Orqanizmin yuxuya olan bioloji ehtiyacı hamıya məlumdur. Yuxu zamanı bütün orqanların funksiyasi zəifləyir, onlar dincəlir və bununla da sabahkı günə "qüvvə" toplayır. Möhkəm və kifayət qədər yuxu insanı cavanlasdırır, əhvalını yaxşılaşdırır, dərinin qanla təchiz olunmasını artırır ki, bunun da nəticəsində dəri çəhrayi və sağlam, gözlər parlaq və nurlu görünür, hərəkət rahat və həmahəng olur. Xüsusilə qadın üçün möhkəm yuxu hər hansı kosmetikadan yüksək sayılır.
Sinir sisteminin tipindən asılı olaraq yaşlı adam 6-10 saat yatmalıdır. Belə ki, yaşa dolduqca, qocaldıqca yuxuya olan tələb azalır. Əgər adam daim orqanizmin tələb etdiyindən az yatırsa, bu vaxt onda yuxusuzluq, yorğunluq halı yaranır ki, bu da heç bir dərmanla aradan qaldırıla bilmir. Yalnız kifayət qədər yuxu bu bərabərsizliyi bərpa edə bilər.
Təəssüf ki, hazırda yuxu bir çoxları, xüsusən qadınlar üçün problemə çevrilib. Ev işləri, uşaqların tərbiyəsi ilə məşğul olan,
gecənin müəyyən hissəsini öz təhsilini, ixtisasını artırmaqla əlaqədar mütaliə edən, işləyən qadınların yuxu üçün vaxtı az qalır.
Bundan əlavə həddindən artıq yorğunluq və sinir sisteminin pozulması ilə əlaqədar bir çox qadınlar yuxusuzluqdan əziyyət çəkirlər, az yatırlar. Az yatıb səhər yuxudan ayılan qadınlar yorğun, solğun və zəif görünür, gözlərinin altının şiş olması və s. ilə nəzəri cəlb edirlər.
Bütün bu əlamətlər onların vaxtından əvvəl qocalması və gözəlliyini itirməsi ilə nəticələnir. Buna görə də nəyin bahasına olursa-olsun gündüz görüləcək işləri səmərəli təşkil edərək yuxuya vaxt tapmaq lazımdır. Yatdığınız otağın pəncərəsini açıq saxlayın, yaxud əvvəlcədən havanı dəyişin. Aclıq, həmçinin yatmazdan əvvəl çox yemək yuxunun pozulmasına səbəb ola bilər. Ona görə də axşamlar az yeyin, eyni zamanda yağlı və çətin həzm olanan yeməkdən imtina edin.
Yuxudan əvvəl əhvalın hansı vəziyyətdə olması çox vacib andır. Odur ki, yatmamışdan əvvəl bütün qayğılardan mümkün qədər uzaqlaşın. Aram, həzin musiqiyə qulaq asmaq, ilıq duş qəbul etmək, açıq pəncərə qarşısında durub bir neçə dəfə dərindən nəfəs alıb-vermək yuxu üçün çox xeyirlidir.
Yatmazdan qabaq gərginlik yaradan kitab oxumaq və yaxud televiziya verilişlərinə baxmaqdan çəkinin.
Əgər yuxunuz gəlirsə uzanın, əks halda yuxunuz "qaçacaq” (pozulacaq). Kofe, çay sinir sistemini qıcıqlandırıcı təsir göstərdiyinə görə yatmazdan qabaq bunlardan imtina edin.
Yataq otağı sakit, və qaranlıq olmalıdır. Bədənin rahatlığı üçün gen, yüngül gecə köynəyində yatın. Yatarkən başınız şimala, ayaqlarınız isə cənuba doğru olmalıdır. Rahat və şirin yuxu üçün hansı vəziyyətdə uzanmağın əhəmiyyəti çox böyükdür. Əsasən arxası və sağ böyrü üstə yatmaq məsləhət görülür. Sol böyrü üstə və üzüaşağı yatarkən tənəffüs çətinləşir, ürək fəaliyyəti zəifləyir.
Yatmazdan əvvəl açıq havada yarım saat gəzmək yuxu üçün ən gözəl vasitədir. Əgər həftə ərzində lazımi qədər yatmağa imkan olmayıbsa, onda şənbə və bazar günləri günorta yeməyindən sonra 2 saat yatmaq gümrahlığa müsbət təsir göstərir. Yuxusuzluqla mübarizəyə yuxugətirici dərmanlarla başlamayın, çünki dərmanlara aludəçilik yarandığı üçün onların dozasını artırmaq lazım gələcəkdir. Bu yolla əsl sağlam yuxuya nail olmaq mümkün deyil.
Yuxugətirici dərmanların əvəzinə bir sıra zərərsiz vasitələrdən istifadə etmək axşamlar yatmazdan qabaq 1 stəkan ilıq təzə
südə 1 çay qaşığı bal qatıb içdikdən sonra bir parça qəndə 40 damcı pişikotu preparatı damcıladaraq sormaq daha yaxşıdır.
Xamırmaya dəmləməsi yaxşı yuxugətirici təsirə malikdir. 3 xörək qaşığı xamırmayanı 2 stəkan qaynanmış suda dəmlədikdən sonra 5 dəqiqə saxlayın, süzün, qənd qatıb ilıq halda icin.
Səhər yuxudan ayılan kimi yerinizdən qalxmayın. Bədəninizi düzəldib əllərinizi başınız istiqamatdə uzadaraq bir neçə dəfə dərindən nəfəs alın. Bir neçə dəqiqədən sonra səhər gimnastikası ilə məşğul olun.
1 xörək qaşığı mollabaşı çiçəyinin üstünə 1 stəkan qaynanmış su töküb 10 dəqiqə saxlayın, süzəndən sonra 1 çay qaşığı bal qatıb qarışdırın və acqarnına yavaş-yavaş için. Belə qarışıq sifətin rənginə son dərəcə yaxşı təsir göstərir.
Deyəcəksiniz bütün bu işlər üçün vaxt tələb olunur, hanı bizdə boş vaxt. Hər halda sağlamlığı, gəncliyi, təravət və gözəlliyi saxlamaq istəyən hər kəs bu deyilənlər üçün vaxt tapmaga səy göstərməlidir.
qadinkimi.com