YAZI / DÜŞÜNCƏ
Somnambulizm nədir və ya lunatiklər haqqında Tarix : 29 Noyabr 2022, 21:05

Ümumi məlumat


Lunatikləri hər zaman sirli şəxslər adlandırıblar. Onların ətrafında olan bu sirli aləmi isə heç kim aşkar edə bilmədiyindən onları şeytan adlandırırdılar. Yəqin bu səbəbdən də lunatiklərlə bağlı bir çox rəvayətlər də yaranıb. Lunatik latın sözü olub, yuxuda gəzən deməkdir. Lunatiklər hələ yazı meydana gəlməzdən əvvəl mövcuddurlar. İlk lunatik isə Şumer dövlətində yaşayan şahzadə qadın olub. O, gecə yuxuda gəzdiyi üçün hamı bu şahzadədən qorxarmış. Elə bu xüsusiyyətinə görə də şahzadə xanım ömrünün sonuna kimi ərə gedə bilməyib. Qeyd edək ki, qədim mənbələrdə ilk vaxtlar yalnız qadınlarda gecə gəzintiləri halları aşkar edildiyi deyilir. Elə Misir ehramlarında və yunan yazılarında da yuxuda gəzənlərlə bağlı bir çox belə məlumatlara rast gəlinib. Keçmişdə Avropada isə gecə yuxuda gəzənləri şeytanın övladı, ifritə adlandırırdılar və belə adamları odda yandırırdılar.


Lunatizm bir xəstəlikdir


Qeyd edək ki, keçmiş zamanlarda özündə və ya övladında lunatiklik halları müşahidə edənlər dərhal magiya ilə məşğul olanlara müraciət edirdilər. Onlar bu qorxulu haldan falçıların müxtəlif məsləhətləri ilə azad olmağa çalışırdılar. Ancaq müasir dövrdə "lunatizim" bir xəstəlikdir. El arasında "lunatizm" adlandırılan bu xəstəliyə tibb elmində "somnambulizm" deyirlər. Və bu xəstəliyin müalicəsilə ilk vaxtlar nevropatoloqlar, sonra isə psixoloqlar məşğul olurlar. Dünya alimləri uzun illər araşdırmalar aparsalar da "somnambulizm"in yaranma səbəblərini tam olaraq müəyyən edə bilməyiblər. Onlar bu xəstəliyin beyində olan bəzi genlərin yerini dəyişməsi nəticəsində yarandığını aşkar ediblər. Ancaq bu genlərin nə üçün yerini dəyişdiyi hələ də alimlərə sirr olaraq qalır.


Həkim nevropatoloq Hüseyn Sultanovun sözlərinə görə, "somnambulizm"in yaranmasına səbəb stress, gərginlik və yorğunluqdur: "Tibb elmində "somnambulizm", xalq arasında isə "lunatizm", yəni "yuxuda gəzən" adlı bu xəstəlik ağır iş şəraiti olan insanlarda daha çox aşkarlanır. Somnambulizm potoloji haldır və onun müalicəsi əksər hallarda mümkündür. Bu hal insanda müxtəlif xəstəliklərin təsirindən əmələ gəlir. Bunlar arasında ən çox yayılanı isə epilepsiya və nevrozun təsiri nəticəsində əmələ gələn somnambulizmdir. Epilepsiya xəstəliyi olanlarda gecə gəzmək halları tez-tez müşahidə olunur. Belə xəstələrin müalicəsi isə esnoqrafniya yolu ilə aparılır. Əgər somnambulizm epilepsiyanın təsirindən yaranıbsa, ona qarşı aparılan müalicə 5-10, hətta ömür boyu davam edə bilər. Yox, əgər bu, nevrozun bir əlamətidirsə, onun müalicəsi daha asandır. Belə xəstələrin müalicəsi 3-4 ay ərzində aparılır.


Somnambulizmin ilkin əlamətləri


Somnambulizmin ilkin əlamətləri - gecə yuxuda danışmaq, şeir söyləmək kimi hallardır. Əgər sizdə bu halları aşkarlayırlarsa dərhal həkimə müraciət etməlisiniz. Bəzən elə olur ki, insanda somnambulizm əlamətləri aşkarlandıqda o psixoloqa müraciət edir. Hüseyn Sultanov bunun doğru olmadığını söyləyir: Bu beyinlə bağlı bir xəstəlikdir və somnambulizmi ilk olaraq nevropatoloqlar müalicə edir. Nevropatoloqların müəyyən dərman preparatları ilə müalicəsindən sonra psixoloqa müraciət etmək daha düzgündür. Bundan sonra xəstənin müalicəsini psixoloqla nevropatoloq paralel aparmalıdır. çünki psixoloq bir qədər yardım göstərsə də bu xəstəliyin tam müalicəsinə nail ola bilmir. Nevropatoloqun sözlərinə görə, somnambulizm xəstəliyinin yaranmasına səbəb olan amillərdən biri də spirtli içki içmək, narkotik maddələr qəbul etmək və siqaret çəkməkdir.


