YAZI / DÜŞÜNCƏ
Ramin Hacılı - Həbsxanada üç saat iyirmi dəqiqə (İkinci Mahmudun kitabına reaksiya) Tarix : 19 Sentyabr 2018, 12:25
Yazar : Qadinkimi.com
86 gündür həbsdəyəm. Kameramızda oxuyub-yazmağı bilməyən üç nəfər var. Təsəvvür edirsiz, doqquz nəfərik, bu doqquz nəfərdən üçü hərfləri tanımır. Bir daha əmin olursan ki, təhsil insanı cinayətdən daha uzağa – göylə əlləşməyə, cəza isə daha yaxına – keçmişin pis üzü ilə tanışlığa sövq edir. Sən bu keçmişlə yaşamalısan. Bu barədə çox yazmaq istəmirəm. Çünki İkinci Mahmud "Tualet kağızı” kitabında elə mənim də ürəyimdən keçənləri yazıb, onunla tamamilə razıyam, bircə əlavəm var: yaxşı ki, həbsxanalarda oğru qaydaları işləyir, yoxsa ədaləti məhbuslar arasında tənzimləmək çox çətin olardı. Yeri gəlmişkən, oxumağı bilməyənlərə hərfləri öyrətmək, ingiliscə mütaliə etmək də gündəlik planlarıma daxildir, həftəyə bir kitabı oxuyub bitirirəm. Sağ olsun xatunum Aysel Əlizadə də məni kitabsız qoymur. Artıq nəzarətçilər də gecələr vaxtlarını kitab oxumaqla keçirirlər. Oxuduğum kitablar arasında ən çox bəyəndiyim Ceyms Coysun "Dublinlilər” hekayələr toplusu oldu, amma İkinci Mahmudun üç essesi mənə daha doğma gəldi. Qərara aldım ki, bu esselərə öz münasibətimi bildirim. Əvvəlcə bir məqamı qeyd eləyim: onları, Mahmudun dediyi kimi, 2 saat 36 dəqiqəyə yox, 3 saat 27 dəqiqəyə oxudum.

Təəssüf ki, kitab keyfiyyətsiz şəkildə çap olunduğundan, tez sökülür, oxuyub bitirdikdən sonra onun səhifələrindən tualet kağızı kimi istifadə etmək də olar. "Bu, yaxşı haldırmı” soruşursaz, "yox” deyərəm və nəşriyyatlarımızı poliqrafik baxımdan daha yüksək keyfiyyətdə kitablar nəşr etməyə səsləyərəm.
Mövzuya qayıdım. Bu esselər informativ, intellektual axtarışda olanlar üçün beyin gimnastikası rolunu oynaya bilər. Amma mən ilk olaraq Mahmudun "27 maya qədər hətta Rəsulzadə özü belə istiqlaliyyət barədə düşünməyə cürət eləməmişdi” fikrinə münasibət bildirmək istəyirəm.

Əzizim, Rəsulzadə hələ gənc ikən 1905-07-ci illərdə ümumRusiya inqilabında, 1907-ci il Güney Azərbaycanda Səttarxan hərəkatında, 1911-1912-ci illər Osmanlıdakı Gənc türklər inqilabında iştirak etmiş, inqilabçılıqla nəyə nail olmağın mümkünlüyünü dərk edən praqmatik siyasətçi idi. Və düşüncələri onu qorxudurdu...

Baxın, Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan edildi. Başqa ölkədə elan olunan dövlətin Bakısı, İrəvanı, Qubası, Şamaxısı, Qarabağı silahlı dəstələrin əlində idi. Özü də həmin dəstələr ermənilərdən tapşırıq alır, düşmən maraqlarına xidmət edirdilər. Cümhuriyyəti elan edən Azərbaycan ziyalıları, ictimai xadimlər Gəncəyə gəldilər. Orada paytaxt yaratmaq, dövlət ənənəsi qurmaq təşəbbüsü alınmadı. Gəncəni silahlı ermənilərdən qoruyan mərd kişilər ümumdövlət şüuruna yox, məhəlli şüura malik idilər. Demokratik dəyərlərdən danışan intellektualları onlar özlərinə rəhbər qəbul etmirdilər. Osmanlı ordusu da yardıma gələndə ilk iş Gəncədə dövlətləşmə prosesini tamamlamaq oldu. Bəs Osmanlı hərbiçiləri gəlməsə idi, Cümhuriyyət harada və necə qurulacaqdı? Azərbaycan əraziləri necə azad ediləcəkdi?

Hə, bir də, Rəsulzadə dəqiq bilirdi ki, Osmanlı sonadək Azərbaycana yardım edə bilməyəcək. Birincisi, Dünya Müharibəsini uduzmuşdu və təbii ki, yeni dünya düzəni ilə bağlı qərarverici tərəf deyildi. İkincisi, Gənc türklər hərəkatında iştirak etmiş şəxs kimi Osmanlıda yeni dəyərlərlə yenidənqurma prosesinin başlayacağını anlayırdı. Əbəs yerə deyil ki, Osmanlı ilə cümhuriyyətçilərimiz arasında ciddi fikir ayrılıqları yaranmışdı. Bunu yeniliklər ənənəvilik arasında fərq kimi xarakterizə etsək, yanılmarıq. 

