Bu gün TV verilişləri çoxlarının qınaq obyektidir. Üzərində maarifləndirmə kimi mühüm vəzifəsi olan televiziya ən böyük auditoriyaya malikdir. Bunu bilərək TV-lər elə bil qəsdən bayağılıqla məşğuldur. Birbaşa mənəviyyata zərbə vurmağa çalışırlar. Bu xalqını sevən hər bir vətəndaşı narahat edir. Əsas səbəblərdən biri bu gün bir çox peşəkarların TV - lərdən kənarda qalmasıdır. Bununla bağlı öz işini həqiqətən sevən televiziyaçı Vasif Ayanın fikirlərini oxucularımızla bölüşürük.
Elnaz Əbluc və Vüsalə Mirzəyeva. Bu xanımların hər ikisi çox istedadlı televiziyaçıdırlar, rejissordurlar. Və ən azı 20 illik stajları var. Mən əminlikə deyirəm ki, onlar televiziyanı çox yaxşı bilirlər. Onların hər ikisi artıq 3 ildir ki, heç bir televiziyada işləmir. Bəlkə də bu 3 il ərzində hər ikisi televiziya üçün nə qədər keyfiyyətli, səviyyəli işlər görə bilərdilər... Hörmətli televiziyalar, bu iki rejissora doğrudanmı bu qədər kanallarda heç bir iş yoxdur? Axı orda çalışanlardan təcrübəsiz deyillər.
Elnazın atası böyük sənətkarımız rəhmətlik Həsən Əbluc və Vüsalənin atası gözəl musiqiçi, əməkdar artist Vaqif Mirzəyev bu ölkənin incəsənəti üçün az işlər görməyiblər. 3 ildir bu insanlar televiziyalardan uzaq düşüblər. 3 ildə bəlkə nə qədər çətinlik, gərginlik, maddi və mənəvi zərbə alıblar. Onların indi ən yaxşı işlər reallaşdıracaq yaş dövrləridir. Niyə evdə oturmalıdırlar?
Xahiş edirəm, nizamla, ədalətlə bu məsələyə yanaşasınız və onlara imkan yaradasınız..! Ümumiyyətlə bu iki insanın timsalında televizyadan kənarda qalan, işsiz olan peşəkar televiziyaçılara şərait yaratmaq lazımdır. Hər il onlarla adam mənə deyir ki, biz yerli televiziyalara illərdir baxmırıq! İnanın, TV rəhbərlərini deyə bilmərəm, amma televiziyanı təmənnasız sevən mənim üçün bu söz söyüşdü, xəcalətdir, ölümdür. Bu sözü hər dəfə eşidəndə mənəvi sarsılıram. Heç olmasa, peşəkarları işsiz qoyub tükətməyin. Sizdən bir dostunuz olaraq xahiş edirəm, gəlin televiziyalarımızı bayağılıqdan xilas edək.
qadinkimi.com