YAZI / DÜŞÜNCƏ
Sevinc Çılğın yazır - Bəlkə Tanrı nəsə deyir... Tarix : 15 Mart 2020, 17:30
Yazar : Qadinkimi.com
Nə qədər ömrümüz qalıb, kim deyər? Heç bilmirəm nəsə oxumağa da hövsələniz çatar, ya yox. Yox, yəqin ki, yox. Siz artıq uzun yazılardan, qalın kitablardan imtina etmiş adamlarsız. Status oxuyalı, kitab sizlik deyil. "Taun”u oxumusuzmu – soruşacaqdım, onu da soruşmuram, çünki oxuyanlar nə dediyimi və ya deyəcəyimi anladı, oxumayanlarasa mən həyatın bu uçurum fəslində ömrümdən qıyıb əsər haqda danışmayacağam. Elə müəllifi və əsərin adını deyim, anlamaq istəyən tapıb oxuyar – Alber Kamyu "Taun”. Bu belə...

KORONAVİRUS... Bütün dünyanın gözünün içinə dimdik baxan, qapısında, yox, eləcə nəfəsinin bir udumluq havasında hücuma hazır... Qorxuruq. Ölməkdənmi? Əzab çəkməkdənmi? Qazandıqlarımızı itirməkdənmi? Hələ ölmək üçün tezdimi? Bəs bağışlanmaq? Bəs katarsis? Bəs... nədən?

Vahimə içindəyik. Elliklə! Amma çox maraqlı dönəmdir, çox! Çox fərqli, bəlkə də neçə əsrdən bir təsadüf olunan tarixi mərhələni keçirik. Bir az dərin və hərtərəfli düşünmək, yaxşı müşahidə etmək lazımdır. Bir an sonra nə olacağını heç vaxt bilə bilmərik deyirik çox vaxt – baxın, sözdən gerçəyə gəlmişik. Bu gün GERÇƏKDƏN də nə olacağını bilmirik. Yolda duman var. Görməzə, bilinməzə addımlayırıq. Niyə? Qocaman bir NİYƏ sizi də düşündürmürmü?

Bu gün fərqi yoxdu kimik, irqimiz, cinsimiz, rəngimiz, milliyyətimiz nədir, necəyik. Bu gün hamıdan biriyik! Bu gün bir amerikan necədirsə, biz də eləyik. Bir çinli nə yaşayırsa, biz də onu yaşayırıq. Qloballaşma dedikləri bumu? Bizi, yəni bəşər övladını bərabərləşdirdilərmi sonunda? Bu gün sərhədləri aşıb okeanın o biri üzünə də getsək, orda nə yeyəcəyəm sualı yoxdur – Mc donalds var! Nə geyinəcəyəm düşünmürük – bütün markalar bütün dünyada! Hər yerdə mall var. Tarixi binaları, abidələri, küçələri və s fərqli ola bilər, amma bəşər hər yerdə eyni yaşamaq mühitini tapa bilir. Budur, bizi bərabərləşdirdilər! (Sosial şəbəkələr sağ olsun) Və o qədər bərabərləşdik ki, bu gün hamımız eyni hissi yaşayırıq, eyni sözləri təkrarlayırıq – qorxu, təhlükə, xəstəlik, virus, ölüm... Bəs allah? Deyəsən, özünü yadımıza salmağa başladı axı...

Bütün dünya karantindədir. İzolyasiya dönəmi. Hamıdan, hər şeydən təcrid olunmuşuq. Bir şəhərə, bir kəndə, bir evə məhkumuq. Çəmbərdəyik, adamlar, çəmbərdə. Təxmini, müvəqqəti vaxt qoyulub. Nə yas, nə toy, nə əyləncə, nə iş, nə dərs... Amma böyük bir DƏRS çıxarmaq üçün fürsət! Durulmaq üçün imkan! Arınmaq üçün şans!

Biz indi Yerin məhvərindən oynadığı məqamı görürük. Yaxşı baxaq, görək başqa nə görə bilərik. Bəlkə Tanrı nəsə deyir... Siz də eşidirsiz?

Deyirəm bəlkə ALLAH özünü göstərir. Bəlkə elə qiyamətdi. Bəlkə halallaşaq. Bəlkə kimə nə sözümüz varsa, deyək. Kimi sevməliyiksə, doyunca sevək, öpək, sarılaq. Bəlkə elə... VİRUS içimizdədir!

Bitməz-tükənməz bəlkələrlə, kaşkilərlə üz-üzəyik. Yox, çəmbər təkcə dışımızda deyil, ruhumuzdadır. Tıxanan yerləri tapmaq vaxtıdır, adamlar... İltihab nöqtələrini bulmaq zamanıdır. Ruhumuzun qırıq-sökük, içimizin kirlənmiş, irinləmiş məqamlarını GÖRMƏK məqamıdır.

P.S. Bu karantin dönəmində ÖZÜMÜ bloklamaq qərarı verdim. İş, səyahət, əyləncə... bütünlüklə İPTAL! Böhranı fürsətə çevirəcəyəm. İçimi, ruhumu təmizləməliyəm. Özümə gedən yolda bələdçilərim də var – klassik musiqi, klassik ədəbiyyat, Mevlana, irfan, tasavvuf, KİTAB... Və hamı, hər şey blok! Sıfırlanmaq...

Başladıq...

Sevinc Çılğın
qadinkimi.com