Narahatlıqla, həyəcan keçirərək yazdığım yazıların əksəriyyəti qadınlara ünvanlanmış olur. Amma bu, qətiyyən mənim də qadın olmağımdan irəli gəlmir. Sadəcə, cəmiyyətimiz qadınları daha çox sıxır, incidir, qadınları daha çox əli-qolu bağlı, çarəsiz, çıxılmaz vəziyyətdə görürəm. Daha çox onların getməyə qapısı, üz tutmağa adamı olmur. Deyəsən, mən də onların üz tuta biləcəkləri adam olmaq istəyirəm. Getməyə qapıları olduğunu, çarənin tükənmədiyini demək istəyirəm. Və sevinirəm, boşuna narahat olmuruq, yazmırıq, danışmırıq. Qadınlarımız susqunluqlarını pozublar, qollarındakı "qandalı"ı sındırıb yazırlar artıq, ürəklərini, sıxıntılarını, ağrılarını bölüşürlər. Düşüncələri dəyişib, həyatın bütün məşəqqətlərinə, onlara verilən zülmlərə dözməli olmadıqlarını anlayırlar. Yaşamaq üçün çaba göstərirlər. Sözün əsl mənasında, döyüşürlər...
Bütün bunlara sevinərkən elə o qadınlardan birinin mesajı günlərdir ağlımdan çıxmır, çiy loxma kimi qalıb boğazımda: "Həyat yoldaşım oğlumun gözünün qabağında özünü asmaq istəyirdi. Onun balama bu travmanı yaşatmağa nə haqqı vardı?"
Yaşatmağa haqqı yox idi, əlbəttə. Onu da qınamıram. Amma...
Deyirəm, bəlkə, içinizi didən şeyləri danışasınız, bölüşəsiniz, bəylər... Biz qadınlar artıq bu steorotipi dağıdırıq. Başımıza gələn və gətirilənləri, hekayəmizi, yaşantılarımızı bölüşməyin əksiklik və ya zəiflik olmadığını anlayırıq, "dalğaları yarırıq". Başa düşürəm, bu, sizin üçün daha çətindir. Sizin üçün "kişilər ağlamaz" deyiblər, sizi də başqa çərçivəyə, dərdə salıblar. Sizi də başqa cür aldadıblar. Ona görə də siz dərdinizi danışmaq, ağlamaq, yüngülləşmək əvəzinə, qaşlarınızı düyünləyirsiniz, susursunuz, içinizə atırsınız, siqareti siqaretə calayırsınız. Susduqlarınızla özünüzü və doğmalarınızı incidirsiniz. Hətta bir gün övladınızın gözü qabağında boğazınızı kəndirə keçirirsiniz... Səbəb? Səbəb isə banka olan 5-10 min manat borc olur. İnsanın borcunun olması və ya borcunu ödəyə bilməməsi həyatın, dünyanın sonu deyil. Bu borcu bir günü içində də ödəyə bilərsiniz, illərlə əziyyət çəkərək də... Təhminə demiş, həyatdı da, Zaur...
Övladınıza istədiyi oyuncağı ala bilmirsiniz? Bu da problem deyil. Bu gün ala bilmirsiniz, sabah alarsınız, 10 gün sonra alarsınız, yaxud almazsınız... Bu da dünyanın sonu deyil. Övladınız bunu sizə bağışlayacaq, əmin olun. Ümumiyyətlə, burda bağışlanmayacaq bir məqam yoxdur. Evinizə çörək gətirməməkdə belə... Böyüklərimiz demiş, hələ indiyə kimi heç kim acından ölməyib. Belə çətin məqamlarda doğmalarınızla, ailənizlə, dostlarınızla əl-ələ verməyi bacarın sadəcə.
Ümumiyyətlə, hər şeyə çarə tapılır, hər şeyə... Hər şeyə alışır, öyrəşir insan. Özünüzü bu qədər zəif, gücsüz, çarəsiz hiss etməyin. Özünüzə hər şeyin öhdəsindən gələ bilmək üçün zaman verin. Siz özünüzə haqsızlıq edirsiniz, siz zamanı, arzuları, həyatı özünüzdən oğurlayırsınız. Siz özünüzü doğmalarınızdan məhrum edirsiniz, özünüzü yaşayacaqlarınızdan.
Bir özünüzü silkələyin, özünüzə gəlin. Kədərli mahnılar dinləyib siqaret çəkmək, içki içib sərxoş olmaq insanı güclü qılmır. Bir özünüzə sual verin: sizə yaraşan budurmu, sizin haqq elədiyiniz həyat budurmu, yaşamaq istədiyiniz budurmu? Yox? Bəs içinizdə olduğunuz durumu dəyişmək üçün nə edirsiniz, qəfəsdən çıxmaq üçün çırpınır, addım atırsınızmı?
Elə bilirsiniz, bütün şanssızlıqlar sizin başınıza gəlir, tale bircə sizin üzünüzə bağlayıb qapıları, sizdən başqa həyat hər kəsə gözəl? Yox! Elə bilirsiniz, təksiniz, əlinizi tutan yoxdur? Var! Sizi dinləməyə hazır, sizə dost əlini uzadacaq onlarla, yüzlərlə adam var, bəylər! Yad və ya doğma, yaxın və ya uzaq, yüzlərlə adam... Nə insanlıq ölüb, nə insanlar... Nə çarələr tükənib, nə qapılar bağlanıb... Sadəcə, siz hər yeri qaranlıq görürsünüz və ya görmək istəyirsiniz.
Həyata doğru bir addım atın, başınızı əllərinizin arasından çıxarıb onu bir az başqa yönə döndərin. Çiyninizdəki yükü götürüb yerə qoyun, gedin dəniz kənarına bağırın, ya da bir dostla susun, üzü küləyə doğru qaçın... nə bilim, nə isə edin. Yetər ki, olduğunuz qaranlığı yarın...
Müəllif: Sevinc Fədai
Qadinkimi.com