Uşaqlıqda
yaşadığımız hadisələr və bizə öyrədilənlər həyatımızın sonrakı dönəmində böyük
əhəmiyyət kəsb edir. Və heç birimiz deyə bilmərik ki,
travmasız, problemsiz uşaqlıq yaşamışıq. Hər kəsin uşaqlığında, az, ya
çox, xoşagəlməz hadisələr baş verib. Bəzilərimizdə isə bu, daha güclü olduğu
üçün həyatımızın geri qalan hissəsində də bizi öz təsirində saxlayır. Bunlardan
ən vacibi isə valideyn-uşaq münasibətlərində sevgi və güvən hisslərinin
zədələnməsidir.
Sevgi əks
təsirləri olmayan yeganə dərmandır, deyirlər. Bu səbəbdən də insanlar
doğmalarından, xüsusilə uşaqlardan sevgini əsirgəməməlidir. Amma biz əksərən
sevgini uşağı ərkəsöyünləşdirmək, şıltaqlaşdırmaqla qarışıq salırıq. Uşaq
həddini aşmasın, valideynin üzünə ağ olmasın, cəsarət tapıb pis əməllərə
qurşanmasın
deyə sevgi valideynlər tərəfindən
şərtləndirilir:
"Yemək
yeməsən, səni sevməyəcəm"; "Pis qız olsan, anan səni qoyub
gedəcək"
və sair kimi bənzər ifadələrlə uşağa
daima bir mesaj ötürülür: "Sənə olan sevgim şərtli və məhduddur".
Bu, geniş işlənilmiş, bir çox psixoloji, travmatik təsirlərindən xəbərdar
olduğumuz mövzudur. Amma sevgini ailəsindən gördüyü kimi övladına ötürən bəzi
valideynlər çox vaxt bu məsələdə eyni səhvi təkrarlayır. Uşağın istəklərini
qarşılamaq, onu doydurmaq, geyindirmək, gəzdirmək və ələlxüsus onu sevdiyini
deməklə uşağa sevgini ötürmək olmur. Düşünün ki, uşaq doyur, amma qidalanmış
sayılmır. Yediyi qidaların içində onun fiziki inkişafı üçün lazımi qədər
vitamin və minerallar yoxdur. Sevgi görmək də buna bənzəyir. Hər şeyin var,
amma sahib olduğun hər şeylə birlikdə həm də daxilində dərin bir boşluq hiss
edirsən.
Elə buna görə də, uşaqları sevməyi, onlara sevildiklərini hiss etdirməyi yenidən öyrənməli və onların ehtiyacı olan formada tətbiq etməliyik.
Sevgiyə şərt qoşmaq
Zaman-zaman
uşaqlarla valideynlər arasında müxtəlif problemlər yaşana bilər.
Problemli vəziyyətlərdə valideyn sarsılmış hökmünü yenidən qurmaq üçün uşağın
etdiyi və ya edə biləcəyi davranışlarla bağlı ona şərt kəsməyi üstün tutur.
Uşaqla ünsiyyətdə uzlaşmaq üçün ona şərt kəsilməsi qısamüddətli həll yolu olsa da, əslində, gələcəkdə uşaqda güvənsizlik hissinin yaranmasına zəmin yaradır. Xüsusilə də, "Bunu etsən, daha səni sevməyəcəm" cümləsi uşaq psixologiyasını ən çox zədələyən ifadələrdən biridir.
Çox vaxt qeyri-iradi, adi bir davranışla uşağın hərəkətlərinə nəzarət etməyə nail oluruq. Amma bu vəziyyətlə tez-tez üzləşən uşaqlarda zamanla ciddi güvən problemləri yaranır. Uşaq etdiyi hər hansı bir davranışda valideynlərini itirə biləcəyini, yaxud onların sevgisindən məhrum qalacağını düşünür. Sevgini beynində bu cür kodlayan uşaq gələcəkdə duyğusal baxımdan istiqrarsız insana çevrilə bilər.
Şərtli sevgi uşaqları necə formalaşdırır?
Uşağın dünyasını onun valideynləri və yaxın ətrafı formalaşdırır. Bu baxımdan uşağın həyatını əhatə edən və həyata qarşı mövqeyini müəyyənləşdirən valideynləri ilə münasibəti onun dünyaya baxışını, həyatında qarşılaşa biləcəyi insanlara əlaqələri və ünsiyyəti necə quracağını da müəyyənləşdirir. Uşağa şərt qoymaq onun həyatın fərqli üzlərini dərk etməsi üçün əhəmiyyətlidir. Amma bu şərt sizinlə onun arasında olan etibar və sevgi əlaqəsinə əsaslanmamalıdır. Uşaqlarda müsbət xüsusiyyətləri formalaşdırmaq üçün tək yol onları sevginizdən məhrum etməklə hədələmək olmamalıdır. Müsbət davranışlar və ya bacarıq öyrətmək üçün uşaqları həvəsləndirmək və motivasiyasını artırmaq məqsədiylə onları xoşbəxt edə biləcək mükafatlardan istifadə edə bilərsiniz.
