YAZI / DÜŞÜNCƏ
SƏMİMİ OLAQ. Bu, gözəl duyğudur... Tarix : 09 Dekabr 2019, 12:38
Yazar : Qadinkimi.com
İnformasiyanın kəskin sürətdə artdığı bir zamanda, ictimai əhval-ruhiyyə fərdi əhvalı müntəzəm pozan xroniki bədbinliyə səbəb ola bilir, əsəb gərginliyi yaradır. Məlumdur ki, insanın əhvalı kənar hadisələrin təzahürü nəticəsində dəyişə bilir. Xarici qıcıqlara qarşı həssas olmaqla yanaşı mürəkkəb psixi mexanizmə də malikdir insan. Həyatı boyu çətinlikləri, müqavimətləri dəf etməyə məhkum da olur insan. Əzəməti, ədəbi, etikası, vüqarı ilə yenilməz olan insan qərarsızlıq, iradəsizliyi ilə müəyyənlik, aydınlıq sevənlərin əhvalının qəniminə çevrilir. Daxili mənəvi aləm əhvala müsbət təsir edir, istiqamətləndirirsə, mənfi emosiyalar insan psixikasına sarsıdıcı zərbələr vurur, ruhən, mənən iflic edir, fəsadları o qədər ağır olur ki, əhatəsində olanlara da kəskin sirayət edir. Həyat öz müxtəlifliyi - rəngarəngliyi ilə maraqlıdı. Kədər yox, sevinc mənbəyi olaq. Hirsli, qəzəbli olmaq, münasibətlərdə məqsəd güdmək, istifadə etmək, yalan, hiylə insana öldürücü zərbə vurur, xəstəliklərə zəmin yaradır. Heyran olmaq, sevinmək, sevə bilmək həyat üçün zəruridir. Kim ki, bu gözəl, müsbət insani duyğulardan məhrum deyilsə nə xoş ona. Bir xəfif təbəssüm günümüzü aydınlada bilər.Yüklənmiş kədəri qova bilər, fikirlərimizi nizamlayar, günümüzü gözəlləşdirər, həyatımıza rəng qatar.  

Yaşadığımız sürəcə ya zəif oluruq, ya güclü. Düz anlaşılmamaqdan, özümüz haqqında xoş olmayan təəssuratlardan ehtiyat edirik. Yaxud insan özünü boşluqda hiss edir, bəzən gərginliyə məruz qalır. Ruhunu cəmiyyətin stereotipindən çıxarmaq üçün başqalarının sənin haqqında nə isə pozitiv və neqativ fikirləri olacağını düşün. Həmişə kimsə bizi bəyənəcək, qəbul edəcək və ya əks münasibət göstərəcək. Bu reallıqdı, qəbul edək. Vicdanın rahatdırsa, heç kimin, hətta pis hesab etdiyin insanın da pisliyini zərrə qədər də istəmirsənsə, bircə dəfə də olsun həyatın sürəcə özün üçün qoyduğun çərçivədən kənara çıxmamısansa, vicdanınla baş-başa qalanda ruhun dinc, sakitdirsə haqqın yanındasan deməkdir. Gülüşünü, təbəssümünü  evindən - ailəndən, övladlarından, insanlardan əsirgəmə. Maneələri aşmağı, çətinlikləri keçməyi bacar. Hər zaman nikbin ol, içindəki kədəri gülüşlə ərit, onda hər şey gözəl olacaq, gözəlliyə bürünəcək. Səmimiyyət, hörmət, insaniyyət daxilindən gəlir, duruşunda, baxışında, sözlərində, davranışında bir işıq kimi əks olunur.  

Qəlbində hiss etdiklərini qarşındakı insana olduğu kimi, açıq-aydın çatdırmaqdı səmimiyyət. Həqiqi düşüncələrini və simanı gizlətmədən, özünü olduğundan fərqli göstərməyə çalışmadan, açıq-aşkar hiss etdirməkdi səmimiyyət. Belə insanın bütün davranışları təbii və qəlbən olduğu üçün digərlərinə də gözəl, müsbət təsir bağışlayır, baxışları, danışıq tərzi, üslubu, mimikaları təbii və mənalı olur.
 


SƏMİMİ OLAQ. Bu, gözəl duyğudur. Gül ki, üzünə gülümsəsinlər. Sev ki, sevimli olasan. Nöqsan tapsan, danlanacaqsan, mənfəət güdsən, üz döndərəcəklər. Həqiqəti söyləsən, eşitməyəcəklər. Səmimisənsə sadəlöhvsən deyə rişxənd edəcəklər. Ruhunu incədən-incəyə araşdıracaqlar, lovğalıqda, xudpəsəndlikdə günahlandıracaqlar.

Sizi olduğunuz kimi qəbul edən, sevincinizə sevinən, acılarınızı unutdura biləcək qədər güclü olan, özləri də dərk etmədən həyatınıza rəng qatan, düşüncə ənginliyinin səmasında ruhu ruhunuza yaxın ola bilən adamları sevin. 

Göz yaşlarınıza səbəb olanları, arzularınıza etinasız yanaşanları, istəklərinizi qəlbinizdə boğanları deyil, sizə güvənərək, dəstəkləyərək, potensialınızı ortaya çıxaran, enerjinizi yüksəldən, sizi sevən dostlarla, qohumlarla, yoldaşlarınızla vaxtınızı keçirin. Səbəbsiz incidib, ağıl verərkən enerjinizi tükədib, sizi özünüzdən şübhəyə düşürəcək adamlara yol verin yanınızdan ötüb keçsinlər. İnamınızı tükədənlər, kinə, həsədə bulaşanlar diqqət etsəniz, fərqinə varsanız, görəcəksiniz ki, əhatənizdə həmişə olub, olacaqlar.

Daima gülüşüylə güvən verə bilən, xoş ünsiyyəti, diqqəti ilə ömrünüzü bəzəyən, təmənna güdməyən, ruhunuzu oxşayan, duymayanda narahat olan, bütün dünyada yalnız öz kiçik çevrəsinə sığınıb böyük dünyalar quran, nəzərinizdə mənəvi dünyası ilə ali mərtəbəyə yüksələ bilən, kiçik bir uşağın məsumiyyəti ilə baxa bilən adamları sevin.


Yeganə İsgəndərova
qadinkimi.com