SƏNƏT
Şərqi söyləyən qadının hekayəsi Tarix : 23 İyul 2019, 11:55
Yazar : Aysel Əlizadə
Bu gün Azərbaycanımızın misilsiz sənətkarı Flora Kərimovanın doğum günüdü. Bu münasibətlə sənətkarı təbrik edir, ona yalnız və yalnız can sağlığı, sevənləriylə hüzur dolu günlər diləyir və Aysel Əlizadənin onun haqda yazısını təqdim edirik.

Məktəbdə oxuyurdum. Müəllimlərimiz ifasına qadağa qoyulan sənətkarın efirə qayıtması üçün imza toplayırdılar. Adamın səsinə necə qadağa qoymaq olar? Kiməsə necə "oxuma” demək olar? Uşaq idim, başa düşmürdüm.   
 

Böyüdükcə gördüm ki, adama təkcə "oxuma” yox,    "danışma” demək də olur. 
Adama "sus”  demək də olur. Adama hətta "yaşama” deyə bilərlər. 
  
Dəfələrlə tanış olmaq imkanım yarandı, yaxın getmədim. 

Yaradıcılığını qadağalarla keçirdi. Sənət onu balası kimi bağrına basıb, məhv olmağa qoymadı. 

İmperiyanın, hakimiyyətlərin, qurama sənət aləminin, şişirtmə şöhrətin yox, sənətin doğmasıdı.
 
Bəlkə yanlışları da oldu. Bəşəri bir sənətkara aid olmayan mövzulara girişdi, gərək olmayan söhbətlər etdi. Ancaq biz yenə də anlayışla qarşıladıq. 

Ona xırda-para davaları yaraşdırmayan dinləyiciləri  ara-sıra kimləsə çəkişmədə, kimləsə gərəksiz saydıqları döyüşdə qınadılar onu. Başqaları deyəni, edəni eşitmədi heç kim, o, nə dedisə, qulaq çatlatdı. 

Aşağı enməsi nədi,  aşağı boylanmasına belə dözmək çətindi. 
 
Bir proqramda ikimiz də qonaq idik. 
Tanış olduq sonunda. Veriliş boyu mən danışanda o fikirli-fikirli dinlədi, o danışanda mən. Proqramdan sonra məni səslədiyini eşitdim. Başına yığılan adamların səsləri içində adımı çəkirdi. 
Bu dəfə yaxınlaşdım.
Çox şey danışmadıq. 
Əlimdən tutdu, gözləri dolmuşdu. "Kövrəkləşmişəm” dedi. "Qızım da uzaqdadı, darıxıram” – söylədi...
Söylədiyi kimi deyildi. Bu "darıxıram”da dəhşətli təklik vardı. Bu darıxıramda tapındığı hər şey onu tərk edib getmişdi. 

"Qızımı xatırlatdız”, dedi. Ancaq mən bu cümləni belə eşitdim: "özümü xatırlatdız...”. 

Yaşından, statusundan asılı olmayaraq hər kəsə "siz " deyə bilir. O, illərini süni qayırılmış şöhrətləri ifşa etməyə sərf edib. Toplumun gözünü açıb. Gerçək bir aydın obrazı olub. Ləyaqətini, kimliyini qoruyub. Heç kimə yaltaqlanmayıb, heç kimə əyilməyib. İkiüzlülüyə nifrət edib. Sənəti və siyasi duyumu ilə çox öncələrdən bilib olacaqları. Sovetlər dönəmində Qarabağda keçirilən konsertdə iştirak edib. Erməni ifaçı Qarabağ şikəstəsi oxuyub. Ermənidən sonra səhnəyə çıxaraq hazırladığı əsəri yox, şikəstəni daha zildən səsləndirib. Həmin dönəm üçün bu, çox ciddi mesaj idi. Hələm-hələm adamın cəsarəti çatmazdı etməyə, bəlkə heç ağlına da gəlməzdi. Buna görə efir qadağası qoyulub ona. Bu nə idi? Uzaqgörənlikmi? Qarabağ təhlükəsini hiss etməkmi? 

Müstəqilliyin ilk dönəmində xalqla yanaşı dayandı  meydanlarda.  

Sənətkarı, vətəndaşı, ictimai-siyasi xadimi oldu ölkəsinin.  

