YAZI / DÜŞÜNCƏ
Kamran Nəzirli - Sözgəlişi Tarix : 08 Aprel 2020, 18:35
Yazar : Qadinkimi.com

DARÇIN XALAYLA MİRZƏ QƏRƏNFİLİN FƏRQİ

Bu gün səhər Darçın xalanı yenə gördüm, parkda gəzirdi; pəncərəmin qabağından ötəndə gözü mənə sataşdı, tərs-tərs baxdı. Özümü o yerə qoymadım, fikirləşdim ki, qoca arvaddır, nə bilir sosial şəbəkə, facebook-filan nədir...Hiss elədim ki, nəsə arvadın ovqatı yerində deyil. Görünür, hökumətimizin son qərarından narazıydı, ya da yenə vecinə almırdı heç nəyi. Ürəyimdə onun halına acıdım və düşündüm ki, doxsan il yaşamış bu arvadı daha dəyişdirmək mümkün deyil...
- Darçın xala, sabahın xeyir! Necəsən?
Elə bil kefi duruldu, dərhal yaxına gəldi.
- Aqibətün xeyir, a bala! Dünənkindən yaxşıyam... De görüm, o Mirzə Qərənfili tanıyırsan?Jurnalist var e, telvizorda işləyir, onu deyirəm...(Aha, deyəsən nəsə olub...)
- Xeyir ola, Darçın xala?- təəccübləndim.
- Heç, elə-belə soruşuram...Axı sən də yazıb-pozursan! Onu tanıyarsan. Sözüm vardı ona...
(Maraq məni bürüdü).
- Nə sözdü? De, çatdıraram,- candərdi dilləndim.
Arvad ürəkləndi, bir-iki addım da irəli gəldi. Ağzını mənim durduğum balkona sarı tutdu, nə tutdu:
- Ged o Mirzə Qərənfilə denən ki, çox göynən getməsin. Özünü də hamıdan ağıllı bilməsin. Camaata niyə şər atır? And olsun o bic Çin Virusuna, baxmaram əməkdar jurnalistdi, nədi, gedərəm o studiyaya, salmaram təpiyimin altına, ayağımın altında viruslar doludu, yoluxar; heç xurd-xəşil də eləmərəm, yazıqdı; jurnalistikadan ona elə dərs verərəm ki, dəymişi də tökülər, kalı da...Bəsdi bu qədər yaltaqlıq elədi, ayıbdı, özünü yığışdırsın...Mən boyda adam da bilir ki, yalan danışır. Qırmızı-qırmızı yalan! Adam kişi olar! Yıxılana balta vurmazlar! Vallah, mənim üzüm döndü ha, gözüm də dönüb olacaq arağa şillə vuran duza qoyulmuş pamidor boyda!..(Görürsən sən Allah, 90 yaşlı arvada bax e!). Bu bir. İkincisi, de ki, o aparıcılarına da desin ki, ağızlarının danışığına və əyin-başlarına fikir versinlər. Bir az kitab oxusunlar, camaatı nadan hesab eləməsinlər. Daş-qaşlarını göstərməsinlər camaata... A balam, heç olmasa, qonşu ölkələrin telvizor aparacılarına baxsınlar da... Ayıbdı axı! Nə qədər deyərlər?!

Düzü, Darçın xaladan heç gözləmirdim bunu, lap məəttəl qaldım. Arvad yerin altını da, üstünü də bilirmiş. İstədim nəsə soruşam, gördüm arvad iti addımlarla parkın içinə doğru getdi, heç sağollaşmadı da. (And olsun qonşuluğumuza! Darçın xalanın dediklərini nöqtəbənöqtə yazıram, özümdən uydurmuram!)
İndi düşünürəm: işdir, sabah onu yenə görsəm, mütləq üzr istəyəcəm - o gün maska məsələsində bir balaca səsimi qaldırmışdım. Sən demə, arvad Sibiri də görübmüş, karantin-marantin vecinə deyil. Əslində səsini kiməsə ucaltmağa haqqı olan elə Darçın xalanın özüdü. Biz dünyanı görə-görə gəlmiş yaşlı adamların sözünə barmaqarası baxa bilmərik!


5 aprel 2020-ci il

Kamran Nəzirli

qadinkimi.com