YAZI / DÜŞÜNCƏ
Təranə Məmməd - Qonşular Tarix : 19 May 2020, 01:15
Yazar : Qadinkimi.com

Yenə O. Mən onu tez-tez görürəm. Qonşu binada yaşayır. Bir qədər qeyri-adidir. Heç kimlə danışmır. Hərdən mən özüm onunla salamlaşıram. Səbəbini bilmirəm, amma onu yaxından tanımaq istəyirəm.


Bax, yenə binaya çatanda çantasını açıb açarları çıxardır.
Bu gün əli doludur. Mən bundan istifadə edib ona yaxınlaşıram və:


- İcazə verin sizə kömək edim, - deyirəm.


- Sağ olun. Mən özüm,- deyə o mənim köməyimdən imtina edir.


- Xahiş edirəm. İcazə verin sizə kömək edim,- mən təkidlə çantaları onun əlindən alıb düz qapısına kimi aparir və dəvət gözləyirəm.


- Buyurun, keçin içəri,- deyə nəhayət o məni içəri dəvət edir.


Mən içəri daxil oldum. Müasir dəbdə çox yüksək zövqlə bəzənmiş bu kiçik mənzildə qəribə bir sakitlik və rahatlıq var idi. Əvvəl otağa sonra qadına diqqətlə baxdım. O məndən çox kiçik idi. O qədər zərif və incəydi ki...


- Hə. Mən anama oxşayıram. O da belə incə idi,- deyə qadın mənim fikrimi oxuyurmuş kimi dinləndi. Mən diksindim.


- Təəccüblənməyin. Bu məndə vergidir belə, - deyə o gülümsündü və davam etdi:


- Valideynlərim öləndən sonra tək yaşayıram.


Mən qapıya yaxınlaşıb otaqdan çıxmaq istədim.


- Mən gedim, - dedim.


- Hə. Gedin. Çox sağ olun.


Mən pilləkənləri tələsik düşüb evimə gəldim və səhərə qədər yata bilmədim. Bu qəribə qadın məni çox maraqlandırdı. O, sanki başqa planetdə yaşayırdı. Gecə özümə söz verdim ki, səhər tezdən həmin qadının evinə gedib onunla yaxından tanış olacam.
Səhər açılar - açılmaz mən onun qapısını döydüm. Qapını açan olmadı. Səsə qonşu çıxdı.


- O mənzildə heç kim yoxdur. Evin sahibi dünən gecə getdi. Evi də bizə satıb.
Qonşu qadın məni başdan ayağa süzdükdən sonra :


- Dayanın. Sizə məktub qoyub.


- Siz nə danışırsınız? Nə məktub? Mən onu heç tanımıram.


- Dedi ki, sabah tezdən bir kişi gələcək və sizi təsvir etdi. Bu sizə çatacaq, - deyə mənə bir zərf uzatdı.


Mən zərfi götürüb pilləkənlərlə aşağı düşdüm.
Küçəyə çıxan kimi divara söykənib zərfi açdım.


"Bilirdim ki, gələcəksiniz. Sizi illərcə axtardım. Nəhayət, tapıb qonşuluğunuzda ev aldım.Sizinlə qala bilərdim, ancaq anamın ruhu bunu mənə bağışlamazdı. Məni axtarmayın. Mənim heç nəyə ehtiyacım yoxdur. İllər öncə siz məni atıb getmisiniz. İndi də mən gedirəm və istəyirəm ki, o hissi siz də yaşayasınız. Əminəm ki, məni bağışlayacaqsınız, çünki valideynlər öz övladlarını daha tez bağışlayırlar. Əslində heç olmadınız ki...Özünüzü bağışlaya biləcəksinizmi? Əlvida."

 

 


Təranə Məmməd

qadinkimi.com