Xoşagəlməz davranışlarında onu sevdiyi bir əşyadan uzaqlaşdırmaqla tərbiyə etmək olar. Ancaq onu sevgidən məhrum etməyiniz uşağın gələcək həyatındakı uğursuzluqların mənbəyi ola bilər. Çünki bu kimi hallarda uşaq valideynin sevgisindən məhrum qalmaq, onu tamamilə itirmək qorxusu ilə üzləşir. Davamlı olaraq bu vəziyyətə düşən uşaqlarda sevgi hissi asılılıq və duyğusuzluqla paralel formalaşır. Belə uşaqlar get-gedə daha çox qayğılı olur. Öz hisslərinə və özünə qarşı münasibətdə duyğusuz və daha az həssas olmağa başlayır.
Övladınızla münasibətinizi güvən və sevgi əsasında qurmaq, uşağınızın həyata münasibəti, qarşılaşdığı problemli vəziyyətlərin öhdəsindən gəlməyi öyrənməsi, özünə hörmət və özünə inamının inkişafı üçün çox əhəmiyyətlidir. Bu baxımdan ailələrin diqqət etməli olduğu məqamlar var.
Uşağınıza itirmək qorxusu yaşatmayın
Uşağınızın hər doğru və ya yanlış davranışda onun yanında olduğunuzu və sevginizi itirməyəcəyini bilməsi çox vacibdir.
Məhdudiyyətlərin limit dərəcəsi önəmlidir
Əlbəttə ki, uşağa bəzi məhdudiyyətlər qoyulmalıdır. Bir valideyn olaraq, övladınızın inkişafı üçün sərhədlərin müəyyən edilməsi vacibdir. Ancaq tətbiq edəcəyiniz məhdudiyyətlər nə uşağın özünü inkişaf etdirməsinə maneçilik yaradacaq, nə də istədiyi hər şeyə dərhal və qeyd-şərtsiz nail ola biləcəyini düşündürəcək qədər sərt olmamalıdır.
Kiçik itkilər uşağı gücləndirir, böyük itkilər zəiflədir
Xoşagəlməz bir vəziyyətlə qarşılaşdığınız zaman uşağınızı maraqlandığı bir əşyadan qısa müddətə məhrum edə bilərsiniz. Bu, onun həddini bilməsi, sərhədlərini öyrənməsi üçün önəmlidir. Bu məhrumiyyət isə qeyri-müəyyən vaxta qədər, sərt və qatı olmamalıdır. Məsələn, bir səhvinə görə onu telefondan, yaxud sevdiyi kompüter oyunundan bir neçə günlük məhrum etmək olar, amma sevginizdən və qayğınızdan əsla.
Uşaq üzr istəyəndə qəbul edin və problemi uzatmayın
Uşağınız sizdən üzr istəyirsə, dərhal qəbul etməlisiniz. Uşaq əməlindən peşmançılıq duyub sizin könlünüzü almağa çalışırsa, ona qarşı laqeyd yanaşmaq olmaz. Bu məqamda üzrü saymamaq və küsülülüyü uzatmaq uşaqda qayğını artırıb güvən hissini zədələyir.
Uşağa qarşı valideyn kimliyinizdən istifadə etməyin
Məsələn, "yeməyini yeməsən, səni sevməyəcəm" əvəzinə, "yeməyini yeməsən, film izləmək, oyun oynamaq qadağandır" demək lazımdır. Unutmayın ki, valideyn sevgisi sonsuz və şərtsiz olmalıdır. O, sonradan qazanılan və ya hər hansı bir məsələyə görə itiriləsi məfhum deyil.
Özünüzə və uşağınıza möhlət verin
Tab gətirmədiyiniz və ya idarə edə bilməyəcəyiniz vəziyyətlərlə qarşılaşdığınız zaman qışqırmaq və ya mübahisə etmək əvəzinə, uşağınıza və özünüzə sakitləşmək üçün vaxt verin. Bu, qəlb qırmadan onunla bağlı sağlam addımlar atmağınıza kömək edəcək.
Uşağın özünü ifadə etməsinə imkan verin
Bəzi davranışları, xüsusiyyətləri uşağa diktə yolu ilə öyrətmək də yanlışdır. Bu kimi hallarda uşağın özünü ifadə etməsinə belə icazə vermədən ona hər hansı bir doğrunu diktə etmək olmaz. Uşağa özünü ifadə etməsi üçün imkan yaratmaq, bu məqamda çətinlik çəkirsə, onu anladığınızı göstərmək üçün sual vermək, nə demək istədiyini anlamağa çalışdığınızı göstərmək lazımdır.
Son olaraq,
övladının öz həyatını sağlam şəxsiyyət kimi davam etdirməsi hər bir valideyn
üçün çox vacibdir. Hər birimizin buraxdığı səhvlər doğrunu öyrənmək üçün
təcrübədir. Uşaqlara təcrübə yaşamağa imkan vermək, bu təcrübələr zamanı da
onları sevgimizdən məhrum etmədən dəstəkləmək lazımdır.