BURA / ORA, HƏR ŞEY / HEÇ NƏ
Taliban qadınların idman salonlarına və parklara girişini qadağan edib Tarix : 15 Noyabr 2022, 09:00

Ötən ilin yayında Əfqanıstanı illər sonra yenidən işğal edən Taliban rəhbərliyi qadınlara qarşı təzyiqlərini artırıb. Örtüksüz və kişi müşayiəti olmadan evdən kənara çıxma qadağasından sonra bu dəfə növbə parklarda və idman salonlarındadır.


Taliban rəsmiləri indi də qadınların Əfqanıstandakı əyləncə parklarına girməsini qadağan edib. Yerli mənbələrin verdiyi məlumata görə, qadınların istirahət və əyləncə mərkəzləri ilə yanaşı idman salonları və hamamlardan istifadə etməsinə də icazə verilmir.


Talibanın "Həqiqətə Yönləndirmə və Günahdan Uzaqlaşdırma” nazirliyinin sözçüsü Məhəmməd Akif Mühacir bu yaxınlarda deyib: "Son 15 ay ərzində parkları və idman salonlarını qadınların üzünə bağlamamaq üçün "hər cür səy göstərmişik”. Kişi və qadınların parklara girişini müxtəlif vaxt intervallarına ayırdıq, hər birinə ayrı-ayrı günlər müəyyən etdik. Amma təəssüf ki, qanuna əməl olunmadı, qaydalar pozuldu və parkları, idman zallarını qadınların üzünə birdəfəlik bağlamalı olduq”.


Talibanın verdiyi vədlərin hamısı yalan idi


Taliban ötən yay Kabili yenidən işğal etdikdən sonra "Biz dəyişdik, qadınlara qarşı münasibətdə daha mülayim olacağıq” vədlərinə baxmayaraq qızların təhsil almasına mane oldu. Həmçinin o vaxtdan bəri əfqan qadınlarının iş imkanları və səyahətləri çox məhdudlaşdırılıb.  Eyni zamanda onların geyiminə məhdudiyyətlər də xeyli artıb.

 



Qeyd edək ki, parklarla bağlı qəbul olunan qərardan sonra park sahibləri bizneslərinin iflas olacağından narazılıq edir.



2017-ci ildə Kabildəki əyləncə parkında çəkilmiş foto




Qadinkimi.com