BURA / ORA
Qutulardan çıxın. Dünyada Velosiped Günüdü Tarix : 03 İyun 2019, 18:25
Yazar : Qadinkimi.com
Bu gün Dünya Velosiped Günüdü.  Hər il iyunun 3-ü olduqca gərəkli bayram kimi keçirilir (World Bicycle Day). Bu gün BMT-nin Baş Assambleyasında 2018-in aprelində təsis edilib. 56 dövlət dəstəkləyib. Bu günün təklifini isə Türkmənistan verib.
 
Velosipedin unikallığını, qədim tarixini, çoxfunksiyalı olmasını qeyd edərək, əlverişli, uyğun qiymətə, gərəkli və yığcam olan bu miniyin günü olmasını BMT birmənalı şəkildə dəstəkləyib. 

Ekoloji təmiz minik növü olması, ətrafa ziyan verməməsi, sağlamlığa faydası,  təkcə minik yox, həm də idman növü olması da bu günü təsis etməyə səbəb olub. Velosiped Günü dünya insanına çağırış xarakteri daşıyır: "Pullarınızı bahalı avtomobillərə, borc-xərc edərək cibinizə uyğun olmayan miniklərə verməyin. Bunun yerinə həm təbiətə, həm insan sağlamlığına ziyan verməyən minikdən istifadə edin". 2015-də BMT-nin sağlam inkişaf proqramına uyğun gələn bu təklif dövlətlərin bəyənməsinə səbəb olub. 

Velosiped 200 ildi var. İlk ikitəkərli velosu Prikamskiy torpağının sakini usta Yefim Mixeyeviç Artamonov düzəldib. Miniyin konstruksiyası elə davamlı olub ki, usta onunla çətin bir səyahət gerçəkləşdirib(10km/s).
 
1801-ci ildə Uraldan Peterburqa qədər I Aleksandrın koronasiyasına yol alıb. Elə orda da imperator üçün velosipedinin prezentasiyasını edib. Velosipedin yaranma tarixi isə 31 may 1868-ci il hesab edilir. Bu tarixdə Parisin Sen-Klu rayonunda 2000 metrlik yarış keçirilib. 
 
 

Foto: wikipedia.org

Tarixi boyu təkərli minik çeşidli modifikasiyaya uğrayıb. Böyüdülüb, kiçildilib, təkərlərin ölçüsü dəyişib, qadın velosipedçilərə, uşaqlara, yaşlılara uyğunlaşdırılıb. Yeri gəlmişkən, velosiped istehsalatı başqa minik növlərinin texniki bazasının formalaşmasında da böyük rol oynayıb. İlk növbədə moto və avto miniklərin. 

Bu gün çeşidi göz oxşayan bu minik növü əsasən üç sferaya bölünür: 

 

1. İnsan və yük daşımaq vasitəsi kimi. Məsələn, poçt xidməti, tibb işçiləri, kənd təsərrüfatı; Bəzi ölkələrdə polislər də patrul xidmətində ondan istifadə edir. Asiya ölkələrində isə ucuz olduğu üçün yol getməkdə istifadə edilir. 

2. Sport velosipedləri. İndividual və kollektiv idmanlarda istifadə edilir. Olimpiya idman növü sayılır. Beynəlxalq marafonlarda, ralli və yarışlarda iştirak edən idmançılar üçün velosiped növü var; 

3. Əyləncə və məşğuliyyət kimi.

 


1 may paradı 1938 (foto: wikipedia.org)

Bəzi ölkələrdə velosiped çox yayğındı. Bəzi dövlətlərdə isə milli gediş növüdü. 

BMT boş yerə bu günü təsis edərək onun propaqandasını aparmağı xahiş etməyib. Sağlam inkişaf, uşaqların, gənclərin sağlam həyatı, sosial inteqrasiya, qarşılıqlı anlayış, bədən tərbiyəsi, təmkin öyrənmə kimi dünyavi mədəniyyətin formalaşmasına inanıb. Dövlətləri bu minik növünü yalnız idman və sağlamlıq növü kimi deyil, gedişdə istifadəsinin artması üçün təbliğ etməyə çağırıb. 
Dünya təşkilatı velosipeddə getmək mədəniyyətinin formalaşmasını vacib sayır. Nasional və subnasional vərdiş kimi yaymağı doğru bilir. 

Demək lazımdı ki, velosipeddən istifadə siyasəti çoxdan aparılır. Velosiped yolları çəkilir, ayrılır, xüsusi dayanacaqlar yaradılır. Hətta yaxınlıqdan istifadə üçün kredit kartı ilə arendaya verilən velosiped parkları var. Yaxınlaşıb ödəniş edirsən və sürüb çatdığın yerdə yenidən istənilən yaxın parkingdə qoyub gedirsən.

Dövlətlər bunu ən çox ekoloji təmizlik üçün edir. Dünya təşkilatları aldığımız havanın qayğısına qalır. İnkişaf etmiş ölkələrdə işə velosipedlə gedən dövlət rəsmisi, universitet rektoru və s. görmək adi haldı. Gözlənilir ki, velosipedin ciddi təşviqatına aktivistləri, fləşmobçuları da cəlb edəcəklər. Master-klasslar təşkil olunacaq. Dünya insanı artıq bağlı dəmir və ağır mexanizmlərin içindən çıxıb sadə və sağlam həyat sürmək istəyir. 

 


qadinkimi.com