Əvvəllər bu qədər doğma olduqlarını bilmirdilər. Vaxt keçdikcə hər şeyi tədricən anlamağa başladılar. Demə, bacı-qardaş imişlər.
Onlar bir-biri ilə səssizcə, yalnız özlərinin başa düşdüyü bir didə "danışırdılar”. Qardaş çox dəcəl idi, dinc durmağı xoşlamırdı. Bacı isə öz sakit "hücrəsində” dincəlməyi sevirdi. Qardaş öz bacısı üçün nəsə xoşagələn bir şey etmək, ən azı ona iltifat göstərmək, onun qulluğunda durmaq istəyirdi. Amma hələlik bunu bacarmırdı. Daha doğrusu, buna imkanı çatmırdı. Onlar qonşuluqda, lap elə birlikdə olsalar da hələ əl-ələ tutub üz-üzə dayana bilmirdilər. Hərəsinin öz aləmi, öz "yuvası” vardı. Ama ikisi də doğma və yaxın olduqlarını daim hiss edirdilər.
Onlar hiss edirdilər ki, haradasa, bir qədər uzaqda, hələlik onların səsi çatmayan daha geniş, daha işıqlı bir aləm var.
Onlar əmin idilər ki, günlərin bir günü həmin o geniş aləmə çixacaq, həmin o işıqlı dünyaya qədəm basacaqlar. Deyəsən, o gün yaxınlaşmaqda idi. Onlar tələsirdilər. Onu da əvvəldən duyurdular ki, o geniş, o işıqlı aləmdə onları gözləyənlər var.
Son vaxtlar onların isti, ilıq "yuvasına” bir soyuqluq çökməkdə idi. Düzdür, onlar hələ isti-soyuğun nə olduğunu düz-əməlli bilmirdilər. Amma öz kiçik vücudları ilə hiss edirdilər ki, onların həvəslə, həsrətlə gözlədikləri işıq get-gedə uzaqlara çəkilməkdədir. Sanki kimsə o işığı oğurlamaq istəyirdi. Onlarsa bu işıqsız yaşaya bilməzdilər.
...
- Onu rədd elə getsin.
- Vallah, ürəyim gəlmir.
- Üçü var, bəsimizdir. Biri də bu yandan gəlmək istəyir. Kimdir onu saxlayan? Ağır zəmanədir, çörək çatdırmaq olmur.
- Allah yaratdığının ruzisini özündən qabaq verir.
- Boş-boş danışma. Burada Allahlıq bir iş yoxdur. Dedim, rədd elə getsin...
- Altı aylıqdır...
- Lap olsun doqquz aylıq.
- Yekə uşaqdır... Ürəyimin altında tərpənir... Lap nəfəsini də hiss edirəm...
- Nə olsun ki?
- Mən onu məhv edim? Öz uşağımın, öz bətnimdəki körpənin qatili olum? Allah bunu bağışlamaz mənə...
- Yenə başladın? Yenə Allah-bəndə sönbəti?
- Axı...
- Mənasız şeylər danışırsan, vallah. Hazırlaş, sabah qonşunun maşınında aparacam səni şəhərə. Orada tanış həkim var. Doğrayıb atsın...
- Günaha bataram...
- Nə günah? Bəyəm təkcə bizik bu cür günaha batan? Bəyəm görünməmiş işdir? Bunu hamı eləyir ki... Onda bütün dünya günah içindədir ki... Yaxçı ki, bu barədə cinayət məcəlləsində bir şey yoxdur. Bəlkə də var, mənim xəbərim yoxdur... Hazırlaş. Sabah gedirik...
- Axı..
.
- Axısı-zadı yoxdur. Bizim nəyimizə lazımdır bir çətən külfət? Elə uşaq doğub-törətmək bu kasıbların alnına yazılıb deyəsən. Bax gör bu varlıların, milyon qazananların neçə uşağı var? Bir ya, uzaqbaşı, iki... Amma bu kasıb bədbəxt... Mənim böyük külfəti saxlamaq imkanım haradandır? Fəhləyəm, daşyonanam, nazir-zad deyiləm ki... Bir əlimə bax, gör nə gündədir, lap yonulmamış daş parçasına oxşayır...
- Sən məni anlamaq istəmirsən...
- Sən də məni...
...
Soyuq. Zülmət. Sükut.
Əvvəllər hiss edirdilər ki, onları duyan, onları bir qədər, uzaqdan da olsa belə, oxşayan bir əl var. İndi bu əl də soyumuşdu sanki.
Bacı öz aləmində idi: o, özünün sakit "yuvasında” arın-arxayın "dincəlirdi”.