Somnambulizm müalicə olunmadıqda


Nevropatoloq ölkəmizdə də lunatiklərin sayının çox olduğunu deyir: Ancaq nədənsə insanlar buna bir xəstəlik kimi əhəmiyyət vermirlər və həkimə müraciət etməyi lazımsız bilirlər. Bəziləri isə özlərində və ya övladlarında belə hal müşahidə etdikdə falçılara üz tuturlar. Bu xəstəliyin ciddi nevrofizioloji əsasları var. Qeyd etdiyim kimi lunatizm epilepsiya və nevroz kimi xəstəliklərdən əmələ gəlir və bunlara qarşı tibbi yollarla müalicə aparılmadıqda xəstəlik daha da irəliləyir. Nəticədə insanda yaddaş pozğunluğu halları olur. Tibb elmində somnambulizmın daha bir növü də aşkar edilib ki, bu da nifomaniyadır. Bu hal ancaq qadınlarda aşkar edilir ki, bu da yuxulu olduğu halda cinsi əlaqədə olmaqdır. Son vaxtlar Amerikada məşhur olan bir klinikaya müraciət edən lunatiklərin hamısı bir şeydən şikayətlənir. Onlar gecə yarısı özlərindən xəbərsiz yuxudan oyanır və uzun illər əlaqə saxlamadıqları qohumlarına, tanışlarına zəng edirlər. Qeyd edim ki, bir müddət əvvəl bizə də belə xəstələr müraciət ediblər. Somnambulizmə bütün yaş qrupunda olan insanlarda rast gəlmək mümkündür. Ancaq bu hal daha çox azyaşlı uşaqlarda aşkar edilir. Daha çox doğuş zamanı travma keçirən uşaqlarda somnambulizm xəstəliyi olur.


Lunatiklər gecələr


Gecəyarısı durub, gəzmə halı olan insanlar çox vaxt ev işləri görürlər. Onların ən çox sevdikləri iş isə çirkli paltarları və qabları yumaqdır. Hətta bəzən elə olur ki, lunatiklər evdəykən qonşunun məhləsinə keçir və onların həyətini təmizləməyə başlayır. Lunatiklər yuxudaykən nə etdiklərini bilmirlər və qeyri - adi hərəkətlərinə cavabdeh olmurlar. Hətta gecə yuxudaykən durub, qayınatasını öldürən amerikalı bir vətəndaşa heç bir cinayət işi açılmayıb. Lunatiklərdə gecəgəzmə halları saat 3-4 arası baş verir. Lunatiklər yuxuda olarkən real həyatda edə bilmədikləri hadisələri törədirlər. Lunatiklərin gecə gəzintiləri 5 dəqiqə və ya bir saat çəkə bilər. Lunatizm irsi xəstəlikdir. Yəni əgər nəsildə kimdəsə bu xəstəlik varsa, onda gələcəkdə də övlad və ya nəvə bu xəstəliyə tutulacaq.


Əgər siz lunatiksinizsə


Lunatiklər yuxuda elədikləri hərəkətləri heç vaxt xatırlamırlar. Onlar gecələr qorxulu olurlar. Lunatiklər bağlı qapını və ya pəncərəni açmaq iqtidarında olmurlar. Onlar yuxuda gəzərkən bağlı bir qapı ilə qarşılaşdıqda yollarını dəyişirlər, yəni onu açmağa cəhd etmirlər. Əgər övladınızda və ya özünüzdə somnambulizm halları aşkarlamısınızsa onda qapı və pəncərəni gecələr bərk bağlayın. Lunatiklərin çarpayılarının qarşısına əsasən yaş dəsmal sərirlər. Gecə yataqdan qalxan lunatikin ayağı suya dəydikdə o, dərhal oyanır. Evdə olan iti əşyaları - bıçağı, baltanı və digər kəsici alətləri gizlədin. Lunatikləri gəzərkən qəfildən oyatmaq təhlükəlidir. Bu halda həmin adam infarkt, paraliç keçirə bilər və ya onda burun qanaxması baş verər. Əgər siz kiminsə özündən xəbərsiz gecəyarısı gəzdiyini görürsünüzsə, onda sakit dayanın. Həmin şəxsin qolundan tutun və onu yatağına tərəf aparın. Somnambulizm xəstəliyi olanların günün ikinci yarısından sonra çay və ya kofe içməyi məsləhət deyil. Uşaqları kompüter oyunlarından uzaq tutmağa çalışın.


Statistikaya görə, dünyada insanların 12 faizi somnambulizm xəstəliyindən əziyyət çəkir. Lunatiklərin 85 faizi nevroz xəstəliyindən şikayətlənənlərdir. Uşaqların isə 30 faizi lunatikdir. Hər 600 nəfərdən 250-si lunatikdir.



Qadinkimi.com