YAZI / DÜŞÜNCƏ
Təqvimdən hər gün bir yarpaq düşür... Tarix : 18 Dekabr 2019, 13:00
Yazar : Qadinkimi.com
Yeni ilə az qalıb. Təqvimdən hər gün bir yarpaq düşür, ömürdən ömür gedir. Səssiz. Siz, siz olun, heç nəyi dərd etməyin. Dəyməzlərə, dəyməyənlərə üzülməyin. Gününüzü xoş keçirin. Sevməkdən, gülməkdən, xəyallarınızdan, arzularınızdan imtina etməyin.

Deyirlər fəsillər insanları özlərini xatırlatması üçündür, dəyişdikcə insan özü - özünə qayıdır, ruhu, duyğuları da dəyişir. Təbiətdə gözəl olan nə varsa seyr etməyi düşünür. Torpağın oyanması, agacların tumurcuqlanması, yeri- göyü yandıran qızmar günəşın şöləsi, həzinliyə xələl gətirməyən sakit və ya gur damlalarla yağışın yağması, isti və ya təlatümlü küləyin əsməsi, hər il sevinclə, intizarla gözlədiyimiz lopa- lopa qar gözəlliyini seyr etmək keçir qəlbimizdən. Təbiətin gözəlliklərini duyduqca dünyaya məftunluq hissimiz artir, nikbinlik yaradır, ruha qida verir, mənəvi cəhətdən daha yüksək hisslər aşılayir, şadliq hissi, bəzən də həzinlik, duyğulu hisslər oyadır, enerji mənbəyi yaradır, mənfi hisslərdən azad edir, başqalarına qarşı məhəbbət, xeyirxahlıq duyğuları, özünə hörmət hissi, inam aşılayır, öz davranışlarını daha da gözəlləşdirmək, sevmək - sevilmək, hər kəsə xoş sözlər demək arzusu doğur insanda.

Xoş söz köməkçidi həyatımıza, seçə bilmək, yerində işlədə bilmək zəruridi. Sözlə sevinc, şadlıq, gözlərdə işıq, ürəyə istək, istilik, hərarət səpmək, bir dünya sevgi yaratmaq , nisgilı, kədəri qovan, dağıdan, həyat verən şadlıq yaratmaq da, kədər gətirmək də olar. Deyilən xoş bir kəlməylə insan taleyine qismət olmuş ağır bir yükü onun çiyinlərindən götürmək olsun iştəyimiz. Səmimi söhbət, dərdə şəriklik çox vaxt qəlbi təlatümdən, iztirabdan xilas edir, bizi həyatımız sürəcə boğmaqda olan qəmlərin, kədərin qarşısına sədd çəkir, qaranlıq dümanı qovur, inam aşılayır, ruhumuzu pis duyğulardan azad edir. Hər kəs həyatını qismən də olsa yüngülləşdirmək üçün xoş sözə, ülfətə, ünsiyyətə ehtiyac duyduğu vaxtlar olur. Xeyirxah niyyətli insan özünü xoş fikirləşməyə, yaxşılıq barədə düşünməyə başqalarına təmənnasız xoş sözlər söyləməyə öyrətməlidi. Bunun üçün əvvəlcə insanda xoş fikirlər yaranmalıdı. Başqalarının insani duyğularını anlamaq, xoş sözlərlə ona həyat vermək hər şeydən əvvəl insanın özünü ülviləşdirir, xoş mativasiyaya köklənərək yüksək əhvala yönəldir, başqalarının da gözündə ucalır insan. Ümumiyyətlə, insanların xeyirxahlığına inanmadan, kimsənin təbəssümünü görmədən yaşamaq olmaz. Xoşfikirli adamlar haqqında yaxşı düşünmək həyata bağlayir insanı, fərəhləndirir, yaşamağa, yaratmağa ruhlandırır, özünə olan hörməti, inami, dəyəri artırır. Belə adamlar bəzən heç özləri də anlamırlar ki, daxili, mənəvi dünyası zəngin tükənməz sərvətdilər.

Məlumdur ki, insan ağıllı varlıq kimi həm özünü ifadə etməyə, həm də ünsiyyətə ehtiyac duyur. Ülfətsiz, ünsiyyətsiz, həmsöhbətsiz yaşanan ömür, ömür deyil. Xoş söhbət, ünsiyyət insana hava, su kimi lazimdı. Qəlb yükünü danışa bilməyi xırda, az əhəmiyyətl hesab etmək olmaz. Insan hər vaxt müdrik ola bilmir. Nəzakətlilik, etibar, başqasının dərdinə şəriklik nəcib insanlarda bərqərar olan ali keyfiyyət, nsanlıq isə ən böyük şərəfdi. Bəlkə müvəqqəti dünyamıza bir rəng qataq, məqsədsiz, səbəbsiz xoşsözlülərdən olaq, eqomuzu bir kənara qoyub doğmalarımıza, əzizlərimizə, sevdiklərimizə - bir- birimizə; dəyərlisən, səni sevirəm - deyək?!



Yeganə İskəndərova
qadinkimi.com