SEVGİ
Firuz Mustafa - Sevgi Tarix : 04 May 2020, 19:07
(elmi-fəlsəfi esse)

1 - ci hissə 


Еlə gözümüzün qаbаğındаcа

Çох şеy dəbdən düşür- qаlırıq nаçаr.

Bəzən dəbdən düşür bircə аndаca

Pаltаrlаr, mеbеllər, bаğlаr, bağçаlаr.

Təntənəli аdlаr, çinlər, pаqоnlаr,

Kitаblаr, əsərlər düşürlər dəbdən.

Komfоrt təyyаrələr, yollаr, vаqоnlаr,

Sаrаylаr, qəsrlər düşürlər dəbdən.

 

Dаim dəbdə оlаn bir şеy vаr, о dа

Sеvgidir – qоcаlmır qоcа dünyаdа.

 

Qəribə bir hal, üstəlik gülməli bir vəziyyət müşahidə olunmaqdadır: hər birimiz (hər halda çoxluq nəzərdə tutulur) insanın dərin hissi, coşğun duyğusu, qəlb aləmi, sevgisi ilə bağlı sənət əsərlərini həyəcanla oxuyur, heyrətlə dinləyir, dərin düşüncəyə dalırıq; lakin sevgi ilə bağlı ciddi söhbətləri bəzən ya yüngül təbəssümlə, ya da acı istehza ilə qarşılayırıq. Biz ədəbiyyatdakı Məcnunu, Otellonu, Romeonu, Leylini, Cülyettanı qəbul edirik, lakin həyatdakı məcnunluğu, romeoluğu qəbul etmirik. Kitabdakı, səhnədəki, kinodakı... Məcnuna pərəstiş edirik. Lakin həyatdakı Məcnunu ələ salırıq. Sevgi haqqında bədii ricətlərlə danışırıq. Lakin sevgi barədə yazılmış bədii esseni, publisistik yazını soyuq qarşılayırıq.

Bəri başdan qeyd etmək istəyirəm ki, oxuyacağınız yazı öz janrı etibarilə ədəbi-bədii düşüncə, esse deyil, habelə onu publisistik qeydlər toplusu da adlandırmaq olmaz.Siz əzəli, əbədi, bəşəri bir problem barədə elmi xarakterli tədqiqatla, bir az birtəhər səslənsə da, "ciddi” janrda yazılmış qeydlərlə tanış olursunuz. Əlbəttə, yazıda başqa janrların çaları da yox deyildir. Beləliklə: SEVGİ.

Əlbəttə, ritorik məntiqə əsasən həmin sözdən sonra mütləq nida işarəsi qoyulmalıdır, həm də bir yox, ən azı üç işarə birdən. Amma sevgi barədə təkcə lirik - emosional üslubda söhbət açmaq niyyətində deyilik. Başlıca məqsədimiz sevgi haqqında sakit tərzdə, soyuq mühakimə ilə fikir yürütməkdir. İlk baxışda "soyuq” və "sevgi” anlayışları bir - biri ilə qətiyyən uyuşmur. Amma nə etməli? Düşünəndə ki, "sevgi” anlayışı həm də etik-fəlsəfi kateqoriyalardan biridir, istər-istəməz "ayaq saxlamalı” olursan, axı, fəlsəfə bizdən yalnız "soyuq” mühakimə, real təsvir və ciddi tədqiqat tələb edir. Bu baxımdan emosiya, bədii təsvir, metafora, lirizm qismən arxa plana çəkilməli olur.


Biz onu da qeyd etməyi vacib bilirik ki, haqqında söhbət açılan problemin özünü bir neçə xətt üzrə nəzərdən keçirmək olar: sevgi anlayışına münasibətin tarixi baxımından, sevginin özünün tarixi təkamülü prosesindən və s. Lakin biz həmin tədqiqat formalarından imtina etmək niyyətindəyik. Elə təkcə ona görə ki, sevgi anlayışına münasibətdə tarixiliklə müasirlik arasında kəskin fərqlər axtarmaq, nəhəng Çin səddi tikmək çətindir.

Bizə elə gəlir ki, "sevgi” anlayışının ən dəqiq, ən başlıca adekvatı azadlıqdır. Sevgi – azadlıqdır. Sevən kəs dünyanın ən azad varlığıdır. Azad adamın köləliyə meyl etməsi mümkün deyil. Azadlığı dərk etməklə sevmək arasında bərabərlik işarəsi qoymaq yalnız ilk baxışda təəccüb doğura bilər. Əslində isə o anlayışların ziddiyyəti yox, vəhdəti heyrət doğurmalıdır.


