KİŞİ KİMİ
Rauf Xəyyam oğlu Cahangirov Tarix : 30 Sentyabr 2021, 03:38

Cahangirov Rauf Xəyyam oğlu avqustun 31-də Astaranın Maşxan kəndində anadan olub. Əfqanıstan müharibəsinin şəhidi Nizami Əliyev adına Maşxan kənd orta məktəbində təhsil alıb. 2015 - ci ildə orta təhsilini bitirib Lənkəran Dövlət Universitetinin Maliyyə fakultəsinə qəbul olunur. LDU-nun.2019-cu il məzunudur.

Həmin ildə həqiqi hərbi xidmətə yollanır. Həqiqi Hərbi xidmətdən sonra da narahat idi Rauf.

Babası Cahangirov Hacıvəli kişinin səsindəki həsrət ağlayırdı: Gələndən sonra deyirdi, dədə, elə bil avtomat çiynimdədi. Səfərbərlik olan kimi getdi. "Dədə o Xocalı faciəsinin qisasını almalıyıq” - deyirdi elə. Yanııram mən. Balamın həsrətini çəkirəm. Doymadım ondan. Özü getdi. Qalmadı, dedi qala bilmərəm. Torpaqlarımızı kim azad eləsin”

Beləcə getdi Rauf sentyabrın 21 –də - özü getdi. Könüllü getdi. Torpaqlarımızı namərd düşmənlərdən azad etməyə getdi...Qisasını aldı Rauf.

 

Atası Xəyyamın söhbətlərindən: Əla qiymətlərlə oxuyub Rauf. Çox çalışqan, sakit uşaq idi. Çox savadlı olduğundan Kaspi kurslarına dəvət etmişdilər işləməyə. Dedi "əsgər gedəcəm”.

Ayağının altı düz idi, onu əsgər aparmırdılar. Özü təkcə gedib həkim müayinəsinə, ona deyiblər "sən azadsan”. Hirslənib orda ki ”sizdən şikayət edəcəm”. Mənə sonra danışdı. Dedim qanun belədir, getmə. Dedi "olmaz, getməliyəm”. Həqiqi hərbi xidmətdən qayıtdıqdan iki ay sonra da səfərbərlik elan olundu, könüllü getdi. Zəngilandan, sonra Hadrutda gedirlər. Artıq Şuşa üzündə döyüşlər başlayanda noyabrın 1- də Rauf ayağından yaralanır. Onu Hadrut xəstəxanasına yollayırlar. Noyabrın 2--də isə 6 nəfər yaralını Füzuli xəstəxanasına aparır təcili yardım. Səbəbini bilmirəm, necə olubsa, səhvən Laçına gedir... Laçın isə o vaxt düşmənlərdə idi.. Bir xeyli bu yaralılardan xəbər çıxmadı. Hər yerə müraciət etdik. Müdafiə Nazirliyindən onların Laçında olduğunu öyrəndik. Elə də oldu. Laçın alınandan sonra tapdıq oğlumuzu. Yaralıların hamısını qətlə yetirmişdilər” – dedi ata.

47 gün sonra doğma kəndinə dönür şəhidimiz...

Asanlıqla "yararsız” adını ala bilərdi Rauf. Amma vətənə yarasız olmaq ona ağır gəlib. Vətənini tarixini yaxşı bilirdi Rauf. Bu tarix onu ağrıdırdı...

Cahangirovlar ailəsində iki oğlan və bir qız böyüyüb. Qardaşı Ramin Cahangirov da ali təhsillidir. Bacısı, sonbeşik Sənubər isə 8 - ci sinif şagirdidir.

 

Füzulidən başlayıb döyüşlərə ərənimiz. Cəbrayıl, Zəngilan, Hadrud, Xocəvənd uğrunda döyüşlərdə hədsiz igidliklər göstərib. Onun haqqında döyüş yoldaşlarının danışdıqları heyrət doğurur. "Nə qədər yaralını xilas edib Rauf. Qorxmurdu. Mina atılan səngərlərə belə gedirdi ki, birdən yaralı olar, birdən şəhid olar. Onları çiynində daşıyırdı. Üçüncü komandirləri şəhid olandan sonra Raufu komandir təyin edirlər. "Onun yaralanmaması da möcüzə kimiydi. "Odda yanmaz, suda batmaz” deyirdik ona. O qədər cəsur idi. Yaralandı amma. Biz onun şəhid olduğunu bilmirdik. Elə bilirdik ki, hospitaldadı, müalicə alır. Qələbədən sonra axtardıq biz də. İnanmırdıq ki, ona nəsə olar.- bunları dedi döyüş yoldaşı Emil.

 

No description available. 

 

Əmisi Yusifin sözlərinə görə Rauf tez-tez "mən erməniləri bağışlaya bilmirəm. Mən hərbiyə getməliyəm. Biz torpaqlarımızı düşmən əlində qoya bilmərik. Mən artıq silahlardan istifadəni bilirəm. Silahı yerə qoymaq zamanı deyil” - deyirdi. Beləcə getdi. Özünə belə xoş idi, belə rahat idi.

 

Ali Baş Komandanın sərəncamı ilə "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunan Rauf torpaqları işğalda olan hər bir vətənsevdalı kimi narahat yaşayırdı. Rahatlığını, xoşbəxtliyini işğal olunmuş ərazilərimizin azadlığında görürdü.

Ona görə də indi rahatdı, xoşbəxtdi Rauf Xəyyam oğlu Cahangrov.

 

 

Kamalə Abiyeva qadinkimi.com