YAZI / DÜŞÜNCƏ
Tabutunun baş ucunda üç arvadı Tarix : 15 Yanvar 2019, 13:33
Yazar : Qadinkimi.com
Bu gün Nazim Hikmətin doğum günüdür

Mikayıl Rəfilinin ölümünə həsr etdiyi şeiri ilk dəfə oxuyanda çaşıb qalmışdım. İlk dəfə ölən insan haqqında onu tərifləmədən yazılan bir mətn oxuyurdum. Burda səmimiyyət sənətkarlıqla qarışıb unikal effekt yaratmışdı.

Yeri gəlmişkən deyim, dahilik səmimiyyəti sənətkarcasına ifadə edə bilməkdir. İstedadlı adamlar da, istedadsız adamlar da məhz səmimiyyətlə sənətkarlıq arasında yıxılırlar.

Tanrı yalnız sevib-seçdiyi bəndələri sənətkarlıq zonasına bu cür rahatlıqla buraxır.

Nazim Hikmət uşaq sadəliyinin içində nəhəng ola bilirdi.

Yer kürəsindən ağır mətləbləri şar yüngüllüyü ilə oynadırdı əlində.

Nazimin başqa bir sirri ən çətin anlarda nikbinliyini itirməməsidir. Burda da incə bir nüans var. Çətin anlarda nikbinlik edənlər bizə sovet məddahları kimi görünüb və içimizin dərinliyində ikrah hissi doğurub. Nazimdə əksinədir. Onun nikbinliyi içimizə işıq səpə-səpə gözümüzü yaşardır.

Ağlayırıq, ovuclarımıza tökülür incilər...

Məhbəsdə xanımını qarşılayır. Ağlamır, sızlamır, məğrurdur, onu həbs edənlərə meydan oxuyur, qadınına təsəlli verir və bütün bu özünəməxsus gedişlər başına gətirilənləri daha təsirli qılır.

Ağlasa, sızlasa, məğrurluğunu itirsə adamı bu qədər təsirləndirməz.

Amma gəlin ən ciddi məsələlərdə onun haqqında qərar verməyə tələsməyək. Nazim Hikmət şeirin qəlibinə sığmadığı kimi bizim onun haqqındakı qənaətlərimizin də ötəsindədir. Ona görə həmişə təzədir. Həmişə sürpriz etməyi bacarır. Şəxsiyyətinə rəngarəng münasibətin kökündə də bu fakt dayanır.

Dustaq kimi saxlandığı məhbəsin betonlarını çəmənə döndərən, gülüşüylə pəncərənin qəfəsində güllər açdıran qadını dünyalarca sevdiyi oğlu Mehmetle birlikdə Varşavada tərk edib Moskvaya, Veranın yanına qayıdır.

Məşhur fikirdə deyildiyi kimi, mən Nazimi bu hərəkətinə görə şair kimi bağışlayıram, lakin ata kimi bağışlaya bilmirəm. Oğlu da bağışlamadı. Ölən günəcən atasına laqeyd qaldı və onun haqqında heç vaxt ürəklə danışmadı.

Nazimin taleyi möhtəşəm idi. Tərəzinin bir gözündə qos-qoca Türkiyə vardı, bir gözündə təkcə Nazim Hikmət. Türkiyəni atıb gəldiyi sovetlərin bu seçimə heç və heç layiq olmadığını gördü. Xəyalları suya düşdü. Əli aşından da oldu, vəli aşından da.

Nazim Hikmət tənhalığını heç tanrının özünə də rəva görmürəm.

Çünki Tanrı öz diliylə buyurub ki, gizli bir xəzinə idim, bilinmək istədim.

Naziminsə dərdini ağ varaqlardan başqa bilən yox idi.

Ağlama salxım söyüd ağlama

Qara suyun aynasında əl bağlama...

Nazim haqda düşünəndə o, mənə taleyin şeir layihəsi kimi görünür. Başına gətirilənlər, özü seçdiyi yol, sevdiyi-ayrıldığı qadınlar, getdiyi yerə heç vaxt qayıtmaması – hər şey, hər şey dahi bir söz adamı kimi yetişməsi üçün idi.

Nazim Hikmət türkdilli coğrafiyada təkcə yeni ədəbiyyatın deyil, ümumən yeni mədəniyyətin, bir az dərinə getsək yeni cəmiyyətin və nəticədə yeni insanın özülünü atdı.

O, təksəsli poeziyaya orkestr gətirdi.

Şeirə hekayə, roman havası verdi.

Bütün ədəbi qaydalardan və vasitələrdən imtina etdiyi anlarda da möhtəşəm ədəbiyyat yaradaraq bilgimizin hüdudlarını aşdı. Səsi ötələrdən gəldi həmişə və bu ötələr zaman baxımından heç vaxt bizdən arxada olmadı.

Nazim Hikmətin keçmiş zamanı yox idi. Onun Anadoluda bir söyüd dibinə gömülmə arzusu da gələcək üçün idi.

Bəlkə də dünyada yeganə şairdir ki, xatirələrə boynunun arasıyla yox, alnıyla baxırdı.

Xatirələr onun arxasında yox, qarşısındaydı.

Xatirələr onu kürəyindən yox, sinəsindən vururdu.

Ona görə o, heç kimi gözləmədiyi halda hamı onu gözləyirdi.

İstanbulda, Moskvada, Bakıda...

Qara dənizdə, boğaz sularında, Xəzərdə...

O, Aya yox, Günəşə aşiq idi.

Çünki Ay keçmişi, Günəş gələcəyi simvolizə edirdi.

Günəş həm də indiki zaman idi.

Nazim Hikmət indiki zamanın fərqinə varmış nadir şairlərdəndir.

O, şeiri anın dışında yox, içində axtarırdı və tapırdı.

Yaşadığı anda poeziyanı görmək hər oğulun işi deyil.

Nazim Hikmət ilham pərisini yalnız eşidib duymur, həm də gözləriylə görürdü.

Zaman mavi gözlü divin diqqətindən yayına bilmirdi, onun qarşısında lüm-lüt soyunmuş nazənin kimi cilvələnirdi.

O, ürəyi dayananda da zamandan geri qalmadı, gələcəyə uçdu.

Bu gün hamıya və hər yerə gələcəkdən baxır.

İstanbula da, Moskvaya da, Bakıya da...

Və bu üç şəhər nədənsə mənə Nazimin qəbrinin üstündə ağlayan o üç qadını xatırladır: Münəvvəri, Qalinanı və Veranı...

Nazim tabutunun baş ucunda üç arvadı yanaşı dayanan kişi kimi də hamını şaşırtmışdı. Ölümüylə də istisna idi.

Hər üç qadın "Qadınlardan başqa kimsəyə yalan söyləmədim” deyib onları şəhər kimi tərk edən Nazimə bir yerdə ağlayırdı.

Şərif Ağayar