Sevginin ağıl və ürəklə bağlılığı əsrlər boyu ən müxtəlif səviyyələrdə mübahisə doğurmuşdur. Bu yerdə B.Paskalın bir fikrini xatırlamalı oluruq: "Ürək zəkanın bilmədiyi qanunlara malikdir”. Əlbəttə, ürək və ağıl qanunları arasında mühüm fərqlər mövcuddur. Lakin belə bir həqiqəti də inkar etmək olmaz ki, ürəklə ağıl xətləri məhz sevgi nöqtəsində kəsişir, daha doğrusu, sevgi – qəlblə idrakın vəhdəti nəticəsində pərvəriş tapır. Feyerbaxın sözləri ilə desək, "ən ümumi sevgi yalnız zəkanın olduğu yerdə mövcuddur, zəkanın özü universal sevgidən başqa bir şey deyildir”.

Sevgi, bayram deməkdir, əsl sevgi, Sevgisizlikdədir faciə, bədbəxtlik. Sevgi – ölümsüzlükdür, əbədiyyətdi. Sonluluq, ölərilik - sevgisizlikdir. Sevginin o biri üzü, onun "antoqonist düşməni”, əksi, antonimi nifrətdir. Zərdüştə görə, dünya xeyir və şərdən, sevgi və nifrətdən ibarətdir. Anaksaqor sevgi və nifrəti dünya evinin əsasını təşkil edən kosmik qüvvələr kimi səciyyələndirirdi. Böyük Şərq mütəfəkkiri İbn-Sina (Avisenna) yazırdı ki, ali varlığın idarə etdiyi bütün mövcud şeylər təbii istəyə və anadangəlmə məhəbbətə malikdir. Buradan belə qənaətə gəlmək olur ki, məhəbbət həmin şeylərin mövcudluğunun səbəbidir. Sonralar həmin fikri inkişaf etdirən Şarden de Teyyar göstərir ki, dünyanın bütün fraqmentləri (hissəcikləri, zərrələri) həmişə bir-birini axtarır; sevgi – xüsusi bir kosmik gücdür. Məhz kosmik duyğu nəticəsində insanlar (sevənlər) bir - birinə qovuşur. Ümumiyyətlə, "kosmik cazibə” barədə dəfələrlə söhbət açılmış, bəzən ifrat mühakimələr söylənmiş olsa da, problemin mahiyyətinə maraq daim kəskin səciyyə daşımışdır.


Dekart yazırdı: "Mən düşünürəm – deməli, mövcudam”. İnsan mövcudluğunun əsasında həm də onun sevgisi yaşayır: eləcə də insan düşüncəsi insani sevgidən xaricdə mövcud ola bilməz. Elə isə Dekart öz fikrini hətta bu cür ifadə etsəydi belə, yenə haqlı idi; "Mən sevirəm – deməli, yaşayıram”.

İnsan dünyaya müəyyən imkanlarla qədəm qoyur. Həmin imkanların gerçəkliyə çevrilməsi üçün təkcə bioloji amillər kifayət etmir. İlkin qıcıqlardan və instinktlərdən idraka qədər uzun, çox uzun bir yol var. O uzun yolda insan dərin uçurumların üzərindən keçməli olur. O uzun yolun əzabları bəzən sevincindən çox olur. "Sevgi” adlandırılan fenomenin meydana gəlməsi, məhz həmin yolun əzab və sevincləri ilə müşayiət olunur. Bəzi tədqiqatçılar sübut etməyə cəhd göstərir ki, sevgi hissi insanın təcrübəsindən kənarda belə mövcuddur. Hətta V.S.Solovyov yazırdı ki, zəka heyvanat aləmi üçün nədirsə, məhəbbət də insan üçün hələlik həmin şeydir. Solovyova görə iki adamın sevgisindən vahid bir şəxsiyyət meydana gəlir. Sevgi - əbədi həyəcan və qayğı, gündəlik cavabdehlik hissidir. Sevgi – yaradıcılıqdır. Ona görə o da daxili azadlıq tələb edir. Sevgi təkcə dünyəvi yox, həm də əbədi, kosmik hadisədir. "Söz insan cəmiyyətinin və mədəniyyətinin – təşkilində necə əhəmiyyətə malikdirsə, məhəbbət də həqiqi insan şəxsiyyətinin təşkilində bu cür və hətta, bundan da artıq əhəmiyyətə malikdir” – deyən Solovyov nə qədər də haqlıdır.


Platon yaradıcılığından söhbət açan A.F.Losev yazırdı ki, sevən adam həmişə dahidir. Bizcə, çox sərrast deyilib.


Məcnun dahidir.

Romeo dahidir.

Don Kixot dahidir.

Kərəm dahidir.


(davamı olacaq...)

qadinkimi.com