GENDER
Simona Haberli: Üç rayonun əksər məktəblərinin siniflərində qız yoxdur Tarix : 18 Yanvar 2019, 17:46
Simona Haberli: Üç rayonun əksər məktəblərinin siniflərində qız yoxdur
 
Ekspertlərin fikrincə, son illər qızların məktəbə getməsi azalır

"Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur. Bu, heç də yaxşı hal deyil. Cənab nazir, siz bu məsələyə necə baxırsınız?!"

Bu sualı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberli "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"unda Azərbaycan təhsil naziri Ceyhun Bayramova ünvanlayıb.

Nazir Ceyhun Bayramov bu məsələdən xəbərdar olduğunu və yaxından maraqlandığını deyib:

"Bu, bizi ağrıdan məsələlərdəndir. Müxtəlif regionlarda mənzərə fərqlidir. Bəzi yerlərdə təhsilin səviyyəsi və keyfiyyəti şəhər məktəblərinə yaxındır. Dediyiniz regionlarda isə vəziyyət fərqlidir. Bunun üçün biz icmalarla işləyirik. Biz həm də məktəbəqədər təhsilə də xüsusi əhəmiyyət veririk. Artıq bir müddətdir valideynlərlə işləməyə üstünlük veririk. Görürük ki, bu üsul daha effektivdir. 2019-cu ildən bunu daha da genişləndirəcəyik".

 
Məleykə Abbaszadə və Ceyhun Bayramov

Tədbirdə iştirak edən Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə isə bildirib ki, onlar 26 ildir həm qızlar, həm də oğlanların bilik səviyyəsini yoxlayırlar. Görünən odur ki, bu regionlarda bəzi problemlər var. Regionlarda valideynlər 9-cu sinifdən qız uşaqlarını məktəbə qoymurlar. "Biz müşahidə etmişik ki, əvvəllər bu uşaqların arasında yaxşı qiymət alanlar da var idi. Amma indi belə deyil. Valideyin düşünür ki, əgər uşaq bu vaxta qədər 2-3 qiyməti alıbsa, onda ona məktəb daha lazım deyil. Amma elə regionlar var ki, orada qızların sayı çoxdur, oğlanlar azdır".

Təhsil üzrə ekspert Kamran Əsədov xatırladıb ki, Azərbaycan qanunvericiliyinə görə təhsil icbaridir.

Kamran Əsədov
Kamran Əsədov

O, Meydan TV-yə deyib ki, məsələyə rəsmi və qeyri-rəsmi məlıumatlar sırasından yanaşmağın tərəfdarıdır:

"Üç dağlıq rayonda monitorinq aparmaqla bunu bütün bölgəyə şamil etməz olmaz. Bakı şəhərində də qız uşaqlarının 9-cu sinifdən sonra məktəbə getməsi azalır. 2010-cu ilə qədər bu problem var idi, 2011-ci ildən 2016-cı ilə qədər vəziyyət normallaşdı. Amma son dövrlər məktəblərdə baş verən cinsi hadisələr valideynləri narahat etdi və onlar qız uşaqlarının məktəbə getməsinə icazə vermədi, bu, müəyyən qədər idi. Məsələ ondadır ki, həmin uşaqların adı məktəbdə gedir, sinif jurnallarında, sadəcə, özləri dərsə gəlmir. Həqiqətən də aktiv dərs prosesində iştirak edən qızların sayı azdır. Görünür, onlar ya erkən nikaha cəlb olunur, ya da ucuz işçi qüvvəsi kimi kənd təsərrüfatında çalışırlar. Azyaşlı uşaqların adı dərsdə getsə də, restoranlarda işləyirlər. Hətta "Abituriyent” dərgisində qız uşaqlarının imtahanlarda azlığı qeyd olunur. Ancaq hörmətli Simona Haberli dediyi qədər deyil”.
Ekspert yeganə çıxış yolu kimi Dünya Bankının vəsait ilə məktəblərin girişində əl izi ilə işləyən turnik quraşdırılmasını təklif edir:
"Şagird dərsə gələndə elektron sistem bunu qeyd etsin. Sonda real vəziyyət ortaya çıxacaq”.

"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova yaranmış problemə fərqli yanaşdığını deyib.
 
Mehriban Zeynaova

Onun fikrincə, sosial şəbəkələrdə müəllim və şagirdlərlə bağlı yayılan məlumatlar mövcud vəziyyəti yaradır:

"Belə məlumatların yayılması qızların təhsildən yayındırılmasına təsir edir. Məsələn, cənub rayonlarının birində müəllimlə qız şagirdin söhbəti "Facebook”da yayılmışdı, adi bir danışıq olsa da, valideynlər uşağı məktəbdən çıxartdılar. Bu hadisə qızların 4-cü sinifdən sonra məktəbə buraxılmaması tendensiyasını yaratdı. Bilmirəm, burda maraqlı tərəflər kimlərdir ki, bu cür xəbərləri yayırlar. Yaxud bu yaxınlarda hansısa media orqanında müəllimin erkən sinifdə olan şagirdini sevməsi haqda məlumat yayılmışdı, bu, istər-istəməz valideynlərdə narahatlıq doğurur. Təbii ki, bəzi valideynlər qıza kapital qoymaq istəmir və təhsildən yayındırır, hesab edir ki, qızı oxutmaq artıq xərcdir, onsuz da ərə verəcək və s”.

Mehriban Zeynalova hesab edir ki, məktəblərdə ictimaiyyətin iştirakı ilə monitorinqlər aparılmalıdır. Bu, Təhsil Nazirliyi üçün də əlverişli olar və qız uşaqlarının vaxtından əvvəl təhsildən yayındırılmasına qarşı tədbirlər görər:

"Təəssüf ki, bir sıra valideynlər qız mənim əmlakımdır deyib məktəbə buraxmırlar. Bax, bununla bağlı cəza tədbirləri görülməlidir. Əgər cəza tədbirləri görülsə, təsiri olar. Ancaq ictimai iştirakçılıq, nəzarət mexanizmi vacibdir, yəni qız uşaqlarının təhsildən yayındırımasına qarşı çıxmaq hər kəsin borcudur”.
 

mənbə: Meydan TV