"Qızıl fond”da çoxlu səs yazısı məhv edilib. Hər cür pisliklə qarşılaşıb. Kişilərin sevimlisi olub. Ölüblər dərdindən. Ağılasığmayacaq adamlara, təkliflərə "yox” deyə biləcək qədər tox olub. Başqası evlənməyə birini tapmayanda o, saysız evlilik təklifləri alıb - çox ciddi kişilərdən. 

Onu zirvəyə qaldıran yalnız və yalnız istedadıdı.  
Buna görə də qadağa, təqib, haqsızlıqla üzləşdikcə  yalnız istedadla qazanılmayan şişirdilmiş şöhrəti olan kəslərlə - dolayısı ilə bunun üçün şərait yaradanlarla  döyüşüb. 

O da millət vəkilliyinə namizədliyini verib bir zaman. MSK rəsmən tanımayıb qələbəsini. Avropa İnsan Hüquqları Məhkəməsinəcən gedib. Mandatını tanıyıblar. 140 manat əmək pensiyasının (140 manat!)  deputat pensiyası ilə əvəzlənməsi iddiası ilə Ali Məhkəməyəcən bütün yerli instansiyalardan keçib. Çünki əlində dünyavi sənədi var idi. Deputat pensiyası haqqı idi. 

SSRİ, Ermənistan, Gürcüstan, Dağıstan, Özbəkistan xalq artisti deyil. Azərbaycanın xalq artisti adını da 1992-ci il Elçibəy hakimiyyəti dövründə alıb.   

Bunlar faktlardı. Artıq olan olub, yaşanıb bitib. 
Və bu yaşantılardan sonra içini bizimlə paylaşmaq istəyəndə, düşündüyünü deyəndə biz yenə susmasını gözləyirik, nədən?  
 
Üzeyir bəy deyib ki, Azərbaycan təkcə yeraltı sərvətlə yox, yerüstü sərvətlə də zəngindi. Bu sərvət böyük adamlarıdı ölkəmin. 

Onu dünyanın istənilən səhnəsinə qürurla aparıb "sənətkarımızdı” deyə bilərdik. Dünya da dinləyib, buna əmin olardı. Etməmişik. O da heç kimdən bunu gözləməyib. Heç vaxt!

İndi  sözüm onadı.
 
İllərlə millətin bir dərdini dilə gətirmədən millət vəkili olmaq varkən, dirənişə dəyərdimi? 

Sənətin gerçək kraliçası sağ ikən, özünə dayanmadan titullar verən, verdirən birinə heç vaxt qarşı çıxmayan adamlar dediklərinizi anladılarmı?  

Elçibəyə oxuduğunuz mahnını dinləyirsizmi...  

İllərlə nəyisə anlatmağa çalışdınız. Başa düşmədilər. 
"Hər gələnə əl çalmayın, hər parıldayan almaz deyil” -  dediniz. 

Dönüb dolaşıb sizi qınadılar. Nə baş verdi? Nifrətlərini üzə deyə bilmədilər; öləndən, bitəndən sonra lənət yağdırdılar.
 
Açıq söz eşitməyib bu cəmiyyət. 

Hamı bildiyi həqiqəti heç kim dilinə gətirməyib heç vaxt. 

Sizi buna görə qınadılar. 
 
Məndən soruşsaz... Dəyərdi!

Hər kəs onlar kimi olsa, biz boğulub ölərdik, Flora xanım. Sizin kimi adamlar bizim kimilərin nəfəsliyidi. Siz həmişə Azərbaycanda qorxmaz, ləyaqətli, peşəkar adamların təsəllisi, sevimli sənətkarı olacaqsız. Və bu proses bu ölkə var olduqca davam edəcək. Çox yaşayın. Amma ölməkdən də qorxmayın. Sizin üçün burda hələ çox ağlayacaqlar. Heç susmaqdan da qorxmayın. Tarix sizi elə danışdıracaq ki...

Şərqi (şarkı ilə qarışdırmayın – A.Ə.) söyləyən qadının hekayəsini bir köşəyə sığdırmaq mümkün deyil. Sezen Aksuyla müqayisə edirlər bəzən Flora xanımı. Mən bu iki azman və bəşəri sənətçi arasında müqayisə aparmıram. İkisi də özümüzü tanımaqda böyük rol oynayıb. Biz onları dinləyə-dinləyə böyüdük. Amma Sezen Aksu azad bir ölkənin – Türkiyənin sənətçisiydi. Flora Kərimova isə bütün azadlıqları məhv edilmiş Sovet Azərbaycanının... 
 

 

Aysel Əlizadə
Qadinkimi.com