Qardaş nəsə narahat idi: onun dincəlmək fikri yoxdu, ətcəbala quş kimi çırpınırdı.
Bir dəfə boğuq bir uğultu eşitdilər. Sanki onları harasa, uzaq, uzaq olduğu qədər də qararanlıq bir yerə aparırdılar. Onlar, qardaş və bacı, işığa çıxmaq istəyirdilər. Bəs harada idi o işıq? Niyə görünmürdü? Əksinə, onlar zülmətə doğru üzürdülər. Onların hər ikisi yerlərində tərpənməyə başladılar...
Sonra uğultu kəsdi...
Yenə sükut.
Az sonra inilti eşidildi.
Uzaqda soyuq bir şeyin işıltısı duyuldu. Yox, bu, onların çoxdan bəri gözlədikləri işıq deyildi. O soyuq işıq, o soyuq parıltı özü ilə nəsə bir fəlakət gətirməkdə idi. Bu, lap aydın hiss olunmaqda idi.
Onların canından bir üşütmə keçdi.
Qardaş bir zaman öz bacısı üçün nəsə etmək, ona nəsə özünün də bilmədiyi xoş bir iltifat göstərmək istəyirdi. Deyəsən, indi bunun vaxtı gəlib yetişmişdi.
İnilti get-gedə artmaqda idi.
Onun öz bacısına "kömək etmək” zamanı yetişmişdi. Bacısının qorxuya düşdüyünü aşkarca hiss edirdi. Qız "yuvanın” lap "dərinliyinə” çəkilmişdi. Qardaş onu sanki yaxınlaşan müdhiş fəlakətdən qorumaq üçün irəliyə doğru dartındı. Hər necə olsa da o, özünü bacısından qoçaq və cəsarətli hesab edirdi.
İndi inilti qışqırığa çevrilmişdi.
Soyuq parıltı yaxınlaşmaqda idi.
Hər tərəf qırmızı rəngə boyanmışdı. Onlar rəngləri hələ tam aydınlığı ilə seçə bilməsələr də hiss edirdilər ki, bu, onların çoxdan bəri gözlədikləri işığın gəngi deyil. Bu, nəsə başqa işıq idi. Əslində, bu, soyuq işartının gətirdiyi bir rəng, qan rəngi idi. Bu, lap yaxında olan, onlara doğru sürünən fəlakətin rəngi idi.
İndi onlar, qardaş və bacı, əl-ələ verib bu qaranlıq aləmdən xilas olmaq istəyirdilər, amma onların əlləri bir-birinə çatmayırdı.
İndi onlar ağız-ağıza verib qışqırmaq istəyirdilər, amma onların səsi bir-birinə yetməyirdi.
Soyuq parıltı əvvəlcə onun, qardaşın sinəsinə dirəndi. Nəsə xırçıldadı.Qardaş lap "dərinliyə” çəkilmiş bacısının çırpındığını aydınca hiss edirdı.
Daha sonra bu soyuq işartı dərinliyə, bacının sığınıb titrədiyi "yuvaya” doğru sürünməyə başladı...
Bayaqkı qışqırıq və iniltini hıçqırıq əvəz etmişdi...
...
- Yox, Allah bu günahı bağışlamayacaq...
- Yenə də Allah? Allahına şükür et ki, sağ-salamat qurtardın. Bu mənasız fikirləri də başından at getsin...
- Ekiz imiş sən demə..
- Nə? Ekiz?
- Hə də... Biri oğlan imiş, o birisi qız... Həkim əvvəlcə oğlanı götürüb. Sonra bilib ki, biri də var. Qız... Bizim üç oğlumuz var, mən həmişə qız arzulayırdım. Bacısız da qardaş olar? Biz bacı-qardaşı məhv elədik. Mən indi özümü cəllad yerində görürəm. Mən qatiləm... İki adamın qatili...
- Bəs indiyəcən bunu hiss etməmişdin?
- Nəyi?
- Onların cüt olduğunu?
- Yox... Bir də ki, indi bunu bilməyin nə mənası var ki?..
- Yox ey... Bir var birini rədd edəsən, biri də var iksini birdən...
- Nə fərqi var ki? Mən qatiləm, qatil... Ya birinin qatili oldun, ya da ikisinin...
- Görən onları harada dəfn edəcəklər?
- Dəfn? Bəyəm bətndə məhv edilən uşaqları dəfn edirlər ki?..
Hər tərəfə soyuq bir sükut çökmüşdü.
Firuz MUSTAFA
Qadinkiimi.com