Balaca uşaqlar qışqırıqla bir oğlanın dalınca qaçırdı. Onlara çatıb nə baş verdiyini soruşdum. Oğlanın bir pişik balasını cığala torbaya qoyub içinə su doldurub boğduğunu dedilər. Qaçıb torbanı əlindən aldım, izah etdim. Yazıqdı, ölər axı, sənlə belə etsələr necə olarsan? Aqressiv deyildi, heyrət içində susub üzümə baxırdı. Anası həyətdə qadınlarla söhbət edirdi. Yaxınlaşıb həyəcanla oğlunun əməlini çatdırdım. Kefini pozmadan, "əşşi, uşaqdı da, oynayır” dedi. Soyuqqanlı davranışına mat qaldım. Gedərkən ayaq saxlayıb geri döndüm: İndi gücü pişik balasına çatır. Sabah gücü insana çatanda nə olacaq?
Belə uşaqlar mütləq qatil olur anlamına gəlmir. Yetişdiyi ortamdan, qarşısına çıxan insanlardan, cəmiyyətindən də çox şey asılıdır. Ola bilsin ki, böyüdükcə mərhəməti tanıyacaq, etdiyini xatırlayıb üzülüb utanacaq.
2 vur 2 qədər sadə həqiqətdi. Qəddar insanlar qəddar cəmiyyətdə formalaşır. Humanist insanların içində vəhşilər çox yetişmir. İnsanlar bir-birini təkrarlayır. Bir yerə zibil at, günlər sonra görəcəksən ki, ora tullantıyla dolub. Sivil ortamda yaşamırsansa…
Sinif yoldaşlarına qarşı amansızlıq edən həmin qızlara buradan bağıra, söyə, radikal şüarlar yaza bilərik. Və? Bu qızlar daha çox yetişdikləri ortamın siqnalıdır. Orada nəsə qaydasında deyil, məktəbdə, evdə, ərazidə, hardasa irin var. Onu tapıb sağaltmağımız gərəkdir. Uşaqlar cəmiyyətlərini yamsılayır. Uşaq mövzusunu ilk pilləyə qaldırmadan cəmiyyət düzəlməz. Uşaq siyasəti, uşaqlarla davranış, uşaqların yanında davranış bunlar təməldir. Sondan başlamaq absurddu, əvvəldən başlayarlar.
Gözəl bir türk şairəsi var: Didem Madak. Belə ifadə edib: Bizim sinifdə əsasən varlı və ərköyün uşaqlar oxuyurdu, bir də fəhlə oğlu vardı. Həmişə ona sataşıb, əzab verirdik. Bir soyuq qış günündə su qabımızdakı suyu onun başına tökdük, həmin an onunla üz-üzə gəldim. Gözləri qapqara və böyük idi. İçindəki ağrını gördüm. Mənim üçün şeir yazmaq onun gözlərindəki o böyük, qara ağrıdan üzr istəməyin bir yoludur.
Uşaqları poeziya ilə, musiqi, zərafət, mənəviyyatla tanış edək. Bəlkə bir gün…
Aysel Aydın Alizada
qadinkimi.com