SƏNƏT
Qısa hekayələr silsiləsindən - Firuz Mustafa Tarix : 11 İyun 2020, 21:35

TƏBƏSSÜMLÜ FOTOŞƏKİL.NEKROLOQ


İşdən çıxan kimi fotoqrafa baş çəkdi. Şəklini çəkdirdi. Qəzetdə haqqında məqalə gedəcəkdi. Məqalə müəllifi olan gənc və gözəl xanım ona demişdi ki, çalışın şəkildə gülümsəyəsiz.
O, özü yaxşı bilirdi ki, qaraqabaq adamdır. Çox nadir hallarda eyni açılır, üzü gülür. Amma bu gün haqqında məqalə yazan həmin o gənc və həm də gözəl xanımın xahişinə əməl etməyə çalışdı. Fotosalonun ortasında qoyulmuş kresloya əyləşəndə özünü ələ aldı, ciddiyətli ədasını atıb gülümsədi. Özü də bilirdi ki, bu, ürəkdən gələn gülüş və ya təbəssüm deyil. Fotoqrafın əlinin altındakı düymə şaqqıldadı, ani olaraq onun üz-gözünü bir işıq küləyi dalayıb keşdi.


Fotosunu əlinə alıb baxanda az qala heyrətlənəcəkdi; ilahi, dodaqlarına qonmuş təbəssüm, lap elə bir az saxta olsa da, ona necə də yaraşırmış. Heç şübhəsiz ki, bu şəkil onun barəsində məqalə yazmış o gözəl, gənc xanımın da xoşuna gələcəkdi...
Fotoşəkli qızın işlədiyi qəzetin ünvana göndərdi.


...Səhərisi gün həmin şəkil populyar qəzetin son səhifəsində qara çərçivədə, nekroloq yazısında, daha doğrusu nekroloq yerinə nəşr olundu. Onun gülümsər çöhrəsi necə də nurlu idi.

 

Firuz Mustafa

 

qadinkimi.com