YAZI / DÜŞÜNCƏ
Qatarın altına düşən adam "gün üzünə" çıxdı Tarix : 19 Avqust 2020, 09:52

Üç il öncə baş verib sizə danışacağım bu kədərli əhvalat. Nə danım, başıma gəlməsəydi, özüm də inanmazdım danışdıqlarıma.
Soyuq qış günlərinin biri idi. Dəqiq xatırlamıram, harasa tələsirdim, avtobusla getsəm, gecikəcəkdim. Ən salamatı metro idi. Bir az soyuq, bir az da tələskənlik qovub metroya saldı məni. Tələsik kartıma gediş haqqı yükləyirdim ki, arıq bir kişi yaxınlaşdı. Lal-dinməz titrəyən əlini mənə sarı uzatdı. İlk əvvəl elə bildim, dilənçidi. Sonra gördüm ki, yox, adamın ovcunda siması rəngdə nimdaş bir iyirmi qəpik var. "Olarmı mən də keçim?"-  soruşdu pıçıltı ilə. Əlimlə işarə eləyib qəpiyi aparata atmasını istədim. Əlləri əsə-əsə qəpiyi aparata atdı. Düz iki dəfə aparat qəpiyi götürmədi. Qəpiyi özünə qaytarıb, "Eybi yoxdu, qoy qalsın, keçərsən" - dedim, etiraz elədi. Üçüncü dəfə qəpiyi aparata daxil etdi, bu dəfə aparat qəpikdən imtina etmədi. Keçidə yaxınlaşdıq, kartı keçiddəki aparata yaxinlaşdırdım, indi də aparat kartı götürmədi, həm də düz iki dəfə. Əsəbiləşdim, kartı o biri üzünə çevirdim, bu dəfə keçidin yaşıl işığı könülsüz bərq vurdu. Bu işıq yaşıldan çox qırmızı işığa bənzəyirdi. Adam ayaqlarını sürüyə-sürüyə keçib getdi. Bir-iki addım atıb çevrildi, dodaqları əsə-əsə təşəkkür etdi. Ona "Dəyməz" deməyə dilim gəlmədi. Açığı, vicdanım yol vermədi buna. Bilmirəm, niyəsə mənə elə gəldi ki, adam son qəpiyini yükləmişdi mənim kartıma. Xülasə, biz dirilər ekskalatorla üzüaşığı-ölülərin qəbirlərindən aşağı düşürdük ki, gedəcəyimiz ünvalara vaxtinda çatıb könlümüzü şadlandırdaq, daha da xoşbəxt olaq.
Adam çox idi, o üzdən adami bir anlıq gözdən itirdim. Çox keçmədən alaqaranlıq işıqlar altında təkrar gözüm həmin adamı aldı. Qəribə də olsa, vücudunu kədər basmış bu adam ətrafdakı deyib-gülən qaramat adamların arasında köz kimi işıldayırdı.
Ekskalatorun ayağında o adamı sonuncu dəfə gözdən itirdim. Qaramat insan kütləsi var gücünü toplayıb bir andaca közərən adamı öz zülmətində dəfn elədi.
Gördüklərimi yuxu bilib, unutmağa çalışırdım ki, qatar gözləyən adamların arasına çaxnaşma düşdü. Kimsə "Aman Allah, kişi özünü qatarın altına atdı!", dedi. Allahı düçar olduğu bəladan-bəlaya yada salan insan oğlu, sanki bununla yaradanı əzəldən bildiyi hadisədən xəbərdar eləmək istəyirdi.
Qaramat kütləyə qoşulub platformaya tərəf qaçdım. Yaddaşım "balıq yaddaşına" dönmüşdü-bir neçə saniyəyə bayaqkı "yuxunu" unutmuşdum, indi başqa bir "yuxu" görməkdəydim. Adamları aralayıb qatarın altına düşən adamı görməyə can atdım, qaramat kütlə, məni yer üzündə nəfəs almaqdan başqa heç nəyə haqqı çatmayan yetim uşaq kimi, sinəmdən geri itələdi. Adamlara bərk qəzəbləndim, özümü yuxu gördüyümə inandırmışdım və heç kim mənə öz "halal yuxumu" aydın görməyə mane ola bilməzdi. Var gücümü toplayıb yenidən irəli şuğudum.


Mən qaramat kütləni yarıb önə çıxanda qatar geri çəkilirdi. Maşinistin göz yaşında bərk vuran işıq indiyəcən gözümün önündədir. Nəhayət, dəmir təkərlərin səhnəsi dəbdəbəli təqdimatlarda bahalı maşınların üzərindən götürülən ipək parça kimi götürüldü. Qatarın altına düşən adam "gün üzünə" çıxdı. Həmin adamıydı-bayaqkı közərən adam. İndi nə dodaqları əsirdi, nə də əlləri. Bu boyda müsibətin içində üzünə hardansa bir udum təbəssüm sızmışdı. Onu böyük qaramat insan kütləsindən fərqləndirən közərən işıq indi axan qanına qarışıb relslərin üstünə sərilmişdi. Bu getməkdə olan işıq, bir az da qaranlıq tuneldən gəlməkdə olan metronun relslərin üzərinə düşən işığına bənzəyirdi. Dünya məhvərindən çıxıb başıma yıxıldı. Daha doğurusu, başıma dünya boyda bir qapaz dəydi. Dal-dala çəkildim, elə bil adamı mən öldürmüşdüm. Qandal vurulmağa etiraz edən canilər kimi qollarımı bərk-bərk yanıma sıxdım. Ayaqlarım qatlandı, özümü taxta skamyada oturan gördüm. Sonra nə baş verdi, yadımda deyil. Onda özümə gəldim ki, vaqonlar əvvəlki kimi bir-birinin ardınca tunellərdən çıxıb, tunellərə girir. Dəmir təkərlər heç nə olmamış kimi qana qarışmış közərən işığı qaranlıq tunellərə daşıyır. Adamın özünü qatarın atdığı yerdə indi bir oğlanla qız qol-boyun qatar gözləyir. Oğlan ömrünün ən bəxtəvər çağını yaşayır. Qızın əlində tutduğu gül dəstəsindən qopan ətir relsdən qalxan qan iyini boğub ölümə məhkum etməkdədir...
Əlimi cibimə atdım, kartım abort ediləcəyini hiss edib ana bətninin divarlarına qısılan döl kimi cibimin bir küncünə qısılmışdı. Zəhərli ilan yumurtasından çıxmış ilan kimi kartı cibimdən çıxarıb relslərin üstünə tolazladım. Nifrətlə atdığım kart ürək ağrısıyla baxdığım közərən adamın qanı tökülən yerə düşdü. Sarsılmışdım, relslərə baxa-baxa dərin fikrə getmək istəyirdim ki, yekə qarın bir polisin qalın səsinə diksindim:


-Ay eşşək, o atdığın nə idi?! Bilmirsən ki, zibili platformaya atmaq olmaz?!

 

 

 

 


Taleh Mansur

 


 



qadinkimi.com