Bu arada şimalda daha ciddi təhlükə hələ də qalmaqda idi. Təkcə Denikinin ordusu Azərbaycanı bir həftəyə işğal edəcək gücdə idi. Rəsulzadə Qafqaz Evi təklifini də bu səbəbdən etmişdi. Qafqazdakı üç zəif dövlət, müstəmləkəçilik ənənələri olan istənilən imperiya üçün hazır yemdi. Ermənilər və gürcülər Qafqaz evi iddiası ilə ona görə razılaşmadılar ki, çox keçmədən bütün sahələr üzrə idarəçiliyin  azərbaycanlıların əlində olacağını bilirdilər... 
Təbii ki, bu xatırlatmalarım tək yazarımız Mahmuda ünvanlanmayıb, həm də "Rəsulzadə İrəvanı niyə ermənilərə verdi?” deyənlərə aiddir. Bəli, Rəsulzadə Azərbaycanı ermənilərdən aldı, Bakını azad edib, paytaxta çevirdi və yoxdan bir cümhuriyyət qurdu. İrəvanı və Qarabağı ermənilərdən təmizləmək üçün 1920- ci ili gözləmək, ordu qurmaq, dövləti formalaşdırmaq lazım idi. Düzdür, dəqiq xatırladız, sovet ordusu şimaldan Azərbaycanımıza hücuma keçəndə bizim yeni formalaşmaqda olan ordumuz Qarabağda erməni separatçılarını zərərsizləşdirirdi.

Mahmud haqlı olaraq qeyd eləyir ki, islam dininin hakim olduğu yerdə sərvət daha çoxdur, amma həmin xalqlar xoşbəxt deyillər. "Sərvətsiz Avropada xoşbəxtlik var” deyib, "xammal bəla gətirir” fikrini aktuallaşdırır, lakin səbəbini izah etmir. Bunun cavabını neorealistlər 1950- ci illərdə veriblər. Ən zəngin qitə Afrikadır, ən kasıbı Avropa. Xoşbəxtlik ikincidədir. Afrikaya bədbəxtliyi xammal gətirib. Xammal hesabına xoşbəxtlər ölkəsi də yaratmaq olar – Avstraliya buna misaldır. İmperialistlər Afrika və Amerika kimi, Avstraliyanı da dişlərinə vurublar. Demək, cənab Makiavellidədir: "İnsan insanın qurdudur”. Ədalət insanı sivilləşdirə və xoşbəxt edə bilər. İnsanlar arasında ədalətli bölgü olsa, bərabər yaşayış mümkündür. İnsan ədalətsizlik nəticəsində başqasının daha yaxşı yaşadığını  görürsə, yırtıcılaşır və bu hal kütləviləşincə düzən pozulur. Afrikadakı kimi olur. Bəzən deyirlər ki, Liviyada hökmdarlar insanlara hər şey verirdi və sair. Ola bilər, ölkədə qiymətlər ucuz idi və ya yaşam üçün minimal səbət təmin olunurdu. Amma ümumi gəlirdən daha çox tiran Kaddafi və benqazili xanımı pay götürürdü. Başqa tayfalar da haqlı olaraq buna etiraz etdilər, "ədalət olsa, daha çox şeyə sahib olarıq” düşündülər...

Bu arada, Mahmud, yaponlar barədə düz təsbitdədir. Zəkası və müşahidələri də sayğı doğurur. Əminəm ki, təcrübəsini yalnız oxumaqla yox, görməklə də tamamlasa, oxucuya daha geniş üfüqlərdən xəbər verəcək. Öz balalarının başını yeyən inqilablardan diksinən andan bəri inanıram ki, inkişaf təfəkkür inqilabından asılıdır. Dünyəvi dəyərlərimizi yaradan və yaşadan maarifçilərimiz olub. Bu gün də yazarlarımız proseslərin episentrində nə qədər çox olarsa, o qədər dünyəvi olacağıq, o qədər çağdaş mühit yaranacaq, bir o qədər inkişafa meyilli olacağıq.
Mahmud, Şah İsmayıl Xətai həyatının son illərində qələmə daha möhkəm sarıldı. Daha çox şeir yazdı. Çünki qardaşına məğlub olmuşdu. Qisas almaq da... Kimdən? dindaşından? Ya dildaşından? 

Məni Xətai barədə araşdırmağa da elə bu məqam sövq etdi. O, qılıncı yerə qoyub, sözə (oxuyun: düşüncəyə) güvəndi. Şah qılıncın verdiyi gücün düşüncəni neytrallaşdırdığı qənaətinə gəldi. Əgər söz daha aktual olsa idi, nə peyğəmbər davamçıları bir-birinin qolunu kəsərdi, nə də Çaldıranda bu pis ənənəni davam etdirilərdi.

Sonda: gənc yazarlardan kitablarını mənə göndərmələrini xahiş edirəm. Yazdıqlarınız hər zaman ruhumu oxşayıb. Sadəcə, zaman tapıb, fikir bildirə bilməmişəm. İndi bunu sevə-sevə edərəm. Yeri gəlmişkən, hazırda Sahilə İbrahimovanın "Aşağı və yuxarı ətraflar” kitabına başlayıram. Yazımın növbəti "qonağı” elə Sahilə xanım olacaq.