Hacı İsmayılovun 75 yaşına...
İstedadlı insanlar çoxdur. Demək olar ki, hər kəsdə bir istedad var. Bu ilahi vergi şəxsi məqsədlər üçün deyil, xalqa xərclənəndə nüfuza çevrilir, sahibini ucaldır, qəlblərə köçürür…
Bəli, obrazdan obraza girmək, oynadığı rolu insanlara sevdirmək aktyordan istedad tələb edir…
Səhnədə yüzlərlə rol oynayıb, amma onu yadda saxlayacaq ən əsas rolu "Mustafa" olub.
O, 1944-cü ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 190 nömrəli məktəbdə alıb. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1969-cu ildə oranı bitirərək Sumqayıt Dövlət Dram Teatrına aktyor işləməyə göndərilib. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyasında dərviş Məstəlişah rolunu ifa edib. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci ildən Akademik Milli Dram Teatrında çalışır...
"Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filminə çəkilib və böyük uğur qazanıb.
1980-ci ildə Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb.
1989-cu ildə əməkdar artist, 2000-ci ildə isə xalq artisti fəxri adlarını alıb. Prezident təqaüdçüsüdür. Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi "Sənətkar" ordeni ilə təltif edilib.
2014-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavinidir. Ailəlidir, iki övladı və üç nəvəsi var…
…Bəli, Mustafa rolu ona şöhrət bəxş etdi. Və bu şöhrətin qüdrəti onu xalqa sevdirə bildi…
Hacı İsmayılov! "Mustafa" kimi səmimi, təvazökar, sadə insan. Biz sizi çox sevirik. Siz bizim abrına söykənən, zərrəcə qazandığı şöhrətə xələl gətirməyən xalq artistimizsiz. Azərbaycanın kino tarixində həmişə cavan qalacaq "Mustafa"nı siz yaratdınız. Yanvarın 22-si sizin 75 yaşınız tamam olur.
Şimali Amerika qitəsindən sizi təbrik edir, sizə ağrı-acısız günlər arzulayırıq.
75 yaşınız mübarək!
Elman Eldaroğlu,
ABŞ, Miçiqan