu iki gəncin mənə münasibəti heç zaman dəyişmədi. Onlar indi də mənə hörmət və ehtiram bəsləyirlər.
Şuşa, Cıdır düzü, təbiətin yarada biləcəyi ən möhtəşəm sənət əsəri! O çiçəklər, o ətir, o hava, o səslər sonralar uzun illər unudulmadı. Şuşada bitən ən gözəl çiçək Xarıbülbül yadıma düşəndə indi də kövrəlirəm. Məşhur Qırx pilləkən, Daşaltı, Topxana, "Ərim gəldi" qayası. Bu yerləri qarış-qarış gəzdik o yay. Dəfələrlə İsa bulağında olduq. Hətta Xan əmini canlı dinlədim mən Şuşada həmin il. Bilsəydim ki, bu Şuşayla son görüşümdür əyilib o daşlı küçələrindən öpərdim Şuşamın. Onunla vidalaşardım heç olmasa.
Vüqar çox qalmadı bizimlə. Bakıya qayıtmalı idi. Ümidi Şuşada bir daha görmədim. Bu iki yaraşıqlı, ağıllı və tərbiyəli oğlanların hər ikisi çox ləyaqətli insan,etibarlı dost idi. Qarabağda dostluq müqəddəsdir. Biz həqiqətən dost ola bildik. Biz üç dost olduq. Üçümüzün də bir sevgisi var idi. Biz Şuşaya,Qarabağa vurğun idik. Şuşa məhəbbəti, Qarabağ sevgisi birləşdirirdi bizi .
Lakin ...biz o gözəl məkanda bir daha görüşə bilmədik.
Qaraldı gözəllər-gözəli Şuşanın mavi səması.
Şuşanı, tarixə alınmaz Qala kimi yazılmış Şüşanı ermənilər işğal etdi. Dağ çəkildi ürəklərimizə. Üzümüzdə gülüşümüz, təbəssüm dondu. Biz heç birimiz ürəkdən gülüb danışa bilmədik ondan sonra. Yaman kövrək olduq üçümüz də. Hər dəfə Qarabağdan söz düşəndə yanıb töküldük, yaramız qövr elədi.
Şuşada görüşmək ümudiylə yaşayırıq hələ də.
Biz üçümüz də Şuşa və Qarabağ üçün əlimizdən gələni etdik.
Ümid Qarabağ müharibəsinin ilk günündən əyninə hərbi paltar geyindi. Vüqar cəbhə bölgələrində könüllü hərbi jurnalist kimi çalışdı. Mən isə təhlükəsizlik zabiti oldum. Hərə öz fəaliyyət cəbhəsində Qarabağ probleminin həlli naminə çalışdı. Amma... Hər üçümüz indi də canımızdan keçməyə hazırıq müqəddəs məhəbbətimiz, sevgimiz uğrunda. Çünki hər üçümüz Şuşanı və Qarabağı dəlicəsinə sevirik.
Təranə Məmməd
qadinkimi.com