İnsanın özünəməxsus fərdi xüsusiyyətlərə malik təkraredilməz varlıq olması məlumdur. Ona görə hər bir insan, özündən asılı olmadan, xüsusi münasibət tələb edir. Psixologiyada (latınca hərfi mənası "daxilə baxmaq”) İNTROSPESTARE metodu var. Bu yolla insan öz - özünü müşahidə etməklə öz duyğularını nəzarətdə saxlamaq bacarığı qazanır. Öz daxili mənəvi aləminə müntəzəm nəzər yetirmək əxlaqi şüurun ilkin şərtidi. Duyğularını daim nəzarətində saxlayan insan həmişə mənəvi saflığa, ülviliyə can atır. Bunsuz əxlaqca kamilləşmək də mümkün deyil. Jan Jak Russonun təbirincə "heç bir kəs insan həyatını onun özündən yaxşi təsvir edə bilməz”. İnsanın daxili vəziyyəti, yaşadığı sevinc, kədər, daxili sarsıntılar - həyatı bütövlükdə yalnız onun özünə məlumdur.
Hər bir insan öz pəncərəsindən baxar həyata və gördüyünün, ya da bildiyinin doğruluğuna inanar. Bir qisim özünü xoşbəxt hiss edər, biri əksini düşünər. Bir başqası "Heç kimsə məni anlamır”- deyər. Öz doğrularımızı sübut etməyə çalışdıqca bəzən kədərlənər, bəzən döyüşər, mübahisə, müzakirə edərik. Heç kimin ağlına, qarşı tərəfin yerinə keçib həyata onun gözüylə baxmaq gəlməz, gəlsə də istəməz, özünün haqlı olduğunu düşünər və buna görə anlaşılmazlıqlar, döyüşlər, ayrılıqlar olar. Əsəbiləşərkən bərkdən, qışqıraraq danışmamızın fərqindəsinizmi?! Ürəklər uzaqlaşar deyə səs tonumuz yüksələr, halbuki biri ilə mübahisə və ya fikir mübadiləsi edərkən özümüzü qarşı tərəfin yerinə qoyub hadisələrə onun baxış bucağı, qavramı ilə baxa bilərik. Haqlı və ya haqsız olması haqda düşünə bilərik. Beləcə qarşı tərəfi rahatlıqla anlaya bilərik.
İnsanın şüuraltısının dərinliklərindən bildikləri, dərk etdikləri, qavradıqları, gördükləri, hiss etdikləri zaman - zaman özünü büruzə verir. Dünyaya bir az ümidlə yaxınlaşsan, həyatın sənə gətirdiyi gözəlliklərə, sürprizlərə, rahatlıqla adaptasiya olarsan, asanlıqla uyğunlaşarsan. Səni düşünməyən, anlamaq istəməyən anlamazdan gələn insanlara əsla övkələnməməli, yanından ötüb keçsinlər deyə yol verməlisən. Şəfqət, mərhəmət dolu baxışlarla təbəssüm edib, həyatı dərk etməkdə yardımçı olduqları üçün illər sonra qəlbində təşəkkür edərsən onlara. Yaşadıqca anlarsan ki, ruhun hələ də uşaqdı, heç böyüməyib. Onu böyüməyə qoymayan kirlənməkdən qoruduğun təmiz hisslərindi. Ruhunun uşaq qalmasına icazə ver, əks halda dünyanın girdabında yaşamaq çox çətin olar, elə indi də çətindir, amma ruh dəyişilməzdi.
Tanrı tərəfindən hər bir canlının, xüsusən doğma olan insanın qəlbindən üzünə hopmuş işığı, nuru daha da işıqlandırmaq, aydınlatmaq üçün könül gözü ilə görmə səbəbi olmalıdı insanın.
Rəğbət, məhəbbət, xeyirxahlıq eqoizmi qovan bir duyğudu. Bunlarla ruh aləminə daxil olur, özümüzü başqa varlıqda hiss edir, sevincə sevinir, kədərə şərik oluruq. Sevən üçün bəxtiyarlıq, sevilən üçün xeyirxahlıq toxumu səpən bir qüvvə, fədakarlıq, öz qəlbini, düşüncəsini, beynini başqalarının səadəti uğruna sərf etmək ruhudu məhəbbət. İnsanda dürüstlük tərbiyə edildikdə dəyişməz, sadiq olar ailəsinə, duyğularına, ülviləşər, kamilləşər insan. Başqalarına rəğbətlə, məhəbbətlə yanaşırsa, qarşılıq gözləmirsə, ruhən, mənən yüksəlir, nəzərlərdə də böyüyür. Yaşadığımız həyata görə cavabdehik. Bizi əhatə edən aləm daxilimizi əks etdirirsə, həyatımızda nə baş verirsə, cavabdehik. Həyatımızın bizə gülümsəməsi üçün evvəlcə ona öz yaxşı əhval – ruhiyyə ötürək, sonra təmiz hisslərlə təmənnasız, əvəzində heç nə gözləmədən riyadan uzaq rəğbət və məhəbbətimizi əsirgəməyək. Həyatı sevək! Sevərək yaşayaq!
Yeganə İsgəndərova
psixoloq, jurnalist
qadinkimi.com