YAZI / DÜŞÜNCƏ
Səni yalandan sevənlərin sayı artır Tarix : 05 Sentyabr 2022, 13:18

Həyatımızda elə insanlar olur ki, biz onlar vasitəsi ilə kimliyimizi tanıyır, bacarıqlarımızı anlayır, onlara rast olandan sonra özümüzü kəşf edirik. 


Elə ki o insanlardan uzaq düşürük, həmin ruhumuzun mühəndislərindən az vaxt da olsa aralanırıq, dərhal bütün rahatlığımız, mənəvi rifahımız itir. 


Çünki insana özünü tanıtdıran insan, həqiqi yolgöstərən daim lazımdır. Bir neçə zəngin adam tanıyıram ki, deyirlər əvvəl nəsə alanda, heç olmazsa bir neçə saatlıq xoşbəxt olurduq, indi bahalı telefon, maşın alırıq, amma heç aldığımız anda belə sevinmirik, böyük evə köçürük, fəqət ürəyimiz açılmır. 


Səbəbi sadədir: çünki o insanların yanında bircə "mübarəkdir" sözünü belə sidqi-ürəklə deyən kimsə yoxdur. 


Ətrafında sevincinə ürəkdən sevinənlərin sayı azaldıqca  ürəyindəki sevincin də miqdarı azalır. Nə qədər çox insan tanıyırsansa, nə qədər çox meydanda olursansa, səni yalandan "sevən" adamların sayı da bir o qədər artır. 


Və ən pisi odur ki, gün gəlir sən o yalandan "sevənlərlə" səni həqiqətən sevənləri ayırd edə bilmirsən, könlünün gözünü pas tutur...


Fərid Hüseyn 

qadinkimi.com